BİZİM NƏŞRLƏR

11.10.2018
Mərhəmətli və Rəhmli Allahın adı ilə! “İslam dinində qarşıya qoyulmuş əsas məqsəd insanı xoşbəxt etməkdir” – desək, yanılmarıq. Bəli, Allah Təala bütün dinləri, o cümlədən islamı bəşəriyyətin xoşbəxtliyi üçün göndərmişdir. Amma “Həqiqi xoşbəxtlik nədir; daimi xoşbəxtliyi nə təmin edə bilər?” kimi suallar tarix boyu insan zəkasını məşğul etmiş, indi də məşğul etməkdədir. Hər şeydən əvvəl qeyd edək ki, XVIII əsrdən etibarən, ələlxüsus Maarifçilik fəlsəfəsinin ideoloji formatını mənimsəmiş Qərb (Avropa) fikrinin diktəsi ilə maddi gəlirin çoxluğu və var-dövlətin artması xoşbəxtliyin başlıca meyarı olaraq təqdim edilib. Odur ki cəmiyyətin inkişafının güzəranlıq səviyyəsinin yaxşılaşması fonunda qiymətləndirilməsi bir qayda halını alıb. Amma dünyanın inkişaf etmiş ölkələrində aparılmış rəy sorğuları göstərmişdir ki, maddi rifah, gəlirin artması, yaxşı iş imkanları... heç də xoşbəxtliyi bütövlükdə təmin edə bilmir. Xoşbəxtlik indeksinin yüksəlməsi üçün zəruri sayılan mənəvi-əxlaqi tələbatlara laqeyd münasibət Qərbdə rifah həddinin əvvəlcə sabitləşməsi, sonra isə azalması ilə nəticələnir. Deməli, həqiqi və daimi rifah üçün bir cəmiyyətdə maddi tələbatları təmin etməklə yanaşı, mənəvi-əxlaqi tərəqqiyə diqqət yetirmək lazımdır. Dini-aksioloji dəyərlərdən sosial və ideoloji müstəvidə imtina etmiş dünyəvi cəmiyyətlərdə, eləcə də materialist-liberal dünyagörüşündə inkişaf modellərinin başlıca göstəricisi kimi iqtisadi-texnoloji və elmi tərəqqi çıxış edir. Təbii ki, məlum sahələrin inkişafı cəmiyyətdə müəyyən dərəcədə rifahı təmin edir, amma bu rifah tam deyildir. Belə cəmiyyətlərdə insanların yalnız maddi-elmi tələbatları nəzərə alındığından sırf maddi tərəqqi ilə rifah yaratmaq fəlsəfəsinə əsaslanan inkişaf modelləri müəyyən vaxtdan sonra əvvəlki kimi səmərəli olmur. Müasir dövrdə maddi cəhətdən korluq çəkməyən Qərb insanının düşdüyü mənəvi boşluq və kollektiv-sosial depressiya dediklərimizin əyani sübutudur. Dində, o cümlədən islamda isə inkişaf daha geniş məna daşıyır. Çünki din insana maddi və mənəvi tərəflərdən ibarət varlıq kimi yanaşır. Bu səbəbdən insanın xoşbəxtliyi üçün onun bütün maddi və mənəvi ehtiyaclarını təmin etmək zəruri sayılır. O da qeyd olunmalıdır ki, mənəvi tələbatları təmin etmək islam təlimlərində insan oğlunun başlıca hüquqlarından birini əmələ gətirir. Əgər biz şəriətin məqsədlərinə nəzər salsaq görəcəyik ki, islam dini bəşəriyyətin xoşbəxtliyi üçün maddi və mənəvi tələbatları vəhdətdə götürür. Əsas vəzifəsi bəşəriyyətə “fayda vermək” olan islam bu səbəbdən dini, canı, ağılı, var-dövlət və nəsli qorumağı başlıca məqsəd sayır. Bu məqsədləri həyata keçirmək imkan verəcəkdir ki, cəmiyyətdə əxlaqi, maddi və intellektual inkişaf, deməli, həqiqi inkişaf baş versin. Bir sözlə, din insanı xoşbəxt etmək üçün bütün imkanlardan istifadə edir ki, bu da onun fiziki və mənəvi tələbatlarını təmin etmək zərurətini ortaya çıxarır. İnsana fiziki və mənəvi komponentlərdən ibarət bir bütöv kimi yanaşmaq imkan verəcəkdir ki, xoşbəxtlik naminə bu komponentlərdən irəli gələn tələbatlar ayrı-ayrılıqda təmin edilsin. Əziz oxucu! Təqdim olunan bu kitab müasir iqtisadi, sosial və fəlsəfi təlimlərin əsas tədqiqat obyekti olan inkişaf anlayışından bəxş edir. Kitabda həqiqi inkişafın mahiyyəti, şərtləri və meyarları haqda danışılır. Müəllif göstərməyə çalışır ki, inkişafa birtərəfli, deməli, naqis yanaşmanın olduğu bir vaxtda islamın təqdim etdiyi inkişaf modeli bu boşluğu doldura bilər. Çünki islamda inkişaf dedikdə həm maddi, həm də mənəvi-əxlaqi tərəqqi başa düşülür. Müəllifə görə, şəriətin altı məqsədindən irəli gələn vəzifələri dövlət səviyyəsində planlı şəkildə icra etmək cəmiyyətin həqiqi və davamlı inkişafını təmin edəcəkdir. İnkişafın baş verməsində əhəmiyyətli rola sahib bəzi amillərə (ədalət, azadlıq, ailədə və cəmiyyətdə həmrəylik, mənəvi-dini dəyərlər, dini dünyagörüşü... və s.) toxunan müəllif həqiqi rifahın mahiyyəti və təminini “məqasid” konsepsiyası əsasında qənaətbəxş formada izah edə bilmişdir. Düşünürük ki, “İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında)” kitabı əziz oxucuların islam haqda təsəvvürlərini genişləndirəcək, bu dinin sosial tərəfini əyani şəkildə onların diqqətinə çatdıracaqdır.
11.10.2018
Dəyərlərin sarsıldığı, meyarların alt‐üst olduğu, ədalət, xeyirxahlıq və dözümlülük kimi məfhumlara aparan yolda süni maneələrin yaradıldığı bir dövrdə istilahların müəyyənləşdirilməsi, məzmun və mənalarının dəqiqləşdirilməsi hədsiz aktuallıq kəsb edir. Heç şübhə yoxdur ki, ümmətimizin düçar olduğu müasir problemlərin ən qəlizi və istər şəriət, istər ideoloji, istər rasional, istərsə də elmi nöqteyi‐nəzərdən sərhədlərinin müəyyənləşdirilməsi hədsiz aktuallıq kəsb edəni mötədillik məsələsidir. Çünki o, şəriətin yoludur və xeyir umulan istiqamətdir. Axı, ümmətin mədəni şahidlik statusu onun əsasında müəyyənləşir. İdeoloji proseslərin bir tərəfdən ifratçılıq və zorakılıq, digər tərəfdən isə təslimçilik və səhlənkarlıq arasında ləngər vurması İslam naminə bizi zədələnmiş məfhum və əyri mövqelər barəsində bir anlığa düşünməyə vadar edir. Məhz, bu səbəbdən Küveyt dövləti Vəqflər və Dini İşlər Nazirliyinin ideoloji və praktiki istiqamət kimi “mötədillik” prinsipinə böyük əhəmiyyət verməsi bu nazirliyin layihə və planlarında və bu istiqamət üzrə fəaliyyətində olduqca mühüm yer tutur. Ümmətimizin mədəni varlığının taleyinə işıq salmaq məqsədilə yaradılmış Ümumdünya Mötədillik Mərkəzi məhz bu qayğının səmərəsidir. Həmçinin, bu mərkəzin yaradılması müxtəlif sahələr üzrə dəvətçi və alimlərə metodoloji təlimlərin verilməsi sayəsində mötədillik proqramının daha da genişləndirilməsini, şəriətin sabit ana prinsiplərinə əməl edən, dövrlə səsləşən, səfləri möhkəmlədən, müştərək fəaliyyətə rəvac verən, fikir plüralizmini dözümlülüklə qarşılayan, mədəni inteqrasiyanın hüdudlarını genişləndirən, hər bir kəsin mənliyini qorumaq şərti ilə müsbət əməkdaşlığın tələblərinə cavab verən, dürüst, 6 ədalətli insani işbirliyinin cizgilərini müəyyənləşdirən dünya görüşünün formalaşdırılmasını məqsəd güdür. Alimlərin, İslama dəvət əhlinin və mütəfəkkirlərin birgə fəaliyyətinin məhsulu olan və “Mötədil ümmət” mövzusunda bir‐birini izləyən silsiləvi nəşrlər kökə bağlılıq və zəmanə ilə ayaqlaşmağı əsas götürən bir istiqamətin daha da genişləndirilməsinə yönəlmişdir. Bu silsiləvi əsərləri hazırlayanlar onun mədəni proseslərdə bir tarazlılıq yaradacağına ümid bəsləyir, kökə bağlı olmaqla yanaşı müxtəlif ideya və məfhumların yetişməsinə stimul olacaq fikir və rəy plüralizminin də vüsət kəsb etməsini arzulayırlar. Həqiqətən, Allah niyyətləri bilən və yol göstərəndir. Ümumdünya Mötədillik Mərkəzinin Baş katibi: İsam əl‐Bəşir
11.10.2018
Bu məqalə 1960-cı ildə Qahirədə nəşr olunmuş “İslam iqtisadiyyatı nəzəriyyəsi: fəlsəfə və müasir vasitələr” adlı kitabın xülasəsindən ibarətdir. Həm kitabda, həm də məqalədə islam nöqteyi-nəzərinin müsəlman cəmiyyətinin iqtisadi münasibətlərini necə tənzimləməsi mövzusuna toxunulmuşdur. Bu məqsədlə məqalədə islamın iki başlıca mənbəyinə: Quran və hədislərə müraciət edilmişdir. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yaşadığı dövrün sosial-iqtisadi mənzərəsinə nəzər saldıqda görürük ki, o, islam nöqteyi-nəzəri və dünyagörüşünü yürütdüyü iqtisadi kurslarla həyata keçirə bilmişdi. Bu iqtisadi kurslar islam nöqteyi-nəzərini və bu dinin məqsədlərini izah edirdi. Əgər həmin nöqteyi-nəzər və məqsədlər doğru şəkildə öyrənilərsə, onları müasir iqtisadi həyata tətbiq etmək mümkün olacaqdır. İslam dünyagörüşü və nöqteyi-nəzərini, dinin məqsədlərini obyektiv şəkildə öyrənmədən Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) təsis etdiyi iqtisadi modeldən fərqli modellərin tətbiq olunduğu müasir cəmiyyətlərdə islamın əxlaq təlimlərinə məna qazandırmaq çox çətindir. Bir neçə əsrdir ki, tədqiqatçılar yaşadığı dövrdə Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yürütdüyü iqtisadi kursun mahiyyətini öyrənməyi qarşısına məqsəd qoymayan hərfi metoddan istifadə edirlər. Hərfi yanaşma üsulunun uğur qazanması mümkün deyildir, odur ki islam nöqteyi-nəzərini cəmiyyətimizə uyğun şəkildə izah edə bilməmişdi. İslama dair müasir tədqiqatlarda analitik-sistematik və metodoloji üsul ciddi şəkildə tətbiq olunmur. Bu tədqiqatlarda əsas diqqət xırda məsələlərə verilir, müasir iqtisadiyyatın metod və anlayışlarına münasibətdə kompromisə gedilir, bank faizləri başlıca müzakirə mövzusu seçilir. Müəlliflər əsasən faiz mövzusuna toxunurlar. Bəzi hallarda elə güman edirlər ki, faizin qarşısını alıb eyni iqtisadi gəlir və stimulu təmin etmək üçün yeni alternativlər tapmağı bacarsalar, problemi həll etmiş olacaqlar. Yəni, bu üsulla müasir kapitalizm cəmiyyəti və sisteminə “islam” səciyyəviliyi kəsb etdirmək mümkün olacaqdır. Amma bu iqtisadçılar başa düşmürlər ki, faiz kapitalizmin vasitəsi və nəticəsi olaraq mövcuddur, onun səbəbi deyildir. Odur ki faizin qarşısını almaq üçün islam adına edilən bütün cəhdlər müsəlman cəmiyyətlərində sələmçilik probleminin həlli ilə nəticələnməyəcəkdir. Çünki islam dünyasına xas yeni sistem və həyat tərzi, reallığa uyğun islam nöqteyi-nəzəri və nümunəsi təqdim edilmir, – müəyyən problemlərin həlli və ya redaktəsi üçün edilən bütün cəhdlərin uğursuzluğa uğramasının səbəbi olaraq bunu göstərmək mümkündür. İndiki dövrdə bütün müsəlman ölkələrində fərdiyyətçi kapitalizm ideologiyası hökm sürür. Bu səbəbdən islama əsaslanan istiqamət və ideyaların natamam tətbiqi istənilən nəticəni vermir. Düzgün alternativ təqdim etmək və ya ədalətli sosial islahatlar aparmaq işində kredit faizlərini digər gəlir formaları ilə əvəzləmək cəhdləri uğurlu alınmır. Müqavilələrdəki faizlərə aid terminləri bir kənara qoysaq, onda möhlətli ödənişin olduğu satışlarda (hissə-hissə ödəməli satış) ödədiyimiz qiymət və faizlərə yenidən iqtisadi baxımdan nəzər salmış olacağıq. Məhz bu vaxt islam iqtisadiyyatı anlayışlarının natamam tətbiqindəki problem üzə çıxacaqdır. İqtisadi nöqteyi-nəzərdən, pul almaq əmtəə almaqdan daha münasibdir. Çünki pulda dinamiklik və dəyişkənlik vardır. Amma biz müasir islam hüququnda görürük ki, hər hansı bir əmtəəni möhlətli (hissə-hissə) ödənişlə satmaq halal olduğu halda, kredit götürmək və məbləği faiz olaraq ödəmək – hətta hissə-hissə satmağın xərcindən az olsa da – haramdır. Hər iki vəziyyətdə vaxtın (müddətin) dəyəri (qiyməti) öz əksini tapıb. Puldan müxtəlif formalarda istifadə etmək mümkün olduğu halda, əmtəədə başqa cürdür. Qəribədir ki, şəriətdə bu cür deyildir. Belə ziddiyyətli situasiyalarda konseptual konkretlik və aydınlıq müşahidə etmək çətindir. Müsəlman ölkələrində iqtisadi həyata və münasibətlərə dair islam nöqteyi-nəzəri yenidən öyrənilməlidir. Bu elə bir nöqteyi-nəzərdir ki, bütün problemləri kompleks şəkildə izah edir, ümumi anlayışları digər gizli amillərlə vəhdətdə götürür. Bu isə o deməkdir ki, müasir islam nizamını təsis etməyə qadir yeni düşüncə tərzi meydana çıxacaqdır. Məqaləmizdə qarşıya qoyulan məqsəd də elə budur. Hər şeydən əvvəl, məqalədə müraciət olunan metodologiya ilə əlaqəli üç problemə toxunmaq istərdik. Metodologiyada Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) sünnəsinə münasibətin xüsusiyyətləri haqında söz açılmışdır. Həmin üç problem aşağıdakılardır:
11.10.2018
Allaha Onun üstünlüyünü tanıyanların, ilahiliyini qəbul edənlərin həmd‐sənası olsun! Salam və xeyir‐dua Onun yaratdıqlarının ən şərəflisi, Onun dostlarının ən böyüyü olan Məhəmmədin, ailəsinin və onun yolu ilə gedənlərin üzərinə yetişsin! “Mötədillik (orta yol)” termini və izahı: “Mötədillik (orta yol)” termini süni mənanın geydirildiyi və doğru olmayan semantik çalarlığa məruz qalan istilahlardandır1 . Belə ki, bu istilah daima özünün əsil, həqiqi dini mənasından uzaqlaşdırılmış, düşüncədə, həyatda, nəzəriyyə və təcrübədə, dəyərlərdə, ölçü və metodlarda islami məziyyətindən məhrum edilmişdir. Həqiqi mənasından uzaqlaşdırıldığı üçün bu sözün nə üçün belə adlandırılması səbəbi naməlum qalmışdır. Məhz bu səbəbdən sözügedən kəlmənin həm lüğəvi həm də terminoloji mənasının aşıqlanması zərurəti ortaya çıxır: a) lüğəvi mənası: İbn Faris özünün “Məqayis əl‐lüğə” (Dilin meyarları) adlı kitabında bildirir ki, ərəb mənşəli və [VəSəT] kökündən törəyən bu söz məna baxımından “ədalət və doğruluğa dəlalət edən sağlam, səhih olan şey”i ifadə edir. Çünki bir şeyin doğru olanı onun orta olanıdır. Uca və Böyük Allah da bu barədə buyurur: “orta ümmət”. Həmçinin, “Filankəsin başının ortasından vurdum” deyildikdə ərəb dilində [vəsət] sözü işlədilir. Xalq, toplum sözləri ilə işlədilən [vəst] sözü isə o xalqın, toplumun əsl‐nəcabət və nüfuz baxımından üstünlüyünü göstərir. Eləcə də dilçi alimlərdən İbn Mənzur deyir: “Bir şeyin ortası onun iki tərəfi arasında olanıdır. Şair yaxşı deyib: Əgər səfər etsəm, məni ortalığa salın, Həqiqətən, mən böyüyəm və inad etməyə taqətim qalmayıb. Şerin mənası budur: “Yəni, məni ortaya salın və qoruyun. Qorxuram ki, əgər təkbaşına sizdən ya qabaqda ya da arxada getsəm, atım (dəvəm) buraxılar və məndən uzaqlaşar”1. Elə isə bir şeyin ortası onun ən üstün, ən yaxşı yeridir”2. Həmçinin, digər dilçi alim Firuzabadi deyir: “Orta olan ‐ hər bir şeyin ən yaxşısıdır. Bu səbəbdən Allah doğru buyurub: “Və beləliklə, sizi orta bir ümmət etdik”. Burada “ədalətli və xeyirli ümmət”
11.10.2018
Mәlum olduğu kimi, hazırda islam dünyasının dirçәlişi naminә bir çox iş görәn müәssisә vә tәşkilatlar mövcuddur. Onlar islam elmlәrinin tәbliği ilә mәşğul olur, insanların düşüncәlәrini formalaşdırır, qәlblәrin doğru yola yönәlmәsi üçün sәy göstәrir. Başqa cür ifadә etsәk, bu qurumlar insanlara İslamı tәbliğ etmәk vәzifәsini öz üzәrilәrinә götürüblәr. Bu sahәdәki fәaliyyәtinә görә Әzhәri-Şәrifin (Misir) adı xüsusi qeyd edilmәlidir. Bu ali tәhsil ocağı İslamı tәbliğ sahә- sindә digәrlәri ilә müqayisәdә daha çox tәsir qüvvәsinә malikdir. Bu qurum İslamın elm nurunu öz qurum, müәssisә vә institutları vasitәsi ilә yaymaq xüsusunda daha genişmiqyaslı fәaliyyәti ilә ad qazanmışdır. Habelә, Әzhәri-Şәrif digәr elmi mәrkәzlәrlә müqayisәdә islam elmlәrinin tәdrisi ilә әrәb dili elminin dirçәlişinә vә inkişafına tәkan vermişdir ki, bu da әrәb dilinin mәhz İslamın dili olmasından qaynaqlanır. Qeyd edilmәlidir ki, Әzhәri-Şәriflә yanaşı, müasir vә yeni düşüncәnin formalaşmasına xidmәt edәn digәr müәssisәlәr dә fәaliyyәtini davam etdirir, elәcә dә son dövrlәrdә İslam dininә, ümmәtinә vә mәdәniyyәtinә qarşı durmadan artan tәzyiqlәrin qarşısında sipәr kimi dayanır. Ancaq Beynәlxalq İslam Fikri İnstitutu mübarizәsini daha tәhlükәli bir meydanda davam etdirmәyi özünә borc bilib. İnstitut elә bir cәbhәdә mübarizә aparır ki, burada qazanılan qәlәbә bir çox sahә vә meydanlarda qәlәbәnin bayram edilmә- sinә zәmin yarada bilәr. İslamın vә müsәlmanların düşüncә metodlarının yenidәn nәzәrdәn keçirilmәsi institutun qarşıya qoyduğu ümdә mә- 9 sәlәlәrdәndir. Hәr şeydәn әvvәl bütün bu islahatların hәyata keçirilmәsi üçün aydın düşüncә tәrzi vә İslamın praktiki yönünün yenidәn işlәnib hazırlanması tәlәb olunur. İslam mәdәniyyәti layihәsinin müstәmlәkәçilik vasitәsi ilә gәtirilmiş gerilik vә Qәrb qәsbkarlığına alternativ olması bu fәaliyyәtin әsas mәqsәdi vә istiqamәtidir. Qeyd etdiyimiz kimi, “metod” problemi köklü surәtdә hәll edilmәsi vacib olan ümdә mәsәlәlәrdәndir. Bu problemin öz hәllini tapacağı tәqdirdә müasir islam reallığında mövcud düşüncә böhranı ilә bağlı bir çox problem qısa müddәtdә aradan qalxacaqdır. Bu sahәni hәrtәrәfli tәdqiq edәn, islam metodologiyasının xüsusiyyәtlәrinin islahatı sahәsindә gördüyü işlәrlә tanınan, müsәlman mәdәniyyәtinin vә ümmәtinin bu böhrandan xilas olması üçün әlindәn gәlәni edәn tanınmış mütәfәkkir Mә- hәmmәd Әmarәnin sözügedәn kitabını seçәn hәr bir oxucu orada faydalı mәlumatlar әldә edәcәk.
11.10.2018
Həqiqətən, həmd‐səna Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfsimizin şərindən, əməllərimizin bədxahlığından Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyini heç kəs azdıra bilməz. Zəlalətə düçar etdiyini isə heç kəs qurtara bilməyəcəkdir! Şəhadət gətiririk ki, Allahdan başqa ilah yoxdur; O Təkdir, şəriksizdir; Məhəmməd isə Onun qulu və elçisidir; Allahın xeyir‐duası və layiqli salamı ona, ailəsinə və səhabələrinə olsun! Hörmətli qardaşım, professor Saleh ibn Hüseyn əl‐Ayidin “İslam ölkələrində qeyri‐müsəlmanların hüquqları” kitabını oxudum. Kitabında möhtərəm dostum həm “müstə`min”lərin∗, həm də zimmilərin hüquqlarından söz açır. Müəllif vurğulayır ki, onlarla ədalətli davranmaq, malları və canlarını, şərəflərini toxunulmaz saymaq, onlara təcavüz etməmək, şərəf‐izzətlərinə ehtiram göstərmək, onlarla ən gözəl tərzdə münasibət qurmaq, onlara etiqad azadlığı vermək, evlilik məsələləri və şəxsi hallarda öz dinləri əsasında hərəkət etmələrinə şərait yaratmaq və nəhayət, onların ictimai zəmanət hüquqlarını tanımaq lazımdır. Diqqətimi daha çox çəkən cəhət bu oldu ki, müəllif bütün bu məsələlərlə bağlı dini mətnləri, barəsində xəlifələr və qazilərin (şəriət hakimlərinin) hökm verdiyi problemləri dərindən araşdırmış, şərqşünasların əlaqədar fikirlərindən iqtibaslar gətirməklə kitabını daha da zənginləşdirmişdir. Dostumuzun araşdırdığı mövzu olduqca aktualdır. Özü də elə bir dövrdə ki, Qərb və Şərq ziyalılarının bu kitabdakı tutarlı dəlillərlə tanışlığı olduqca zəruridir. Bəli, kitabda göstərilir ki, islam şəriəti ədalətli qanunlar məcmuyudur, Uca Allahın Məhəmməd peyğəmbərlə (Ona xeyir‐dua və salam olsun!) göndərdiyi bir lütfdür: “Səni də (Ya rəsulum!) aləmlərə ancaq bir lütf olaraq göndərdik...” (əl‐Ənbiya, 107). Allah təala Quranda “ədalətli davranma” və “yaxşılıqetmə” sözlə‐ ∗ Müstə`min: (ərəb. aman diləyən; sığınacaq istəyən). Bu və ya digər islam ölkəsinə icazə (viza və s.) əsasında girib-çıxan qeyri-müsəlmanlara verilmiş ad – tərcüməçinin qeydi. H 6 rini yanaşı işlədir. Çünki yaxşılıq ədalətli davranmağa mane olan zülmü və cövrü aradan qaldırır. Ayəyə nəzər salaq: “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum‐əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd‐nəsihət verir!” (ən‐Nəhl, 90). Peyğəmbər də (Ona Allahın xeyir‐duası və salamı olsun!) qeyrimüsəlmanlara zülm edənlərin barəsində xəbərdarlıqla demişdir: “Kim bir zimmiyə zülm edib onu gücü çatmadığı şeydə öhdəçi edərsə, ona düşmən kəsilərəm” (Beyhəqi). Müsəlmanların xəlifəsi Ömər ibn əl‐Xəttab (Allah ondan razı qalsın!) belə vəsiyyət etmişdi: “Məndən sonra gələn xəlifəyə vəsiyyət edirəm ki, zimmilərlə xeyirxah davransın, onlara verəcəyi vədə əməl etsin, onları qorusun və gücləri çatmadığı şeydə onları mükəlləf etməsin”. Fürsətdən istifadə edib bildirirəm ki, bu kitabın oxunub böyük tirajla nəşr edilməsi olduqca zəruridir. Zəruridir ona görə ki, qoy, insanlar islam dininin qeyri‐müsəlmanlarla münasibətdə ədalətli mövqeyə sahib olmağından xəbər tutsunlar.
11.10.2018
Mərhəmətli və Rəhimli Allahın adı ilə! “Allah nə üçün səni qara, bizi isə ağ yaradıb?” – deyə sual verən ağdərili uşağa Afrikadan gəlmiş müdrik qocanın cavabı belə olmuşdu: “Çünki Allah müxtəlifliyi sevir, mənim balam”. Bəli, kainatdakı füsunkarlıq hər nə qədər nizamlı və dəqiq quruluşla əlaqədar olsa da, bu möhtəşəmliyin əsasında bir o qədər də müxtəliflik dayanır. Dünyada hər şey: canlı və cansız təbiət, komponentləri bir-birindən fərqlənir, iyerarxik, həm də çoxnövlü tərtibata əsaslanır; həm çeşidli təsnifat, həm də əks kateqoriyalar varlıq dünyasının zənginliyinə zənginlik qatır, kainatın əsrarəngizliyində İlahi Qələmin qüdrətini izhar etdirir. Maddi və fiziki aləmdə, bu aləmi əmələ gətirən bütün komponentlərdə müxtəliflik olduğu kimi, hadisə və mücərrəd mahiyyətlərdə də eyni hal ümumi qanunauyğunluğun səmərəsi olaraq meydana çıxır. Kainatda məqamı uca tutulmuş insan oğlu öz həmcinslərindən rənginə, dilinə, anatomik quruluşuna... görə fərqləndiyi kimi, düşüncəsinə, əşya və hadisələrə baxış tərzinə görə də fərqlənir. Bu fərqlilik, əslində insan zəkasının mühakimə və təhlil, düşüncə və müşahidə bacarığındakı namütənahiliyi göstərir. Eyni əşya və ya hadisəyə müxtəlif prizmalardan münasibət bildirmək ilk baxışda mexaniki çeşidlilik təsəvvürü bağışlayır, mətləbdən kənarlaşma kimi görünür. Əslində isə bu müxtəliflik ayrı-ayrı detallara dair məlumatların məcmusu olaraq nəzərdən keçirilməlidir. Çünki insanlar bu və ya digər əşyaya, hadisəyə öz prinsipləri əsasında nəzər salır, “görmək” istədiklərini “görürlər”. Birinin prinsipləri digərininkindən fərqləndiyi üçün onun “görmədiyini” başqası “görür”... Məhz bu nöqteyi-nəzərdən müxtəliflik, deməli, detallı yanaşma kompleks təsəvvürün yaranmasında əhəmiyyətli rola malikdir. Bir mahiyyətə dair ayrı-ayrı təsəvvürlər toplandıqda həmin mahiyyətin bütöv təsviri yaranır ki, bunu ümumi fəlsəfədə induksiya adlandırırlar. İnduktiv metod o əşya və hadisələrə müvafiqdir ki, konkretlik ifadə etmir, mücərrədliyin fonunda komponent konstruksiyasına malikdir. Deməli, mücərrəd və mürəkkəb komponent konstruksiyalı mahiyyətlər haqda şaxəli düşünə bilmək inkişafa rəvac verir, tərəqqi yaradır. Madam ki Allah Təala insanları fərqli zəka və düşüncədə yaratmışdır, deməli, onlar izaha açıq, mürəkkəb komponent konstruksiyalı məsələlərə müxtəlif formalarda münasibət bildirəcəklər. Konkretlik müxtəlif yanaşmalara açıq olmaq xüsusiyyətindən uzaqdır. Mücərrədlikdə isə bunun əksi müşahidə olunur. Deməli, mücərrəd və mürəkkəb konstruksiyalı məsələlərdə fərqli mövqelərdən çıxış etmək təbii hal hesab edilməlidir. Çünki bu fərqi mövqelərdə bir-birinə zidd məqamlar deyil, mücərrəd məsələlərin ayrı-ayrı detallarına müvafiq münasibət vardır. Din də müəyyən tərəfləri ilə konkret, müəyyən tərəfləri ilə də mücərrəddir. Əqidə mövzuları (Allahın təkliyi, vəhy və peyğəmbərlik təsisatının mövcudluğu, axirət həyatı, mələklər aləmi...) nə qədər konkretdirsə, fiqh məsələləri bir o qədər mücərrəddir, fərqli izahlara açıqdır. Biz bu məsələ üzərində çox dayanmaq istəmirik, çünki bu bizi mətləbdən uzaqlaşdıracaqdır. Toxunmaq istədiyimiz mövzu izaha açıq məsələlərdə müxtəlif mövqelərdən çıxış etmənin islamdakı statusudur. Mövzu həm aktual, həm də mühümdür. Aktualdır ona görə ki, indiki dövrdə müsəlmanlar arasında müxtəlif fikirliliyə (söhbət təbii ki, izaha açıq dini məsələlər ətrafında yaranmış müxtəlif yanaşmalardan gedir) mənfi münasibət mövcuddur və bu mənfi münasibətin fonunda parçalanma, iman qardaşlığı təsisatının zədələnməsi olduqca qabarıq görünür. Mövzunun mühümlüyü isə ondadır ki, bir sıra əlaqədar məqamlara aydınlıq gətirmək sağlam müzakirə və polemika abı-havası yaradacaq, bununla da, fərqli mövqedən çıxış edən müsəlmanların arasında yaxınlaşma baş verəcəkdir. Çünki düşüncələrdəki müxtəliflik hisslərə təsir etdikdə, qəlblərin müxtəlifliyi – ixtilafı yaranır ki, bu da iman qardaşlığı prinsipinə xələl gətirir. Müasir dövrdə İslam dünyası bir sıra ciddi problemlərlə üzləşib. Desək ki, ən təhlükəli problemlərdən biri müsəlmanlar arasında mübahisə – polemika ədəb-ərkanının olmamağıdır, yanılmarıq. Hətta Orta əsr müsəlman ilahiyyatçısı, böyük alim İbn əl-Qəyyim (1292-13489) bu acı həqiqəti aşağıdakı misralarda, mübahisə ədəb-ərkanından bixəbər, yalnız öz mövqeyini haqlı bilən nadanların dili ilə belə ifadə etmişdi: من كان معي قديس، و من لم يكن معي ابليس! Tərcüməsi: Kim ki (sözdə, düşüncədə) mənimlədir, Qiddisdir, Kim də ki (sözümə, düşüncəmə) əksdir, İblisdir. Təəssüf ki, müsəlmanlar müəyyən dini məsələlərdə müxtəlif fikirliliyin zəruri hal olmağından xəbərsizdirlər. Nəticədə, mübahisə ədəb-ərkanından kənarda qalmış, bu cür müxtəlif fikirliliyin təbii hal olmağına baxmayaraq, çəkişərək təfriqəyə düşmüşlər. Bu təfriqə nəticəsində yaranmış bir-birinə əks cəbhələrdən hər biri yalnız özünü haqlı sayır, qarşı tərəfi zəlalətdə, küfr və bidətdə ittiham edir. Doğrudan da, bu hal kədər doğurur. Fərqli fikirlərə münasibətdə dözümsüzlük və mübahisə ədəb-ərkanından uzaqlıq, ittiham abı-havası, haqqı söyləmək deyil, qarşı tərəfi əzmək istəyi ümmətin parçalanmasında, səflərin dağılmasında əhəmiyyətli rol oynamışdır. Beləliklə, müxtəlif fikirlər qurmaq əvəzinə dağıtmış, rəhmət əvəzinə fitnə-fəsad olmuşdur. Halbuki hədislərin birində deyilir: “Ümmətimin “ixtilaf”ı (müxtəlif fikirliliyi) rəhmətdir” . Onu da deyək ki, müxtəlif fikirlərə açıq olmayanlar, fərqli ictihadlar nədir bilməyənlər ancaq bir görüşdən yapışır, başqa rəylərə qulaq vermirlər. Onlar islamı donuq, lal və qanmaz “qaya” olaraq təbliğ edirlər. Sələfi-Salihinin “Rəyimiz doğrudur, amma səhv də çıxa bilər. Onların rəyi səhvdir, amma doğru olması da mümkündür” – fəlsəfəsi bu insanlara yaddır. Onların fəlsəfəsi belə səslənir: “Rəyimiz həmişə doğrudur, əsla səhv çıxa bilməz. Başqalarının rəyi isə həmişə səhvdir, doğru olması qeyri-mümkündür”. Bəli, indiki dövrdə İslam dünyası çox çətin tarixini yaşayır. Həm daxili, həm də xarici amillərin təsiri ilə müsəlmanlar acınacaqlı vəziyyətdədirlər. Bir tərəfdən, onlar adi məsələlər ətrafında birləşə bilmir, mübahisəyə açıq mövzularda fərqli fikirlərə düşmən kəsilir, digər tərəfdən də, müəyyən xarici qüvvələrin eybəcər müsəlman stereotipi yaratmaq istiqamətindəki yorulmaz fəaliyyətinə laqeyd qalırlar. Təəssüf doğuran haldır ki, belə bir çətin dövrdə müsəlman zehniyyəti mövcud problemləri həll etmək yerinə mübahisə girdabına yuvarlanıb, müdrikliyi və uzaqgörənliyini itirib; kimin dost, kim də düşmən, nəyin haqq, nəyin də yanlış olduğunu fərqləndirə bilməyəcək qədər çarəsiz qalıb. Səbəbi çox sadədir: Fərqli fikirləri həzm edə bilməmək nadanlığının doğurduğu parçalanma və nifrət! Cəhalət və savadsızlıq baş alıb getdikdə, həqiqi alimlərin səsi eşidilmədikdə, meydan gədələrə qaldıqda fikirlərdə təəssübkeşlik yaranır, hər kəs özünü haqlı sayıb güzəştə getmək istəmir. İş o yerə çatıb ki, bəziləri fərqli ictihadlarına görə böyük alimlərə, cəfakeş imamlara “dil uzadır”. Halbuki bu böyük imamlar bizim böyüklərimizdir. Mümkündür ki, qənaətlərində bəzi səhvlər olsun, amma buna baxmayaraq, alimlərə layiq olduqları ehtiramı göstərmək lazımdır. Dövrümüzdə müdriklikdən uzaq, ictihad və fitva elmindən xəbərsiz, şəriətin mahiyyətini tam anlamayan bəzi gənclər səhv davranışları ilə təhlükəli hərc-mərcliklərə səbəb olurlar. Məsələn, Ramazan ayında bəziləri “təravih” namazını səkkiz, başqaları da iyirmi rükət qıldığı üçün bu gənclər məscidləri müharibə meydanına çevirirlər! Məşhur alimlərdən Məhəmməd Qəzali (1917-1996) yazır: “Bir dəfə mən “təravih” namazını səkkiz rükət qılmaq istəyən birisinə dedim: “Camaatla birlikdə səkkiz rükətini qıl. Qıldıqdan sonra da sakit-səmirsiz çıx get!” Dedi: “Sən Sünnəyə nifrətmi edirsən?” Dedim: “Əksinə, mən hərc-mərcliklərə, fitnə-fəsada nifrət edirəm... İddia edirsiniz ki, Sünnəni dirçəldirsiniz. Amma unudursunuz ki, etdikləriniz ümmətin başını bəlaya soxur... Hər hansı bir “nafilə” ibadət böhran yaratmamalıdır. Əgər bir “nafilə” ibadətin icrası vacib sayılan şeyin üstündən xətt çəkəcəksə, Allah onu əmr buyurmaz. Biz tövhidə çağıran, haqq və xeyri təbliğ edən ümmətik. Elə isə bu işlərdə sizin öz cılız fikirlərinizlə insanları əsas olandan yayındırmağınız düzgündürmü?! İnsanları vacib və fəzilətli əməllərə çağırın, “müstəhəb” əməllərdə tolerant olun; insanların aralarını düzəldin! İkinci dərəcəli problemlərdə israr göstərməyin, fikirlərinizdə güzəştə gedin! Belə bir vaxtda insanlara tövhid inancı, bu inancın psixoloji və sosial təsirləri haqda danışmağınız düzgün olmazdımı?! Allahın kamilliyi, insanın acizliyi və axirət cəzası barədə danışmaq daha münasib deyildirmi?!” Qeyd edək ki, savadlı və ziyalı mühitlərdə izaha açıq məsələlərə dair müxtəlif fikirlər tərəqqi yaradır. Nadanlığın, savadsızlıq və təəssübkeşliyin at oynatdığı mühitlərdə isə bunun əksinə rast gəlirik – ədəb-ərkandan kənar mübahisələr, höcətləşmə və çəkişmələr nəticəsində meydana çıxmış gerilik və tənəzzül! Müdrik və düşüncəli insanlar mövcud vəziyyəti nəzərə alaraq, müxtəlif fikirləri inkişafa istiqamətləndirərlər. Axı çətin anlarda haqlı böülnmə belə haram davranış sayılır, o ki qaldı fərqli fikirlərə görə olsun! Təbii haldır ki, çətin anlar parçalananları birləşdirir, təhlükələr də bir-birindən uzaq düşmüşləri yaxınlaşdırır. Mütəfəkkirlərdən birinin məqamına çəkən sözü var: “Müsibətlər öz qurbanlarını birləşdirib cəm edər”. Göründüyü kimi, bizlər mübahisə ədəb-ərkanına, fərqli yanaşmalar zamanı dözümlülük nümayiş etdirməyə möhtacıq. Özümüzə dözümlülük aşılayıb, mübahisə ədəb-ərkanını mənimsəyə bilsək, gərginlik, bədgümanlıq (sui-zənn), təfriqə, ədavət və digər xoşagəlməz təzahürlərdən xilas olacağıq. Bu mənfi təzahürlər, dediyimiz kimi, ümməti parçalayır, dağınıqlığa səbəb olur, birliyə ciddi əngəl törədir. Həzrəti Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) dediyi kimi, bu təzahürlər “...ülgüc kimidir: saçı deyil, dini “qırxır” . Hər halda, güman etmirik ki, müsəlmanlardan kimsə ülgücün saçı qırxdığı kimi, öz dinini “qırxmaq”dan xoşlansın. Əksinə, hər kəs islamı qoruyub yaşatmağı, birliyi, deməli, Allahın əmrlərinə itaəti arzu edir. Əgər biz mövcud vəziyyətdən qurtulmaq, Uca Rəbbin razılığını qazanmaq, müsəlmanların bir səfdə birləşməsinə öz töhfəmizi vermək istəyiriksə, hərc-mərclik çıxaran və çəkişmə yaradan söhbətləri, mübahisələri bir kənara qoymalı, polemika ədəb-ərkanına sahib olmalıyıq. Bəli, boş-boş mübahisələri, təfriqə yaradan fikirləri bir kənara qoymaq lazımdır. Əslində, biz bizləri bir-birimizdən ayıran deyil, əksinə, bir-birimizə yaxınlaşdıran məsələləri araşdırmalıyıq. Düşünürük ki, əcdadımızın – Sələfi-Salihinin tarixinə nəzər salmaq, onların müzakirə və mübahisə ədəb-ərkanını öyrənmək kifayətdir. Kim bu məqsədlə tarixə səyahət edərsə, əliboş qayıtmayacaq, “xurcun”unu lazımi “azuqə” ilə dolduracaqdır. Odur ki bu “səyahət”i asanlaşdırmaq məqsədilə mövzu ilə əlaqəli sanballı bir ədəbiyyatı tərcümə etmək qərarına gəldik. Misirli mütəfəkkir, alim Taha Cabir əl-Ülvaninin “İslamda mübahisə ədəb-ərkanı” kitabı çox maraqlı və ibrətamiz faktlarla zəngin mənbədir. Kitabda müəllif müxtəlifliyin təbii hal olmağından, fikir ayrılıqlarının müsbət və mənfi tərəflərindən, səbəbləri və nəticələrindən danışır, islam fikrində yaranmış fərqli yanaşmalardan söz açır. Peyğəmbərin zamanında, səhabələr arasında meydana çıxmış bəzi fikir ayrılıqlarından misallar gətirən müəllif əsas diqqətimizi bu fikir ayrılıqlarına deyil, bu zaman nümayiş etdirilmiş ədəb-ərkana, əxlaqa yönəldir. Kitabda qarşıya qoyulmuş əsas məqsəd fikir ayrılıqları (“ixtilaf”) ilə əlaqəli mühüm suallara cavab verməklə yanaşı, mübahisə və polemika ədəb-ərkanını oxucunun diqqətinə çatdırmaqdır. Odur ki səhabələr, böyük alimlər və imamların bu məsələdə nümayiş etdirdikləri tərbiyəvi, ibrətamiz ədəb-ərkan nümunələrindən kitabda bol-bol iqtibas gətirilib. Fiqhi fikir ayrılıqlarına da toxunan müəllif müxtəlif məzhəblərdən, məzhəb imamlarının metod fərqlərindən danışır, fərqli ictihadların hansı amillərdən irəli gəldiyini faktlarla bizə təqdim edir. Kitab müəllifin problemdən çıxış üçün təqdim etdiyi bəzi təkliflərlə başa çatır. Qeyd edək ki, kitabın yazılmasından xeyli illər sonra müəllif bəzi fikirlərindən imtina etmiş, qələmə aldığı özünütənqid məqaləsində bunu göstərmişdir. Biz də həmin özünütənqidin mətnini birbaşa müəllifdən əldə edərək tərcümə etdik və “Bəzi görüşlərindən imtina barədə müəllifin qeydləri: özünütənqid” başlığı altında kitabın “Əlavə” hissəsində yerləşdirdik. Həmçinin, Misirli alim, böyük müctəhid, Əllamə Yusif əl-Qərdavinin (anadan olub – 1926) “İctihad məsələlərində qətiyyətlə “bəli” və ya “yox” deməkdən çəkinin!” adlı sanballı yazısını kitabda dərc etməyi münasib bilirik. Düşünürük ki, bu, kitabın əhəmiyyətini artıracaq, müəyyən məqamlara aydınlıq gətirəcəkdir. Sonda ümid edirik ki, əziz oxucu ona təqdim etdiyimiz növbəti kitabımızın mütaliəsindən zövq alacaq, islama dair biliklərini genişləndirəcək, bəlkə də, hər gün qarşılaşdığı problemə – mübahisə və polemika abı-havasına düzgün münasibət bildirəcəkdir.
11.10.2018
Mütəxəssislər planetimizin gələcəyi haqqında ən dəhşətli proqnozlar verməkdə davam edirlər. Onların fikrincə, cari əsrin sonlarında yer kürəsinin əhalisinin sayı yeddi milyard nəfərə çatacaq, planetimizin təbii sərvətləri tükənəcək, neft və qaz ehtiyatları qurtaracaq, içməli suyun çatışmamazlığı özünü büruzə verəcək, bir sözlə, indiyə kimi yer planetində qayğısız yaşamağa vərdiş etmiş insan başqa planetlərdə özünə sığınacaq axtarmalı olacaqdır. Bu baxımdan, hal‐hazırda elmi axtarışların mühüm bir hissəsinin digər planetlərdə insan həyatı üçün münasib şəraitin olub‐olmadığının öyrənilməsinə yönəldilmiş olması təbiidir. İnsan onu haqlamaqda olan qlobal fəlakətin vura biləcəyi ziyanı azaltmağa çalışaraq iki istiqamətdə iş aparmalı olur. Birincisi, mövcud təbii sərvətlərdən daha qənaətlə istifadə etməyə və artıq zəifləmiş olan ekoloji tarazlığı bərpa etməyə çalışır. İkincisi isə alternativ enerji mənbələri tapmağa, insanın digər planetlərdə yaşaması imkanlarını öyrənməyə çalışır. …Statistik məlumatlara görə, artıq cari ildə ABŞ rəhbərliyi digər planetlərdə insan həyatı üçün münasib şəraitin olubolmadığının öyrənilməsinə xeyli vəsait ayırmışdır. Lakin elmi4 texniki tərəqqinin nailiyyətlərinin təsərrüfat həyatının bütün sahələrinə nüfuz etdiyi və istehlakın plansız şəkil aldığı hazırkı şəraitdə təbiətin ekoloji tarazlığının pozulmasının, digər sözlə demiş olsaq, qlobal təbii və ictimai fəlakətlərin qarşısını almaq hansı dərəcədə realdar? Görəsən, islamın bu məsələdə öz mövqeyi varmı? Bu mövqe hansı prinsiplərə əsaslanır? Qeyd etmək lazımdır ki, tədqiqatımızın mövzusu beynəlxalq qurumlara inteqrasiya olunmaq yolu ilə irəliləyən Azərbaycan üçün xüsusi önəm daşıyır. Qloballaşan dünyanın bir hissəsi kimi Azərbaycan Qərbin elmi‐texniki və mədəni inkişaf sahəsində qazandığı nailiyyətlərdən bəhrələnməyə, eyni zamanda özünün milli mentalitetini, adət‐ənənələrini, tarix və mədəniyyətini qoruyub saxlamağa çalışır. Bu, Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafına yönəlmiş və şüurlu surətdə dərk olunmuş strateji kursdur. Qloballaşma dünyanın bir sıra dövlətləri qarşısında geniş iqtisadi inkişaf perspektivləri, o cümlədən, yeni bazarların mənimsənilməsi imkanları, informasiya mübadiləsi və mal dövriyyəsinin sürətlənməsi, xarici investisiyaların cəlb edilməsi imkanlarını açmışdır. Lakin bütün bunlarla yanaşı, qloballaşma prosesi bir sıra mənfi xarakterli hadisələrlə müşayiət olunmuşdur. XXI əsr dünyası XX əsrdən yoxsulluğu, xammal etiyatlarının çatışmamazlığını, dəhşətli epidemiyaları, dünya xəritəsində onlarla «qaynar nöqtəni», terrorizmi və s.‐ni miras qəbul etmişdir. Kütləvi qırğın sılahlarının təşkil etdiyi köhnə təhlükələrə indi yeniləri əlavə olunmuşdur. Bütün bunlar onunla nəticələnir ki, bir sıra musəlman mütəfəkkirləri bəşəriyyətin üzləşdiyi yeni‐yeni fəlakətlərin mahiyyətini və baş 5 vermə səbəblərini şərh etməyə çalışaraq «dünyanın sonunun yetişdiyi», «axirət gününün yaxınlaşdığı» haqda fikirlər irəli sürürlər və bunun başlıca səbəbini məhz insanın əxlaqi‐mənəvi dəyərlərində baş vermiş bir sıra mənfi dəyişikliklərlə izah edirlər. Maraqlısı budur ki, bu və ya digər təbii falakətlər haqqında fikirlərə Quran ayələrində və Peyğəmbərin hədislərində də rast gəlirik. Burada deyildiyinə görə, ilahi əmr və nəhylərdən geri çəkilmək, dini‐mənəvi dəyərlərə etinasızlıq etmək çoxsaylı insan tələfatı ilə müşayiət olunan təbii fəlakətilərə gətirib çıxarır. Ətraf mühitin durumu və ümumiyyətlə, insanın tale və müqəddəratı onun rəftar və davranışı ilə sıx əlaqədardır: «Əgər o məmləkələrin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydiyər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq». (Əraf, 96) «İnsanların öz əlləri ilə etdikləri pis əməllər (öz günahları) üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah (bununla) onlara etdikləri bəzi günahları daddırsın» (Rum, 41)
11.10.2018
İslam dini fərdin həm mənəvi həyatının formalaşmasında, həm də ətrafla münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Elə buna görə də onun təlimləri universaldır, deməli, ictimaidir, odur ki müxtəlif səviyyədə münasibətlərin qurulmasına çağırış edir. İctimai münasibətlərin bütün formalarına əhəmiyyətin verilməsi islamın bariz xüsusiyyətidir. Bir tərəfdən, insanın daxili dünyasına səslənən mənəvi-əxlaqi təlimlər, digər tərəfdən isə xarici aləmə açılmış “pəncərə”lər sonuncu səmavi dinin varlığa universal baxışını əks etdirir. İlahi Vəhy tələb edir ki, müsəlman həm zəngin mənəvi aləmə sahib olsun, həm də ətrafı ilə möhkəm ünsiyyət yaratsın. Çünki insanın dünyadakı vəzifəsi – ibadət, varislik və mənəvi abadlaşdırmadır. Allahın yer üzündəki varisi (xəlifəsi) sayılan insan əvvəlcə özünü, sonra ətrafını islah etməli, haqq və ədalətin bərqərar edilməsinə çağıran rəbbani missiyanı həyata keçirməlidir. Varlığa hərtərəfli baxışın nəticəsidir ki, bu din Ərəbistan qumluqlarında itib-batmamış, daxili – mənəvi və xarici – sosial münasibətlərin vəhdətindən qaynayan rəbbani şövqlə yayılma arealını genişləndirmiş, nəhəng Müsəlman sivilizasiyasını bəşəriyyətə əta etmişdi. İslamın ictimailiyi o deməkdir ki, özünü ətrafdan təcrid etmir, müxtəlifliklərə dözümlü münasibət bəsləyir, hər kəs və hər şeylə əlaqə yaradır. Məhəmməd peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) “aləmlərə rəhmət olaraq” göndərilməsi də islamdakı ictimailiyin ən bariz göstəricisidir. İslam üçün ictimailik – ətrafa açılma çox mühümdür. Çünki digər səmavi dinlərdən fərqli olaraq islam məhəlli səciyyə daşımır: Quran və hədislərdə daha geniş coğrafiyanın – dünyanın dini olaraq təqdim edilir. Bu üzdən islamın maraqları ibtidai ictimai münasibətlərlə məhdudlaşmır, daha mürəkkəb sahəni – beynəlxalq əlaqələri də ehtiva edir. Orta əsrlərdə müsəlman hüquqşünasları sosial münasibətləri müəyyən çərçivədə (nikah, alış-veriş və s.) öyrənmiş, beynəlxalq münasibətlər probleminə olduqca az yer ayırmışlar. O dövrün qeyri-müsəlman dövlətləri və ölkələrə münasibətdə islam hüququ bir sıra Quran ayələrini, məhdud sayda hədisləri və Peyğəmbərin zamanına aid tarixi presedentləri əsas götürürdü. Bir tərəfdən, Xilafətin və ayrı-ayrı müsəlman xanədanlarının güclü olmağı, digər tərəfdən isə qeyri-müsəlman cəbhənin bu güc qarşısında diplomatik münasibətlərin qurulmasını zəruri etməyəcək qədər zəifliyi, bəlkə də, beynəlxalq münasibətlərin müfəssəl nəzəri əsaslarının işlənib-hazırlanması ehtiyacını ortaya çıxarmamışdı. Bir sözlə, Orta əsr müsəlman hüquq sistemində diplomatik beynəlxalq münasibətlərin bir problem kimi qarşıya qoyulmamağının səbəbi kimi həmin dövrdə dünyanın siyasi mənzərəsi çıxış edir. Həmin vaxt silahlı toqquşmalar və müharibə şəraiti (təhlükəsi) dövlətlərarası münasibətlərin təbiətinin əsas elementləri sayılırdı. Yeri gəlmişkən, o da qeyd edilməlidir ki, Xilafət sərhədlərindən kənarda yaşayan qeyri-müsəlmanların şəriət statusu problemi islam hüququnda “müstə`minlərin hüquqları” başlığı altında öyrənilmişdi. İslam tarixinə ənənəvi qərəzli yanaşma tərzinin əksinə olaraq, obyektiv tədqiqatlar göstərir ki, Orta əsrlərdə istər Xilafət daxilində, istərsə də xaricində yaşayan qeyri-müsəlmanlar haqda fiqhi hökmlər təsis edilmişdi. Deməli, onlar islam hüquq sistemində müəyyən hüquq və vəzifələri olan subyektlər kimi nəzərdən keçirilmişdilər. Müxtəlif siyasi, hətta dini tərəflərə münasibətdə Peyğəmbər təcrübəsi dinc yaşama və sülh müqavilələrinin bağlanması ilə səciyyələnirdi. Belə ki Məhəmməd peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun! Mədinəyə köçdükdən sonra həm müşriklər, həm də yəhudilərlə müqavilə bağlamış, dinc münasibətlərə xüsusi əhəmiyyət vermişdi. Məkkə müşrikləri ilə münasibətlərin ən gərgin dövründə məşhur Hüdeybiyyə sülh sazişinin bağlanması da Peyğəmbərin xarici siyasətində diplomatiyanın əhəmiyyətli yerinə işarə edir. Bu cür siyasi kursun seçilməsini həm islam dininin təbiəti, həm də mövcud siyasi-ictimai vəziyyət zəruri etmişdi. Allah elçisinin hərbi səfərlərinə gəlincə, buna müşrik ərəblərin təcavüzkarlığı, müqavilələri pozmaları, Peyğəmbərin müttəfiqlərinə hücum etmələri səbəb olmuşdur. Davamlı zülmə məruz qalmış müsəlmanların psixoloji haləti, hər an hücuma keçə biləcək bütpərəst qəbilələrə qarşı müdafiə olunmağın zəruriliyi o dövrdə siyasi münasibətlərin formasına təsir göstərirdi. Qərbli müəlliflər Mədinə dövlətinin xarici siyasətini o dövrdə baş vermiş hadisələrin müsəlmanlarda formalaşdırdığı psixoloji haləti dərk edə bilmədiklərindən qeyri-obyektiv şəkildə izah edirlər. Hicrətdən (622-ci il) sonrakı mərhələdə ərəb müşrikləri ilə münasibətlərin təbiətini tədqiq edərkən dövrün psixoloji abı-havasını nəzərə almaq elmi obyektivliyi təmin edəcəkdir. Sonralar Əməvi və Abbası sülalələri ilə təmsil olunan Xilafət özünün ən qüdrətli dövrünü yaşadıqda qeyri-müsəlman dövlətlərə münasibətdə bəzi sərt fiqhi hökmlər çıxarılmışdı. Əslində bunu həmin dövrdə dövlətlərarası əlaqələrin təbiəti zəruri edirdi. Bu cəhəti diqqətdən qaçırsaq, problemi düzgün təhlil edə bilməyəcəyik. Tarixin müəyyən mərhələsinin şərtləri daxilində çıxarılmış bu fiqhi hökmlər indiki dövrdə qəribə görünür, lakin məsələyə tarixi aspektdə toxunduqda bu təəccüb elmi xatircəmliklə əvəz olunacaqdır. Əlaqədar siyasi vəziyyət dövlətlərarası münasibətlərin təbiətinə təsir göstərmişdi. Kənardan davamlı təhlükələrə məruz qalan, ətraf dövlətlərin hərbi ekspansiyalarının hədəfinə çevrilən müsəlmanlar düşmənə qarşı hazırlıqlı olmalı, ümməti qorumalı idilər. Onlar müharibələrə təhlükəsizliyi qorumağın zəruri vasitəsi kimi baxırdılar. Müdafiə ilə yanaşı, hücuma keçmək özünüqoruma variantı kimi qəbul edilirdi. Bu dövrdə ətraf dövlətlərlə diplomatik münasibətlərin, demək olar ki, kəsilməsi tarixin həmin mərhələsini səciyyələndirən siyasi vəziyyətlə əlaqədardır. Lakin sonralar, XVII əsrdən etibarən qeyri-müsəlman dövlətlərlə əlaqələrin təbiətində ciddi dəyişikliklər baş verdi. Belə ki müharibə ilə səciyyələnən münasibətlər diplomatik xarakter aldı. Siyasi vəziyyətin dəyişməsi beynəlxalq münasibətlərə dair ənənəvi fiqhi hökmlərin yenidən nəzərdən keçirilməsini zəruri etdi. Zəifləmiş Müsəlman dünyası ilə getdikcə güclənən Avropa dövlətlərinin münasibətlərini dövrə uyğun şəkildə tənzimləməyə ehtiyac vardı. Müasir dövrdə isə vəziyyət tamamilə başqadır. Qərbin siyasi, iqtisadi və elmi cəhətdən üstünlüyü, Müsəlman dünyasında vahid dövlət sisteminin olmamağı, müsəlmanların güclü tərəfdən asılı tərəfə çevrilmələri, müharibələrin formatı, problemləri həll etmədə qılıncın yeganə vasitə seçilməməyi və sair amillər zəruri edir ki, islam hüququnda beynəlxalq münasibətlərin yeni qaydaları işlənsin. Oxucuya təqdim edilən bu kitab sözügedən problemin akademik müstəvidə həllinə cəhdi ifadə edir. Kitabda beynəlxalq münasibətlərin Qərb modeli tənqid olunur, çatışmayan tərəfləri göstərilir, alternativ olaraq islam nöqteyi-nəzəri təqdim edilir. Müəllif beynəlxalq münasibətlərə dair islam modelini təqdim etmədən əvvəl ənənəvi islam fikrinin əsas mənbələri haqda danışır, bir-sıra anlayışların (cihad, zimmi, cizyə, darülküfr, darülislam və s.) qeyri-ənənəvi izahına cəhd göstərir. O qeyd edir ki, müasir islam fikrinin bir sıra problemləri, o cümlədən dönüklük, etiqad azadlığı və cizyə məsələləri yeni baxış əsasında izah olunmalıdır. Kitabın əhəmiyyəti, həm də ondadır ki, müəllif islam fikrinin indiki dövrdə fəal və səmərəli rol oynaya bilməməyinin gizli səbəblərinə toxunub. O, həm də belə bir suala cavab tapmağa cəhd göstərib: Beynəlxalq münasibətlər sahəsində, sülh, əmin-amanlıq, əməkdaşlıq kimi aktual problemlərə baxışda Qərb fikrinin müvəffəqiyyətsizliyə uğramasından irəli gələn çatışmazlıqları aradan qaldırmada islam fikri nə üçün yeni alternativlər təqdim edə bilməyib? Metodoloji problemlərdən də söz açan müəllif belə qənaətə gəlir ki, bəzi dini mətnlərin və real şəraitin ya nəzərə alınmamağı, yaxud qərəzli şəkildə izah edilməsi, ya da sırf ibadət məsələlərindən hesab olunması və nəhayət, hər şeyi “nəsx” iddiası ilə ört-basdır etmək cəhdi səhv və kortəbii yanaşmadır. Kitabda problemin qeyri-ənənəvi formada qoyulmağı oxucunun diqqətindən qaçmayacaqdır. Müəllif göstərir ki, şəriətin məqsədləri və prinsiplərini konkret zamanla, məkanla əlaqəli siyasi şəraitdən fərqləndirmək bir sıra problemləri həll edə bilər. Dövrün tələbləri ilə səsləşən yeni seçim və alternativlərin müəyyənləşdirilməsində tarixi şəraitin yenidən nəzərdən keçirilməsi faydalıdır. Kitabda qarşıya qoyulan əsas məqsəd islama görə yeni münasibət modellərinin müəyyən edilməsidir. Fikrimizcə, bu kitab islam siyasi fikri ilə maraqlanan hər bir mütəxəssis üçün faydalı mənbədir. Diqqətli mütaliə imkan verəcəkdir ki, hörmətli oxucu beynəlxalq münasibətlər probleminə islamın baxışını əks etdirən maraqlı məlumatlarla tanış olsun.
11.10.2018
İslam mütәrәqqi ruha, ülvi dәyәrlәrә, şanlı tarixә, zәngin elmi-mәdәni irsә malik dindir. İlahi әsaslara, vәhy mәnbәli bilik sisteminә bağlılıq fonunda bu dinin böyüklüyü özünü daha qabarıq göstәrir. Mәhz bu böyüklüyün, demәli, universallığın, mötәdilliyin, tolerantlığın sayәsindә erkәn dövr müsәlmanları o zamanın ideoloji, mәdәni vә dini hәyat tәrzini – Cahiliyyәt quruluşunu yıxmış, çox qısa müddәt әrzindә yeni quruluşu formalaşdırmağı bacarmışdılar; dövlәt qurmuş, mәdәni-ictimai vә elmi nailiyyәtlәrә imza atmışdılar. Bu nailiyyәtlәr imkan verdi ki, dini vә mәdәniyyәti eyni olan böyük islam ümmәti yaransın. Qüdrәtli xilafәti, zәngin elmi-fiqhi irsi, demәk olar ki, hәr әsrdә yaşamış parlaq şәxsiyyәtlәri olan ümmәt bir vaxtlar dünyanın siyasi-mәdәni mәnzәrәsinin konturlarını öz lehinә cızır, sonralar hәsrәtlә xatırlanacaq, dastanlara köçürülәcәk tarix yazırdı. Bunun bir sәbәbi vardı: müsәlmanlar ümmәti ümmәt edәn, köhnә quruluşu yıxıb tәzә quruluş gәtirәn dәyәrlәr sistemini – islamı hәm dini, hәm fikri, hәm siyasi, hәm dә mәdәni sferalarda doğru-dürüst başa düşüb tәtbiq etmişdilәr. Belә bir doğru fәhm azadlıq, tolerantlıq vә mötәdillik dәyәrlәrini cәmiyyәtin ayrılmaz parçasına çevirmiş, hәyatın әksәr sahәlәrindә tәrәqqiyә rәvac vermişdi. Ancaq sonralar bu uğurları qoruyub saxlamaq mümkün olmadı. Azadlıq müstәbidliklә, mötәdillik radikallıqla, tolerantlıq tәәssübkeşliklә әvәz olundu. Ümmәtin süqutu tәkcә vahid dövlәt sisteminin parçalanıb dağılması, iqtisadiyyatın tәnәzzülü nәticәsindә baş vermәdi. Habelә elmi-mәdә- ni sahәlәrdә gerilәmә, müsәlman zehniyyәtinә tәqlidçiliyin hakim kәsilmәsi vә fikri әtalәt ümmәtә öz zәrbәsini vurdu. Bәli, tarixin bu acı hәqiqәti keçmişdә öz әzәmәti ilә başqa xalqlarda qibtә vә paxıllıq hissi oyadan bir ümmәti acınacaqlı vәziyyәtә düçar edib. Xülasә, iqtisadiyyat, siyasәt, mәdәniyyәt, elm, hәtta 4 din sahәlәrindә müsәlman zehniyyәti ciddi böhran keçirir. Ancaq sevindirici haldır ki, keçmiş qüdrәtin, tarixi әzәmәtin zehinlәrdә buraxdığı stimulverici tәәssürat ötәn әsrin 70-ci illәrindәn etibarәn Müsәlman dünyasında “İslam oyanışı”nı zәruri edib. Odur ki, geriliyin, böhranın lәğvi üçün müxtәlif istiqamәtlәrdә işlәr görülür. Belә işlәrdәn biri dә maariflәndirmәdir. Bu mәqsәdlә islam mәdәni-elmi irsi yenidәn öyrәnilir, problemin hәllindә real-metodoloji hәll yolları tәklif edilir. Әsasәn nәzәrә alınır ki, müsәlmanın zehniyyәt problemi vicdan vә iman problemindәn daha ciddi, daha aktualdır. Çünki düşüncә tәsәvvürü formalaşdıran, ona yol göstәrәn әsas amildir. İnsanın әmәli fәaliyyәti dә onun tәsәvvürlәrindәn asılıdır. Bu sәbәbdәn zehniyyәt vә düşüncә böhranı ilә bağlı sanballı elmi әdәbiyyat yazılıb. İraqlı hüquqşünas Mәhәmmәd Şәrif Әhmәdin “Fiqhdә, düşüncә vә siyasәtdә İslama yeni baxış” adlı kitabı da belә әdәbiyyat qәbilindәndir. Kitabın әhәmiyyәti ondadır ki, müәllif bir sıra ciddi problemlәri qeyri-әnәnәvi üsulla araşdırmaqla müasir dövr islam fikrindә qızğın mübahisәlәrlә müşayiәt olunan mövzulara dair maraqlı mülahizәlәrlә çıxış edir. O bildirir ki, fiqhә, Sünnәyә, siyasәtә, mәdәniyyәtә tәqlidçi münasibәt mövcuddur. Bunun üçün göstәrilәn sahәlәrdә әnәnәvi-tәqlidçi münasibәtdәn imtina etmәk lazımdır. Kitabda hәdislәrin “şәriәtqoyan” vә “şәriәtqoymayan” kateqoriyalara әsasәn tәsnifi, Mәzmun fiqhinin Forma fiqhinin tәsirindәn çıxarılması zәrurәti, islamda dövlәt anlayışının pozitiv- dini formatda nәzәrdәn keçirilmәsi, kontekstlәri daxilindә “hökm” ayәlәrinin obyektiv şәrhinә cәhd, “hikmәt” institutunun dini-siyasi vә elmi-mәdәni problemlәrin hәlli yollarından biri kimi göstәrilmәsi vә digәr mövzular işlәnmişdir. Müәllifin problemә yanaşma üslubu özünәmәxsus vә yeni olsa da, yanılmalardan xali deyildir. Onun bәzi fikirlәri şübhә doğurur, sәthi yanaşmanı әks etdirir. Odur ki, biz yeri gәldikcә müәllifin bu kimi fikirlәrinә müdaxilә etmişik, şәxsi möv5 qeyimizi alt haşiyәlәrdә bildirmişik. Düşünürük ki, belә bir müdaxilә oxucuda yarana bilәcәk şübhәlәrin qarşısını alacaq, mövzuya aydınlıq gәtirәcәkdir. Әziz oxucu! Bu kitabı mütaliә etmәklә sәn Sünnәyә, siyasәtә, fiqhә, mәdәniyyәtә münasibәtdә müsәlman zehniyyәtinin problemlәri ilә tanış olacaq, maraqlı vә faydalı mәlumatlar әldә edәcәksәn. Sәnә aydın olacaq ki, doğrudan da, vәziyyәtimiz acınacaqlıdır, problemlәrimiz dә ciddidir. Ancaq unutma ki, problemә düzgün diaqnoz qoymaq onun hәllini asanlaşdıran әsas amildir. Kitabı oxu ki, problemlәrlә tanış olasan, diaqnozu da düzgün qoyasan, – Bu ki sәnin öz әlindәdir.
11.10.2018
Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra, ölkədəki tolerantlıq, söz azadlığı və demokratiyadan sui-istifadə edərək, məzhəbi iğtişaşlar və təfriqə yaratmağa çalışanlar tapılmışdır. Təbii ki, belə insanların “fəaliyyət”i milli-mədəni dəyərlərimizə və təfəkkür tərzimizə ziddir. Onlar, həm də məzhəblərin rolunu düzgün qiymətləndirmir, məzhəblərarası fikir ayrılıqlarından qərəzli məqsədlər üçün istifadə edirlər ki, buna da dinimiz icazə vermir. İslam dünyasının indiki vəziyyəti ilə yaxından tanış olan hər kəsə bəllidir ki, «vahid islam ümməti» anlayışı faktiki olaraq yalnız sözdədir və quru şüar olaraq səsləndirilir; müsəlman xalqları, müsəlman cəmiyyətləri «ümmətlər»ə bölünüb. Müsəlman cəmiyyətində həqiqi islam dəyərlərinin zəifləməsi və mənəvi böhran bütövlükdə cəmiyyətə, onun ayrı-ayrı sahələrinə sirayət etmiş, inkişafının qarşısını almış, hətta tənəzzül doğurmuşdur. Daxili çəkişmələrdən məharətlə istifadə edən müəyyən dairələr, artıq əsrlərdir ki, bu regionu öz caynağına keçirməyi bacarmış, müsəlman xalqlarını acınacaqlı vəziyyətə düçar etmişlər. Bütün bu proseslərin əsas stimulverici qüvvəsi kimi «Parçala, hökm sür!» siyasəti uğurla həyata keçirilmişdir. Məhz bu səbəbdən Məhəmmədəmin Rəhimin qələmə aldığı bu kitabın aktuallığı hər şeydən əvvəl həm regional, həm də beynəlxalq islamşünaslıq sahəsində bir sıra məsələləri: məzhəblərin fikir plüralizmindən qaynaqlanmasını, məzhəblərarası fikir müxtəlifliyinin səbəblərini, müasir islam şüurunda məzhəblərarası münasibətlər kontekstində qarşılıqlı anlaşmanın aspektlərini tədqiq etməklə izah edilir. Kitab, həmçinin, qloballaşan dünyada dini zəmində baş verən mürəkkəb və ziddiyyətli proseslərə münasibət bildirmək baxımından əhəmiyyət kəsb edir. İslam dini-siyasi dünyagörüşü və hərəkatı daxilində birliyin pozulması cəhdlərinin gücləndiyini, məzhəblərarası fikir müxtəlifliyindən təfriqə amilləri kimi istifadə olunmasını nəzərə alaraq, əsər məzhəblərin fəaliyyətinin düzgün təhlilinə, məzhəblərarası rəy müxtəlifliyinin mahiyyətinin açıqlanmasına, məzhəblərarası yaxınlaşmanı gerçəkləşdirə bilən ortaq dəyərlərə və prinsiplərə aydınlıq gətirilməsinə həsr edilmişdir. Kitab islam vəhdəti naminə çalışanlara doğru yolu göstərə biləcək birlik strategiyasını təqdim etməklə yanaşı, məzhəbçiliyin qurbanı olmuş müsəlmanlar üçün də bir sıra qaranlıq və mübahisəli məqamlara aydınlıq gətirəcəkdir və biz buna inanırıq. Sonda qeyd etmək istərdik ki, müəllifin qələmə aldığı bu əsər «İdrak» İctimai Birliyi tərəfindən keçirilən «Ən Yaxşı Elmi İş» adlı müsabiqədə qalib gəlmiş və mükafata layiq görülmüşdür. «İdrak» İctimai Birliyi
Səhifələr 1 2 3 4 5