BİZİM NƏŞRLƏR

11.10.2018
Aləmlərin Rəbbi, Rəhman, Rəhim olan Allaha həmd olsun. Biz ona həmd edir, Ona sığınır, Ona tövbə edir, Ondan yardım, bağışlanma və hidayət diləyirik. Nəfsimizin şərindən və pis əməllərdən Allaha sığınırıq. Allahın hidayət verdiyi şəxsi heç kim doğru yoldan azdıra bilməz, haqq yoldan azdırdığı kimsəni də heç kim hidayət yoluna yönəldə bilməz. Şəhadət edirik ki, Allahdan başqa ilah, ibadətə layiq haqq məbud yoxdur, O təkdir və onun heç bir şəriki yoxdur və şəhadət edirik ki, ən gözəl hidayət rəhbəri Muhəmməd (sallallahu aleyhi və səlləm) onun qulu, elçisi, peyğəmbəridir. Allahın xeyir duası, salət və salamı ona, onun pak ailəsinə, xanımlarına, övladlarına, səhabələrinə və ona tabe olanlara olsun. İslam dini irqindən, rəngindən, millətindən, xalqından, qəbilə‐sindən və dilindən asılı olmayaraq canlı olan, insan olan hər bir kəsə xitab edir. Ortaya qoyduğu təməl prinsiplər hər kəsi və həyatın hər sahəsini əhatə etdiyi və daimi olduğu üçün İslam cahanşümul bir dindir. Belə bir cahanşümul dinin mənsubları olan müsəlmanlar isə Qurani‐Kərimin də ifadəsi ilə ədalətli və seçilmiş bir ümmətdirlər. «(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.» (əl‐Bəqərə, 143.) Bir başqa ayədə isə Allah Təala müsəlmanların seçilmiş ən xeyirli, ən yaxşı ümmət olduğunu bildirərək, bu ümməti rəhbər, xeyirxah iş görən, pis əməllərdən çəkindirən vəzifələrlə zikr edir və belə buyurur: «(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.» (Ali‐İmran, 110). Bu ayələr İslam ümmətinə, son dinin və son peyğəmbərin ümmətinə, tövhid əqidəsini rəhbər tutaraq bütün bəşəriyyətə haqqı təbliğ etməyi, imanı, ihsanı, irfanı, elmi, 6 gözəl əxlaqı, xeyirxah iş görməyi, ədaləti, sülhü, barışı, əminamanlığı, xoşgörü və tolerantlığı, yamanlıqdan çəkinməyi, qiyamət günü sayılacaq bu günahlardan narahat оlmağı, əxlaq və davranışlarda fərdlərə və millətlərə yol göstərə bilən və onlara nümunə olan bir ümmət olma xüsusiyyətini və məsuliyyətini yükləyir. Bu xüsusiyyət və məsuliyyəti dərindən qavrayan, başa düşən və bunu həyatlarında tətbiq edən müsəlmanlar, Rəsulullah (s.a.s.) dövründən başlayaraq uzun müddət birlik və bərabərlik içində, İslam vəhdətini əsas götürərək, əl birliyiylə, çiyin‐çiyinə bəşəriyyətə böyük töhfələr vermiş, ən ülvi və humanist dəyərləri, insanlığa haqqı, ədaləti, irfanı, əxlaqı və elmi öyrətmiş, bu şəkildə İslam mədəniyyətini qurmuş, onun sağlam təməl‐lərini atmış, bu təməlləri möhkəmləndirmiş və zamanla onu bütün digər mədəniyyətlərə, üstün, hakim və qalib bir mədəniyyət halına gətirərək onu zirvələrə daşımışlar. Bununla da müsəlmanlar əsrlər boyu ilahi vəhyin tədricilik prinsipi əsasında inkişaf etdirməyə çalışdığı mədəni anlayışı bir həyat nizamı olaraq qəbul etmiş və onu bəşəriyyətə ilahi bir mədəniyyətin bəhrəsi olaraq təqdim etmişlər. Mədəniyyətin maddi və mənəvi olan bütün ünsurlarını özündə cəmləşdirən ilahi bir sistem olan İslamı digər mədəniyyətlərdən fərqləndirən ən əsas cəhəti də elə onun ilahi qaynaqlı olmasıdır. Yəni İslam mədəniyyətinin əsası ilahi vəhiy, yəni Allahın kəlamı olan Qurani‐Kərimə və bu ilahi vəhyin insanlara çatdırılması, açıqlanması, izah edilməsi üçün Allah tərəfindən vəzifələndirilən son peyğəmbər Həzrəti Muhəmmədin (sallallahu aleyhi və səlləm) həyatına ‐ sünnəsinə dayanır. Müasir dövr İslam dünyasının ən böyük şəxsiyyətlərindən, alim və mütəfəkkirlərindən biri olan Əbül Həsən ən‐Nədvinin oxuculara təqdim edilən “İslamın Mədəniyyətə Təsirləri və Bəşəriyyətə Verdikləri” adlı əsəri də məhz bu iki qaynaqdan güc alan ilahi mədəniyyətin bəşəriyyətə verdiyi töhfələr üzərində durur. İslam mənbələrindən tutarlı dəlillər gətirərək geniş elmi təcrübələrinə dayanan müəllif buna bənzər məsələlərə aydınlıq gətirmiş, İslam mədəniyyətindən təsirlənən digər mədəniyyətlərə yer ayırmış, İslamın digər mədəniyyətlərə müsbət təsir gücü və mexanizmlərini açıqlamış, bunu edərkən sadəcə öz görüşlərini deyil, İslamdan təsirlənən və faydalanan digər mədəniyyətlərin nümayəndələrinin, alimlərinin və mütəfəkkirlərinin bu mövzuda dediklərindən və yazdıqlarından da bir sübut və dəlil kimi istifadə etmişdir. Bu bir həqiqətdir ki, dünya qloballaşır. Qloballaşan dünyada dinlər, mədəniyyətlər, adət‐ənənələr bir‐birilə yaxınlaşır, tanış olur, bəzən biri digərinə özünü, öz dəyərlərini 7 qəbul etdirməyə məcbur edir, bəzən isə biri digərini ortadan qaldırmağa çalışır, bir başqası isə assimilyasiyaya məruz qalır, bir digəri isə özünü bunlardan qorumaq üçün güclü mübarizə aparır. Buna görədə hər bir ümmət, xalq vəya millət öz milli‐mənəvi dəyərlərini bilməzsə, mədəniyyətinə sahib çıxmazsa, onun qaynaqlarını, mənbələrini öyrənməz, maddi‐mədəniyyət abidələrini qoruya bilməzsə o zaman qloballaşan bir dünyada özünün həqiqi yerini tutmaqda çətinlik çəkəcəkdir. İslam dininə mənsub millətlər də buna daxildir. Qloballaşan dünyada İslam mədəniyyətini bilmək, öyrənmək, onun həqiqi və layiqli yerini müəyyən etmək, bu mədəniyyəti yaşatmaq, onun bəşəriyyətə təsiri və töhfələri haqqında məlumat əldə etmək istəyən hər bir kəsin, o cümlədən istər intellektual səviyyəli yüksək ixtisaslı elm adamlarının, istərsə də bu sahədə mütəxəssis olmayan, lakin dini elmlərlə və mədəniyyətlərlə maraqlanan sıravi insanların bu kitabı böyük maraq, zövq və həvəslə oxuyacaqlarına inancımız sonsuzdur. İnanırıq ki, bütün dünyada olduğu kimi Azərbaycanda da dinlərə, o cümlədən İslam dininə və İslam elmlərinə artan marağı diqqətə alsaq Əbül Həsən ən‐ Nədvi kimi mötədil bir müsəlman aliminin həcmi çox da böyük olmayan bu kitabı İslamın və İslam mədəniyyətinin tanınmasında, öyrənilməsində, doğru anlaşılmasında və bu istiqamətdə aparılan maarifçilik işində öz faydasını verəcəkdir. Bu əsərin Azərbaycan oxucusuna, onun doğma dilində çatdırılması təşəbbüsünü irəli sürən və onun ərsəyə gəlməsində böyük rolu olan “İdrak” İctimai Birliyinə, idarəçilərinə və çalışanlarına, o cümlədən kitabın hazırlanmasında böyük əməyi olan və zəhmət çəkən hər bir kəsə təşəkkür edir, bu və buna bənzər elmi əsərlərin cəmiyyətimizdə daha çox nəşr edilməsini, yayılmasını və oxunmasını diləyirik. Çalışmaq, səy və cəhd bizdən, bərəkət, müvəffəqiyyət və gözəl mükafat neməti bol, rəhməti və məğfirəti sonsuz olan Allahdandır. Elşad MAHMUDOV İlahiyyat Elmləri Namizədi
11.10.2018
Müsəlmanlar arasında baş vermiş ixtilaflara dərindən nəzər salsaq, görərik ki, bu ixtilaflar əvvəlcə sadə və o qədər də ciddi olmayan məsələlər ətrafında yaransa da, sonralar daha da vüsət kəsb edərək mürəkkəbləşmiş, təhlükəli hala gəlmişdir. Bu, laqeydlik və vaxtında müalicəedilməmə ucbatından adi bir yaranın böyüyərək öldürücü xərçəngə çevrilməsinə oxşayır. Söhbət ciddi problemdən gedir, – o problemdən ki, müzakirə məclisləri onsuz ötüşməmiş, döyüş meydanlarının təbilləri onun üstündə çalınmışdı. Uzun‐uzadı düşünsək, insafən deməliyik ki, sözügedən ixtilaflar dini səciyyə daşımır. Axı, bunlar bəzən formal olaraq, bəzən də təbiət etibarı ilə baş vermiş ixtilaflar idi. Habelə, bu ixtilaflar ya dini düşüncə tərzində (dində deyil!), ya da dinin istifadə etdiyi vasitələrdə özünü göstərmişdir. Çünki dinin metodologiyasının izahında və qayəyə çatmada hansı vasitələrin daha münasib olması müsəlmanların fərqli‐fərqli fikirlərlə çıxış etmələrinə səbəb olmuşdu. Hakimiyyətin dinin bir parçası sayılması və ya islamın şəriət və etiqada bölünməsi kimi məsələlərdə müsəlmanlar arasında heç bir ixtilaf vaqe olmamışdır. Habelə, onlar Quranın qanunverici və hökmqoyucu kitab olması ətrafında qətiyyən ixtilafa düşməmişlər. Ancaq problem kimin hakim olması məsələsi ətrafında yaranmışdır. Müsəlmanlar bu məsələdə Peyğəmbərin (Ona Allahın xeyirduası və salamı olsun!) ən yaxın səhabələrinə üstünlük vermişlər; şiələr Həzrəti Əlini xilafətə ən layiq namizəd hesab etdikləri halda xaricilər də düşünürdülər ki, istənilən müsəlmanın ətrafına yığılıb onunla iş görmək mümkündür. Elə isə bu, əqidə və şəriətin təlimləri ilə əlaqəli dinimi ixtilafdır? Və ya o, qılıncların kənara qoyulub min bir yolla həlli mümkün olan siyasi çəkişmədirmi? Həmçinin, müsəlmanlar Allahın ədaləti olması, itaətkara savab 8 yazıb asini də cəzalandırması mövzusunda ixtilafa düşməmişlər. Çünki Allah təala özünün əziz kitabında bizə bunu xəbər verir və bu, inanılması və qəbul edilməsi baxımından zəruri dini borcdur. Vaxtı ilə mötəzililərlə sünnilərin arasında bu məsələdə əhəmiyyətsiz mübahisələr yaranmışdı: görəsən, ağıl (əql) baxımından bunu etmək (Allahın itaətkara savab yazıb asini isə cəzalandırması – mütərcim) Allaha vacibdirmi? Bu, xoşagəlməz sualdır, – onun barəsində ixtilafa düşmək isə boşluq və hədər doğurur. Elə isə bu sayaq suallar əsasında məzhəb, firqə qurmaq olmaz. Odur ki, qətiyyətlə deyirik ki, müsəlmanlar Nil çayının ayrı‐ayrı qolları kimi fərqli cəbhələrə parçalanmayıblar; dini parçalanma onlara qətiyyən sirayət etməyib! Belə də deyə bilərik: ortada yalnız və yalnız düşüncə məktəbləri, fiqhi məzhəblər və tətbiqlə bağlı məhdud fikir ayrılıqları mövcuddur. Biz bu ixtilafı donuqlaşdıran və ya qəlizləşdirən siyasi amilləri aradan qaldırsaq da, fərq etməz, – dondurucu amillər olmasa da ixtilaf yaşayacaqdır; qəlizləşdirici amillərin yoxluğu belə, onun mürəkkəbliyini azaltmayacaqdır. Görünür, bu, adətkərdəliyə tuş gəlmiş ənənəvi problemdir. XX əsr boyu İngiltərədə hakimiyyət uğrunda üç böyük partiya bir‐biri ilə ağlasığmaz şəkildə rəqabət aparmışdır. Biri iqtidara gələndə digər ikisi müxalifət cəbhəsi yaratmışdır. Məgər bu, ingilis xalqının üç hissəyə parçalanması deməkdirmi?! Əgər islam ümmətinin yarandığı şərait daha münasib, daha əlverişli və yaxşı olsaydı, tarix bu dərəcədə mürəkkəb ixtilafların şahidi olmayacaqdı. Fikir ayrılıqlarını gücləndirən, parçalanmalara rəvac verən mürəkkəb hadisələrə rəğmən, ümumilikdə ümmət sağ‐salamat qalmışdır; İslamın böyük alimləri və imamları mö`təzili, xarici və ya şiə olmuş mömin müsəlmanların dindən xaric edilməsinin yolverilməzliyini dönədönə vurğulamışlar.
11.10.2018
Maddi-mənəvi dəyərlərin sarsıldığı, meyarların alt-üst olduğu, ədalət, xeyirxahlıq və barış yolunda dolanbacların yarandığı müasir dövrümüzdə istilahların düzgün müəyyənləşdirilməsi, onların məzmun və mənasının açılıb izah edilməsi olduqca böyük aktuallıq kəsb edir. Heç bir şübhə yoxdur ki, ümmətimizin hazırkı durumu ilə bağlı ən vacib məsələ mötədillikdir (ərəbcə «vəsətiyyə»). Bu anlamın istər şəriət və qanunvericilik, istərsə də əqli, ideoloji və elmi-nəzəri baxımdan sərhədlərinin müəyyənləşdirilməsi günün ən vacib məsələsi olaraq qalır; çünki bu, şəriətin bizə buyurduğu bir yol, xeyir umduğumuz bir istiqamətdir. Ümmətimizin mədəni varlığı mötədillik üzərində bərqərar olub. İdeoloji proseslərin bir yandan ekstremizm və zorakılıq, digər yandan da təslimçilik və səhlənkarlıq arasında ləngər vurduğu bir vaxtda bir an dayanıb hər şeyə yenidən nəzər salmağımız, məfhumların məruz qaldığı təhriflərə düzəliş verməyimiz, düz yoldan sapmış mövqeləri hidayətə yönəltməyimiz gərəkdir. Məhz bu səbəbdən də Küveyt dövlətinin Vəqflər və İslam İşləri Nazirliyi bir məfhum və yaşayış tərzi olaraq mötədillik məsələsinə xüsusi qayğı göstərdi. Bu məsələ nazirliyin plan və layihələrində, fəaliyyət istiqamətində mühüm yer tutdu. Nazirliyin mötədillik məsələsinə xüsusi diqqət və qayğısının nəticəsi olaraq Ümumdünya Mötədillik Mərkəzi təsis edildi. 6 Mərkəzin yaradılmasında əsas məqsəd ümmətin mədəni yüksəliş yoluna işıq salmaq, bir istilah, məfhum, prinsip və meyar olaraq mötədilliyin həyatın bütün sahələrində dərin kök salmasına nail olmaq, müxtəlif alimlərin və İslam dəvətçilərinin cəlb olunduğu ideoloji və metodoloji araşdırmalar aparmaq, şəriət ehkamlarının möhkəm, dəyişməz prinsiplərini rəhbər tutan, eləcə də əsrin tələblərinə cavab verən, sıralarımızı, birliyimizi möhkəmləndirən, irs və mənbələrdən qidalanan, müxtəlif istiqamətlərə yönəlmiş addımları yaxınlaşdıran, eyni zamanda fikir plüralizmini də rədd etməyən, mədəni inteqrasiyanın hüdudlarını genişləndirən, insanlar arasında sağlam, hər bir kəsin öz mənliyini qoruyub saxlamaqla müsbət əməkdaşlığın tələblərinə uyğun, ədalətli münasibətlərin formalaşmasına qayğı göstərən ümumi bir dünyagörüşünün yaranmasına nail olmaqdır. İdeoloqların, elm adamlarının və İslama dəvət əhlinin səyi ilə hazırlanan «Mötədil ümmət silsiləsi» məhz kökə bağlılığı və zəmanə ilə ayaqlaşmağı əsas götürən bir metodologiyanın möhkəmlənməsinə yönəlmişdir. Bu silsiləni hazırlayanlar onun mədəni proseslərdə bir tarazlıq yaradacağına ümid bəsləyir, kökdən qaynaqlanmaqla yanaşı, müxtəlif ideya və məfhumların yetişməsinə rəvac verən fikir və rəy plüralizminin də güclənməsini arzulayırlar. Biz bu silsiləni oxucunun öhdəsinə buraxır, ondan öz dəyərli fikirlərini bu xoş məram yolunda əsirgəməməsini, bizimlə əlaqə yaratmasını, söhbətlər aparmasını diləyirik. Allah bütün niyyətlərdən xəbərdardır. Hidayətə yönəldən də Odur! Ümumdünya Mötədillik Mərkəzinin Baş katibi: İsam əl-Bəşir
11.10.2018
İlahi lütf ucu-bucağı bilinməyən, axını xəfifləməyən dəryaya bənzəyir. Çətinlik və müsibətlərlə üz-üzə gəlmiş insana ilahi mərhəmət enmirsə, bunda baiskar onun özü-dür. Bunu ehtiyacların ödənilməsi, bəla və çətinliklərin dəf edilməsi barədə bizə gəlib çatmış peyğəmbər duaları da təsdiqləyir. Bu dualar günahların bağışlanmasına da vəsilədir. Günahlardan təmizlənmə ilə çətinliklərin ara-dan qalxması arasında qırılmaz əlaqə vardır. Bunu Allah təalanın lütfü hesab etmək lazımdır. Həmçinin, Qurani-Kərimin aşağıdakı ayələri göstərir ki, bağışlanıb günahlardan təmizlənmək insana maddi zənginlik bəxş edir: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox ba-ğışlayandır! O sizə göydən bol yağış göndərər; O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağ-çalar yaradır və çaylar axıdar!” (Nuh, 10-12). Günahlar bütün müsibət və bəlaların yeganə səbəbi deyildir. Bu bəlaların səbəblərini aşağıdakı üç bənddə cəmləşdirmək mümkündür:  İnsan oğlu başına gəlmiş bəla haqqında heç ki-mə bir şey deməyərək səbir edir. Susma və səbir onun günahlarının bağışlanmasına səbəb olur. Deməli, həmin bəla və müsibətləri göndərməklə Allah təala bəndənin günahlarını bağışlamaq is-təyir.  İnsanlar düçar olduqları bəlalardan, düşdükləri çətinliklərdən asicəsinə şikayətlənərlər. Bu sə-bəbdən Allah onları cəzalandırar. Elə isə bu mə-qamda bəlaların səbəbkarı insanın özüdür.  İnsan oğlu başına gələn müsibət və bəlaları xoş qarşılayıb, bunu Allahın sınağı kimi qəbul edib, bunda bir xeyrin olduğu qənaətinə gələrsə, mə-qamı rəbbinin dərgahında yüksələr. Bu, peyğəm-bərlərin, Allahın əmrlərinə itaət edən xeyir əməl sahiblərinin, təqva yiyəsi alimlərin məqamıdır. Deməli, bəndə ilahi lütfü qazanmaq üçün günahlar-dan təmizlənməlidir. Özü də bu işdə onun köməyə ehti-yacı vardır. Məhz bu amil bizi bu kitabçanı nəşr etməyə sövq edib. Uca Allahdan hər bir günah üçün etdiyimiz tövbələri qəbul buyurmağını rica edirik. Rəbbimizdən di-ləyirik ki, bizi mərhəmətinə layiq ümmətə çevirsin, hər bir məqamda müsəlmanlara faydamız dəysin deyə bizə yol göstərsin.
11.10.2018
Qloballaşma və mədəniyyətlərin inteqrasiyası özü ilə ciddi problemlər gətirmişdir. Müasir dövrdə “populyar mədəniyyət” deyilən məşum kabus dünyanın mədəni-əxlaqi mənzərəsinin konturlarını istədiyi şəkildə cıza biləcək gücə malikdir. Milli mədəniyyətlərin “sərhəd”ləri tədricən, özü də hiss edilmədən bir-birinə qarışmışdır. Nəticədə, dəyərlərin aşınması prosesi güclənir, əxlaq dəyərləri mənəviyyat müstəvisindən “rəsmiyyətçi” nizam-intizam normaları müstəvisinə daşınır, dini əxlaqın “faydasızlığı” fonunda pozitiv etika daha qabarıq formada təqdim edilir, milli-dini çalarlığı olan ürf-adətlərin populyar mədəniyyət “tiyan”ında “əridilməsi” baş verir. Qloballaşmanın labüd etdiyi modernizm, – deməliyik ki, modernizm ideoloji anlayışdır. O, insanlara müasirlik1  adı altında təqdim olunsa da, əslində liberal-nihilist (həm də hedonist) vesternizm həyat tərzinin təbliğinə xidmət edir, – bir xalqın keçmişi (eləcə də tarixi) ilə bağlı bütün dəyərlərə təhlükə yaradır,  Qeyri-münasib geyimlərin, açıq-saçıqlıq və hedonist həyat tərzinin “müasirlik” kimi başa düşülməsi, namus, qeyrət anlayışlarının həqiqi məziyyətini itirməsi, təbii ki, narahatlıq yaradır. Açıq-saçıqlıq və nihilist yaşam tərzi əleyhinə çıxanların köhnəfikirli, mühafizəkar, mürtəce adlandırılması bizlərə tanışdır. Əslində, müasirlik hər yeni olanı ağına-bozuna baxmadan qəbul etməkdeyildir. Müasirlik – meydana çıxan hər bir yeniliyə sağlam düşüncə ilə obyektiv münasibət bildirdikdən sonra münasib olanın tətbiqidir. Məsələn, bir valideynə yaxınlaşıb, ona övladının geyimi barədə iradımızı bildirsək, gülümsəyər və bunun müasirlikdən irəli gəldiyini, geyindiyinə rəğmən onun tərbiyəli və ağıllı olduğunu söyləyər. Ancaq unutmayaq ki, qeyri-ənənəvi yaşam tərzinin diktəsi ilə övladlarımıza verdiyimiz “azadlıq” və “sərbəstlik” hələlik görünməyən, görünsə belə hiss edilməyən faciənin mövcudluğunu qaçılmaz edir. Avropa və Amerikaya baxaq: ifrat sərbəstlik, intim azadlıq cəmiyyəti və ailə nizamını dağıtmış, həya, qeyrət və mənəviyyata hörmət kimi məfh umları dilin leksikonundan silib atmış, şəhvət naminə hər iki cinsi bir-birinə qarışdırmışdır. İfrat azadlığın (əslində bu azğınlıqdır) nəticələri haqda Cenevrə Şərq Tədqiqatları Mərkəzinin direktoru, professor Simon Jorje deyir: “…Biz boğucu bir vicdan və qeyrət böhranı içindəyik… Biz çırpınan və ölümə yaxınlaşan bir mədəniyyətin şahidiyik. Şübhəsiz, o öləcəkdir, o ölür!” 4 çoxlarının “ümumdünya mədəniyyəti” adlandırdığı ideoloji maşının təkərləri altında onları “əzib” yox edir. Postmodern və liberal yaşayış tərzinin təbliğini asanlaşdırmaq üçün informasiya maşını əla işləyir: əxlaqla, milli-mənəvi dəyərlərlə bağlı hər bir şey köhnəlik kimi təqdim olunur; dəyərlərə və adət-ənənəyə bağlılıq ültramühafizəkarlıq, köhnəlik və gerilik hesab edilir. Bir sözlə, indiki dövrdə dini və milli (geniş mənada: dini-etik, milli-əxlaqi) olan hər şeyə – dəyərlər də bura daxildir – qarşı müasirlik adı altında ideoloji müharibəyə start verilib. Bu, həm ustalıqla, həm də gizli aparılan müharibədir. Qloballaşma zəminində meydana çıxmış inteqrasiya prosesləri o xalqlara, o toplumlara təsir göstərir ki, onların ideoloji müdafiə mexanizmi zəifdir. Təbii ki, söhbət texnoloji inteqrasiyadan getmir. Biz burada ideoloji-mədəni inteqrasiya formasından danışırıq. Yad dəyərlər və mədəniyyət modellərinin asanlıqla ixrac olunmasında hər nə qədər qloballaşmanın adı hallansa da, onların “ayaq tutub yeriməsi”ni başqa bir amillə əlaqələndirmək lazımdır. Bu, yuxarıda dediyimiz kimi, ideoloji müdafiə mexanizminin və ya “immunitet”in zəifl iyi, ya da ümumiyyətlə mövcud olmamağıdır. Bəli, qloballaşma, onu müşayiət edən mədəni inteqrasiya və populyar mədəniyyət əxlaqi dəyərləri laxlatmış, özü də bərk laxlatmışdır. Müşahidələr göstərir ki, pozitiv (insan ağlının müəyyən etdiyi) əxlaq sistemlərinin (belə sistemlərin yaranması o qədər də uzağa gedib çıxmır. Mütəxəssislər başlanğıc tarix kimi XIX əsrin sonlarını göstərirlər) ömrü uzun olmur və qloballaşmanın təsirinə tez məruz qalır. Çünki dövrün tələblərinə müvafiq olaraq insan təfəkkürünün meydana çıxardığı əxlaq dəyərləri (normaları) zaman keçdikcə köhnəlir, yeni “tələbat”lara cavab verə bilmir. Odur ki, köhnəlmişləri yeniləri ilə əvəzləmək lazım gəlir. Namus, vicdan, məsuliyyət, sədaqət... kimi dəyərlər də “quru” və “rəsmi” normalar halına gətirildiyindən həqiqi məzmunlarından uzaqlaşır, müəyyən 5 vaxt keçdikdən sonra “arxaikləşib”, əxlaq səmasının sönən ulduzlarına çevrilir. Məhz bu üzdən biz istər dünya müstəvisində, istərsə də öz cəmiyyətimizdə sözügedən dəyərlərin deqradasiyasının şahidi oluruq. Bəli, şərti və nisbi normalar, deməli, pozitiv normalar, eləcə də pozitiv əxlaq belə bir aqibətə məhkumdur.
11.10.2018
Allahım, heç şübhəsiz, Sən bilirsən ki, mən bu sətirləri ancaq Sənin razılığın və axirətim üçün qələmə almışam. Bəli, məhdud və naqis bəşəri dillə Sənə üz tutmuşam. Adi insanlara xitab edən bəsit şəxs olaraq, Şanına layiq olmayan nöqsanlı söz və ifadələr işləmişəm bu yazımda. Və bu sözlər əzəmətin və böyüklüyünü ifadə etmir. Sözlərimlə atımı mahmızlasam da, büdrədim, Sənə aparan yolda büdrədim. Dilim topuq vurub yanılsa da, bircə Sən bilirsən ki, nəzərdə tutduğun haqqa yetişməkdir niyyətim! Amma biz insanlar hara, Sənin hikmətindəki məqsədləri, Əsrarəngiz Meracda beş vaxt namazın vacib edilməsinə dair ilahi əmr alan peyğəmbərinə vəhy etdiklərinin sirrini anlamaq hara! O peyğəmbərinə ki, namazın tükənməz xəzinəsini bütün incəlik və təfsilatı ilə bizə – yerdəki insanlara çatdırmışdır. Allahım, doğru yazdıqlarıma görə, əməlisaleh bəndələrində olduğu kimi, məni də mükafatlandır. Amma nədə ki yanılmışam, səhv fikirləşib, səhv qiymətləndirmişəm, səhv izah və ifadə etmişəm, Sən də bilirsən ki, ancaq Sənin göstərdiyin Doğru Yolla getmək istəmişəm, odur ki buna görə də məni savabla mükafatlandır. Çünki naqis dilimlə Əzəmətini ifadə etməkdə, qələmimlə Hikmətinin səmasına yetişməkdə aciz olduğumu əvvəlcədən etiraf edirəm. Sən əfv edənsən, bağışlayansan, kərəm sahibisən, mərhəmətlilərin mərhəmətlisisən!
11.10.2018
XX əsrin gəlməsi ilə İslam irsinə dair bir sıra məsələlər aktuallıq kəsb edib müzakirə obyektinə çevrilmişdir. Qloballaşma və qlobal müstəvidə inteqrasiya diktə etmişdir ki, əvvəllər heç vaxt müzakirə olunmamış problemlər indi öyrənilsin. Belə məsələlərdən biri də islam nöqteyi-nəzərindən qadınların sosial-hüquqi statusu məsələsidir. Dolğun təsəvvürün yaranması üçün problemə ana mənbələr – Quran və Sünnə əsasında toxunmaq daha məqsədəuyğundur. Çünki Quran və Sünnənin mövqeyi islamın qadına baxışını bütün aydınlığı ilə üzə çıxaracaqdır. Müsəlman qadınının sosial fəaliyyəti problemindən danışarkən emosional və ekspressiv yanaşmalardan uzaq olmalıyıq. Obyektiv və elmi yanaşma tələb edir ki, tədqiqatçı qarşısına qoyduğu problemə təkcə reallıq və mövcud nəticə baxımından deyil, həm də tarixi-deduktiv metod nöqteyi-nəzərindən toxunsun, mövcud nəticə və reallığı doğurmuş səbəbləri diqqətlə təhlil etsin. Deyilməlidir ki, müsəlman ölkələrində “geridə qalmış, köləsayağı, savadsız, avam, öz hüquqlarından məhrum qadın” stereotipinin günahkarı islam deyildir. Əsrlər boyu Müsəlman dünyasına hakim kəsilmiş bir sıra iqtisadi, sosial-siyasi və psixoloji tendensiyalar bu mənzərənin yaranmasında əsas rol oynamışdır. Fikrimizcə, Məhəmməd peyğəmbərdən (Ona Allahın xeyir-duası və salamı olsun!) sonra sosial-siyasi və mədəni mühit şərtlərinin diktəsi ilə patriarxal ailə düşüncəsi və qadınların hüquqlarını məhdudlaşdıran nöqteyi-nəzər qadın məsələsində mütərəqqi meyllərə, bu da öz növbəsində vaxtaşırı olaraq ənənəvi fiqhi izahlara təsir göstərmişdir. Bir daha vurğulamağı faydalı hesab edirik ki, qadını öz hüquqlardan məhrum edib onu geridə qalmış aciz məxluqa çevirən amil kimi islamı deyil, problemə düzgün münasibət bəsləməyən, ənənəvi baxışlardan imtina edə bilməyən müsəlman zehniyyətini təqsirləndirmək lazımdır. İslam dininə görə qadının sosial həyatdakı mövqeyini müəyyənləşdirmək üçün Peyğəmbərin və səhabələrin zamanında qadınların ailə və cəmiyyətdəki rolunu, qadın-kişi münasibətlərini təhlil etmək lazım gələcəkdir. Çünki problemə məhz bu cür yanaşma islamın qadına bəslədiyi həqiqi münasibəti aşkara çıxara bilər. Elə bu səbəbdən biz görkəmli mütəfəkkir Əbdülhəlim əbu Şəqqənin “Peyğəmbər dövründə qadın azadlığı” adlı fundamental əsərini tərcümə etmək qərarına gəldik. Kitabda toplanmış zəngin faktlar həm dinimizin qadına verdiyi misilsiz əhəmiyyəti, həm də bu əhəmiyyətin Peyğəmbər zamanında praktikada isbatlandığını oxucunun diqqətinə çatdırır. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) zamanında qadınlar dini-ictimai həyatda aktiv rol oynayırdılar. Siyasət, hərb və bilik mövzularında kişilərlə yanaşı, öz sözünü demiş qadınlar da vardı. Onlar islam maarifləndirməsi işi ilə məşğul olur, siyasi vasitəçi rolunu oynayır, qəzəvatlarda iştirak edir, yaralılara su verir, yaralarını sarıyırdılar. Belə qadınlara Səfiyyə bint Əbdülmüttəlibi, Ümmi-Əyməni, Ümmi-Sələməni, Fatiməni, Aişəni, Ümeyyə bint Qeysi, Ümmi-Həbibəni, Nüseybə bint Kə`b əl-Ənsarini, Ümmi-Gülsümü, Ümmi-Hanini, Ümmi-Hakimi, Ümmi-Şəriki, Əsma bint əbu Bəkri və başqalarını göstərə bilərik. Raşidi xəlifələr dövründə də qadınların sosial fəallığı əvvəlki səviyyəsini qoruyub saxlamışdı. Əbəs yerə deyildir ki, xəlifə Ömər Şəfa bint Abdullahı bazar və ticarət divanına başçı təyin etmişdi. Sonrakı dövrlərdə Abbasi xəlifəsi Harun ər-Rəşidin xanımı Zübeydə bint Cəfər əl-Mənsur, ərəb sərkərdəsi Tariq ibn Ziyadın İspaniya səfərində iştirak etmiş, qalalardan birinin qapılarını içəridən müsəlmanların üzünə açmış Aişə əl-Məqzumiyyə, Misir əyalətlərindən birinin valisi olmuş, VII Xaçlı səfərində səlibçilərə müqavimət göstərmiş Sultanə Şəcərüddür, Dehli sultanlığı ordusunun komandiri, sultanlığın hökmdarı, diplomatik siyasəti ilə məşhur Raziyə Begüm, XIV əsrdə Yəməni idarə etmiş, çoxlu məktəb açdırmış, ölkədə əmin-amanlığı bərqərar etmiş, hətta monqol hücumundan Misirin müdafiəsi üçün cihad elan etmiş hökmdar xanım əl-Üdar, Fateh Mehmetin “ana” deyə müraciət etdiyi və osmanlılarla ağqoyunlular arasında diplomatik danışıqların təşəbbüskarı və aparıcısı Sara Xatun, Qarabağ xanlığında Xurşudbanu Natəvan və başqaları sosial sahədə öz sözlərini demiş qadınlar idilər. İslam dinində kişi və qadın bir-birini tamamlayan cütlük kimi nəzərdən keçirilir və bunun isbatı üçün “ən-Nisa” (Qadınlar) surəsinin birinci ayəsinə istinad edilir. Ayədə deyilir ki, kişi və qadının törədiyi kök birdir, onların hər biri digərinin cüt tayıdır. “Qadınlar və kişilər bir bütövün parçalarıdır (və ya: qadınlar kişilərin bacılarıdır)” – deyən də Peyğəmbərin özüdür. Amma Quranda bildirilir ki, kök birliyi onların eyniyyətindən xəbər vermir (Quran, III/36). Kişi ilə qadın, təbii ki, eyni ola bilməzlər. Bu eyniyyətsizlik onların arasındakı fiziki və psixoloji fərqlərlə əlaqəəlidir. Qurani-Kərim və Sünnədə qadın və kişilərin hüquq və vəzifələri təsis edilərkən bu fiziki və psixoloji fərqlər nəzərə alınmışdır. Ayə və hədisləri diqqətlə nəzərdən keçirdikdə görürük ki, oxşar bacarıq və xüsusiyyətlər tələb edən mövzularda qadın və kişilərin hüquq və vəzifələri eynidir. Lakin fərqli bacarıq və xarakteri zəruri edən məsələlərdə həmin hüquq və vəzifələr bir-birindən fərqləndirilir. İslama görə, kişi ilə qadının eyniyyəti mümkün olmadığı kimi, aralarında ayrı-seçkiliyə yol vermək də qəbuledilməzdir. Ayələrdə deyilir ki, hər iki tərəf qazandıqlarına uyğun olaraq bir-birindən üstün ola bilərlər. Qurani-Kərimdə oxuyuruq: “Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərindən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir” (ən-Nisa, 32).
11.10.2018
Ənəs ibn Malik (Allah ondan razı qalsın!) demişdir: “Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) toydan qayıdan qadın və uşaqları gördükdə dikələrək demişdi: “Allah şahid olsun ki, siz ən çox sevdiyim insanlarsınız.” Və dediklərini üç dəfə təkrarlamışdı” . Rəvayət olunur ki, Ənəs ibn Malik (Allah ondan razı qalsın!) deyib: “(Bir dəfə) ənsardan bir qadın uşağı ilə Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yanına gəlmişdi. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) onunla söhbət etdikdən sonra: “Canımı əlində tutan Allaha and olsun ki, siz ən çox sevdiyim insanlarsınız”, – demiş və dediklərini üç dəfə təkrarlamışdı” . Rəvayət olunur ki, Həzrəti Aişə (Allah ondan razı qalsın!) deyib: “Hind bint Ütbə (Peyğəmbərin yanına) gələrək dedi: “Ey Allahın rəsulu, (bundan əvvəl) yer üzündə sənin nəslin qədər Allahın zəlil etməsini istədiyim başqa nəsil yox idi. İndi isə yer üzündə sənin nəslin qədər Allahın güclü etməsini istədiyim digər nəsil yoxdur.” Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) dedi: “Canımı əlində tutan Allaha and olsun ki, bir də de...” . “Əsmadan bir boyunbağı əmanət götürmüşdüm. İtirdim. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) səhabələrini göndərdi ki, boyunbağını axtarsınlar. (Yolda) namaz vaxtı çatdı və onlar namazı dəstəmazsız qıldılar. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yanına qayıtdıqlarında bunu ona xəbər verdilər. (Bu səbəbdən) təyəmmüm ayəsi nazil oldu. Üseyd ibn Hüzeyr (Həzrəti Aişəyə xitabən) dedi: “Allah səni xeyirlə mükafatlandırsın! And olsun ki, səninlə əlaqəli elə bir ayə nazil olmadı ki, Allah onun vasitəsilə sənə çıxış yolu göstərməsin, müsəlmanlara da bərəkət endirməsin!” Rəvayət olunur ki, Ümmi-Əla (Allah ondan razı qalsın!) deyib: “Osman ibn Məz`un vəfat etmişdi. Qüsl edilmiş, paltarları ilə kəfənlənmişdi. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) gəldi. Dedim: “Allah sənə rəhmət etsin, ey Əbu Saib! Təsdiqləyirəm ki, Allah sənə ehtiram göstərib!” Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) soruşdu: “Haradan bilirsən ki, Allah ona ehtiram göstərib?” Dedim: “Atam sənə qurban olsun, ey Allahın rəsulu! Allah kimə ehtiram edər?” Dedi: “O artıq ölüb. Allaha and olsun ki, onun üçün ancaq xeyir diləyirəm. And olsun ki, Allahın peyğəmbəri olsam da, Allahın mənə nə edəcəyindən xəbərim yoxdur”. (Ümmi-Əla deyir:) “Allaha and olsun ki, bundan sonra heç kəsi bilmədiyim şeylə tərifləməyəcəyəm. (Peyğəmbərin dedikləri) məni kədərləndirmişdi və mən yatdım. Yuxuda gördüm ki, Osmanın axıb gedən bir bulağı var. Bunu Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) danışdığımda dedi: “Bu onun əməlləridir” .
11.10.2018
olsun. Hər bir mədəniyyətin, həyat tərzinin, idealogiyanın, inanc, fəlsəfə, təfəkkür, düşüncə və fikir sisteminin əsaslandığı, dayandığı və bəhrələndiyi ana mənbələri və təməl qaynaqları vardır. Son, kamil və cahanşümul bir nizam, mədəniyyət, düşüncə və əxlaq sistemi olan İslam dini və buna bağlı olaraq İslam elmləri də ilahi vəhiy olan müqəddəs kitab Qurani-Kərimə və bu vəhyin insanlara çatdırılması, açıqlanması, izah edilməsi üçün Allah tərəfindən vəzifələndirilən son peyğəmbər Həzrəti Muhəmmədin (sallallahu aleyhi və səlləm) həyatına - sünnəsinə dayanır. Bunlardan əlavə İslamda digər qaynaq və mənbələr də vardır, lakin onlar da Kitaba (yəni Qurani-Kərimə) və Sünnəyə (yəni Muhəmməd Peyğəmbərin həyatı, dedikləri, etdikləri, davranışları, tövsiyyələri, əmr və qadağaları) əsaslanır. Bu iki qaynaq hər zaman və hər yerdə, həyatın bütün sahələrində insanlar üçün, xüsusilə də bu iki qaynağa iman gətirən müsəlmanlar üçün bir istiqamətləndirici, yol göstəricisi və hidayət rəhbəri, energi və güc mənbəyi olmuşdur. Buna görədə əsrlərdir müsəlmanlar və İslam alimləri həyatın hər bir sahəsini əhatə edən İslam dinini öyrənmək, öyrətmək, onu təbliğ etmək, doğru yaşamaq, tətbiq etmək və həyatın bütün sahələrində qarşılaşdıqları problemlərə və məsələlərə münasibət bildirmək, inanc dünyalarını, əqidələrini, hərəkət və davranışlarını, həyat tərzlərini, məsələlərə baxış tərzini doğru tənzimləmək üçün bu iki ana qaynağı dərindən öyrənmiş, ən kiçik detallarına qədər təfərruatıyla tədqiq etmiş, elmi metod və 6 üsullar icad etmiş, müəyyən qayda-qanunlar toplusu ortaya qoymuşlar. Qeyd etmək lazımdır ki, İslam dünyasında dini vəya dünyəvi deyə biləcəyimiz bütün elmlər məhz bir-birinin tamamlayıcısı olan və bir-birindən ayrı düşünülməsi mümkün olmayan bu iki təməl qaynağa dayanır. Qurani-Kərimi sünnəsiz, sünnəni isə Qurani-Kərimsiz təsəvvür etmək mümkün deyildir. Qurani-Kərim mütəvatir, yəni heç bir dəyişikliyə və heç bir təhrifə məruz qalmadan tək bir kitab halında bu gün əlimizə gəlib çatmışdır. Onun bəzi surə və ayələrinin müxtəlif şəkildə anlaşılması, təvil və təfsir edilməsi istər vəhyin gəliş dövründə olsun istərsə də sonrakı dövrdə olsun təbii bir hal olaraq qəbul edilmiş, bu və buna bənzər məsələlər elmi metodlarla həll edilməyə çalışılmış, bu mənada Qurani-Kərim və onun açıqlanması ilə əlaqədar olaraq geniş bir ədəbiyyat meydana gəlmişdir. İlk dövrlərdən etibarən müsəlmanların böyük əhəmiyyətlə üzərində durduqları, Qurani-Kərimin birinci dərəcəli şərhi, təfsiri, izahı və açıqlaması olan, digər tərəfdən müsəlmanların yolunu aydınladan, onlara işıq tutan Peyğəmbərimizin (s.a.s.) sünnəsi də buna bənzər mərhələlərdən keçmişdir. Sadəcə onu demək lazımdır ki, müxtəlif cür xəbərlərə, məlumatlara vəya rəvayətlərə dayandığına görə səhhəti və doğruluğu üzərində hər zaman geniş tədqiqatlar aparılan, anlaşılmasında və tətbiq edilməsində müəyyən ixtilaflar olan Peyğəmbər sünnəsini doğru və sağlam təməllərə dayandırmaq üçün İslam alimləri müxtəlif metod və vasitələrdən istifadə edərək hədis və fiqh elmlərini inkişaf etdirmişılər. Müasir dövr İslam dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən, alim və mütəfəkkirlərdən biri olan Məhəmməd əl- Qəzalinin yazmış olduğu, sadəcə İslam ölkələrində deyil, bütün dünyada böyük maraqla mütaliə edilən və oxuculara təqdim olunan bu kitabı da məhz yuxarıda qeyd etdiyimiz məsələlər üzərində durur. Mərhum müəllifin elmi metod və üsullardan məharətli şəkildə istifadə etməsi, bu sahəylə bağlı məsələlərin həllində əqli və nəqli dəlilləri böyük bacarıqla ortaya qoyması, müasir dövrdə müsəlmanların həyatlarında baş verən əqidə məsələlərindən, sosial, iqtisadi, hüquqi məsələlərə qədər, qlobal məsələlər də daxil olmaqla gündəlik bəzi məsələlərin həll edilməsində xüsusilə Peyğəmbər sünnəsinin yeri, onun doğru anlaşılması və yaşanması kitabın əhəmiyyətini bir daha artırır. Kitabda Peyğəmbər sünnəsinin ortaya qoyulmasında, doğru anlaşılmasında İslam fəqihlərinin, hüquqçularının və hədisçilərinin görüşlərindən, əsərlərindən və metodlarından istifadə edən müəllif öz dərin bilik və geniş elmi təcrübəsinə dayanaraq qarşıya qoyulan məsələləri, problemləri həll etməkdə oxucuya işıq tutur. Kitabda eyni zamanda ənənəvi olan bəzi görüşlərin və düşüncələrin, zaman, məkan və şəraitləri göz önündə tutularaq elmi metodlarla tənqidi vəya əsaslandırılması da xüsusi yer tutur. Müəllifin, cəmiyyəti narahat edən bəzi 7 məsələlərə özünəməxsus üslubla cavab verməsinin arxa planında onun İslam kimi pak, təmiz və müqəddəs bir dinə yalnış bilik, məlumat və əqidələrin girməsinin qarşısının alınması, Qurani-Kərimin və xüsusilə də Peyğəmbər sünnəsinin hər növ xurafatdan uzaq tutulması, eyni zamanda insanları cahilliyə, çaşqınlığa və çətinliyə sövq edən hər cür yanlışlıqdan təmizlənməsi kimi şübhəsiz saf və təmiz bir niyyətinin olduğu görünür. Bütün dünyada olduğu kimi Azərbaycanda da dinlərə, o cümlədən İslam dininə və İslam elmlərinə artan marağı diqqətə alsaq Məhəmməd əl-Qəzali kimi mötədil bir İslam ziyalısının əllərdən düşməyən bu kitabı istər intellektual səviyyəli yüksək ixtisaslı elm adamları üçün, istərsə də bu sahədə mütəxəssis olmayan, lakin dini elmlərlə maraqlanan həmvətənlərimiz üçün böyük töhfədir. İnanırıq ki bu əsər İslamın iki qaynağı, Qurani-Kərimin və xüsusilə də Peyğəmbər sünnəsinin doğru anlaşılmasında və bu istiqamətdə aparılan maarifçilik işində öz faydasını verəcəkdir. Bu əsərin Azərbaycan oxucusuna, onun doğma dilində çatdırılması təşəbbüsünü irəli sürən və onun ərsəyə gəlməsində böyük rolu olan “İdrak” İctimai Birliyinə, idarəçilərinə və çalışanlarına, o cümlədən kitabın hazırlanmasında böyük əməyi olan və zəhmət çəkən hər bir kəsə təşəkkür edir, bu və buna bənzər elmi əsərlərin cəmiyyətimizdə daha çox nəşr edilməsini və oxunmasını diləyirik. Çalışmaq, səy və cəhd bizdən, bərəkət, müvəffəqiyyət və gözəl mükafat neməti bol, rəhməti və məğfirəti sonsuz olan Allahdandır. Elşad MAHMUDOV İlahiyyat elmləri namizədi
Səhifələr 1 2 3 4 5