BİZİM NƏŞRLƏR

11.10.2018
Həzrəti Məhəmmədin həyatını öyrənmək bizim üçün hər zaman aktual və mühümdür. Çünki öyrəndiyimiz həyat peyğəmbərimizin həyatıdır. Peyğəmbər isə etiqad etdiyimiz dinin – İslamın özüdür, məhək daşıdır. Hər hansı bir ideologiyanı, fəlsəfi ideya və cərəyanı, fikir məktəbini tədqiq edərkən banilərini və əsas nümayəndələrini də öyrənirik. Din də belədir; onu ikinci və ya üçüncü dərəcəli ədəbiyyatdan deyil, ana mənbədən – Peyğəmbərin öz dilindən, öz həyatından öyrənməliyik. Doğru yanaşma budur! Allah Təala bəşəriyyəti zülmətdən: şirkdən, zəlalət və küfrdən xilas etmək üçün vaxtaşırı olaraq insanlara peyğəmbərlər, şəriətlər, əmr və qadağalar göndərmişdir. İnsanlar bu ilahi lütf sayəsində həyatın mahiyyəti və fəlsəfəsini başa düşmüş, həqiqət və xoşbəxtliyin mənbəyi və yerini müəyyənləşdirmişlər. İnsan öz zəkası ilə kainatı yaradan qüvvənin aşkarlaya, onun Allah olduğunu müəyyən edə bilər, amma Ona yaxınlaşmağın, ibadətin, qurtuluşun yollarını tapa bilməz. Bu səbəbdən bizə vəhy, yəni peyğəmbər lazımdır. Həzrəti Məhəmmədin həyatını təhlillə, müqayisə və mühakimə ilə müşayiət olunan diqqətli mütaliəyə təhkim etsək, “Peyğəmbərlik nədir?” sualına ən dolğun cavabı tapmış olacağıq. Çünki peyğəmbərlik institutu onun həyatında bütün tərəfləri ilə əks olunmuşdur. Uca Allah əmr edir ki, insanlar peyğəmbərlərə iman gətirsinlər. Peyğəmbərə iman onu sevməkdir, gətirdiyi əmr və qadağalara, buyruq və təlimlərə riayət etməkdir. Quranda deyilir ki, Peyğəmbərə itaət Allahın sevgisinə səbəb olur . Əgər Peyğəmbərə iman gətirdiyimizi iddia ediriksə, onu sevməliyik, onun kimi əxlaqlı olmalı, ibadət etməliyik, Sünnəsini yaşatmalıyıq. Bunun üçün Peyğəmbərin həyatını – Sirəti öyrənmək lazım gələcəkdir. Söhbət onun bioloji və ya tarixi həyatından deyil, missiya ilə, ilahi vəzifə ilə, təbliğ və əməli fəaliyyətlə dolu həyatından gedir. Sirət, yəni missiyalı həyat – yazılı Quranın praktik Quranla əvəzlənməsidir. Çünki Peyğəmbərə vəhy gəlirdi və o, bu vəhyi nəzəri formada saxlamır, əvvəlcə öz həyatına aşılayır, daha sonra yaşadığı cəmiyyətdə tətbiq edirdi. Və ya belə deyə bilərik: Sirət nəzəri vəhyi real həyata tətbiq etmək üçün Peyğəmbərin atdığı əməli addımlardır. Biz Həzrəti Məhəmmədin həyatını obrazlı şəkildə “rəbbani layihə” də adlandıra bilərik. Peyğəmbərin – icra, Allahın nəzarət etdiyi, fərdlə başlanıb, ümmətlə başa çatan, dünyanın ən çətin dövründə məhdud imkanlarla həyata keçirilən rəbbani layihə! Qeyd edək ki, Sirət və Sünnə fərqli anlayışlardır. Sünnə hökmlər məcmusu olduğu halda Sirət bu hökmləri tətbiqdir. Bu baxımdan hökmləri – ayə və hədisləri obyektiv məzmunda başa düşmək üçün Sirəti öyrənməliyik. İndiki dövrdə Sirətin öyrənilməsi məsələsi səhv yanaşmalara, naqis baxışlara tuş gəlmişdir. Bu, Sirəti öyrənməyin əhəmiyyətini başa düşməmək, onu necə öyrənməyi, müəyyən məqam və vəziyyətlərdə Peyğəmbərin bu və ya digər sözünü, davranışını necə tətbiq etməyi bacarmamaq problemidir. Çox vaxt görürük ki, Həzrəti Məhəmmədin həyatı tarixi-xronoloji aspektdə öyrənilir. Bəzən də o, nəzəri baxımdan tədqiq olunur, tərbiyəvi-mənəvi tərəfi olmayan “quru” konfranslar keçirilir. Həmçinin Peyğəmbər həyatını təbərrük məqsədilə, sosial həyatdan qopuq vəziyyətdə öyrənən, “ilahi”lərdə yaşadan tendensiya mövcuddur. Bütün bunlar naqis yanaşmanın təzahür formalarıdır. Peyğəmbərin həyatını müəyyən prinsiplər, qaydalar və “Nə üçün?” sualı əsasında öyrənmək, lazımi nəticələrə gəlmək, həyatının hər məqamından dərs və ibrət çıxarmaq düzgün yanaşmanı əks etdirəcəkdir. Biz “Peyğəmbər nə vaxt anadan olmuşdur?” sualına deyil, “Peyğəmbər nə üçün anadan olmuşdur?” sualına cavab tapmalıyıq. Çünki Peyğəmbərin həyat xronologiyası bütün tərəfləri ilə tarix və “sirət” kitablarında dərc olunmuşdur. Lakin “Peyğəmbər filan vaxt nə üçün bu seçimi etmişdir?” kimi suallara cavabların toplandığı klassik mənbə və ədəbiyyat, demək olar ki, yox dərəcəsindədir. Deməli, Həzrəti Məhəmmədin missiyasını düzgün başa düşmək üçün onun həyatını qaydalar, prinsiplər, müddəalar əsasında öyrənməli, problemi bu cür qoymalıyıq: Peyğəmbər nə üçün belə hərəkət etmişdir? Həzrəti Məhəmmədin həyatını düzgün öyrənsək, onun, həqiqətən də, peyğəmbər olduğu qənaətinə gələcək, ona sevgimiz və imanımız artacaqdır. Sirəti hərtərəfli və məqsədyönlü şəkildə öyrənən şəxs Həzrəti Məhəmmədin ali nümunəviliyinin şahidi olacaqdır. Görəcəkdir ki, Peyğəmbər hər kəs: gənclər, valideynlər, rəhbərlər, müəllimlər, dostlar, ailə başçıları... üçün nümunədir, özü də ideal nümunədir. Axı insan bitkin həyat yaşamaq üçün özünə ideal axtarır. Peyğəmbər isə ən yaxşı idealdır, çünki nümunəvidir. Kim həyat okeanında ideal axtarışına çıxmışsa, “Sirət” dənizində “lövbər” salsın. Unutmayaq ki, Peyğəmbər həyatımıza istiqamət verəcək, bizi ucuz dəyərlərdən uzaqlaşdırıb ülviyyətə yüksəldəcək mənəvi zənginlik nümunəsidir. Quranı, deməli, islamı doğru başa düşüb tətbiq etmək istəyənlər Peyğəmbərin həyatını öyrənməlidirlər. Çünki Quran Peyğəmbərə nazil olmuşdu və o, Allahın kəlamını düzgün başa düşmüş, ən doğru şəkildə təfsir və tətbiq etmişdir. Yəni, Quran və islamın təlimləri Peyğəmbərin həyatında bütün dəqiqliyi və aydınlığı ilə əks olunmuşdu. Peyğəmbərin həyatını yuxarıda göstərilmiş əsasda öyrənmək imkan verəcəkdir ki, bizdə onun Allahın təlimlərini – islamı insanlara necə çatdırdığına, necə təbliğ etdiyinə dair obyektiv məlumat formalaşsın. Biz dini maarifləndirmə işinin prinsip və qaydalarını, mərhələlərini, bu zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarını öyrənmək istəyiriksə, Sirəti oxumalıyıq. Dövlət və qeyri-dövlət qurumlarında işləyənlərin, rəhbər vəzifə tutanların Peyğəmbərin həyatından öyrənəcəkləri çox şey vardır. Çünki Həzrəti Məhəmməd yaxşı rəhbər, bacarıqlı icma başçısı olmuşdur. Allaha yaxınlaşmaq, nəfslərini tərbiyə etmək, ibadətin şirinliyini hiss etmək istəyənlər də Sirəti öyrənsinlər. Peyğəmbər bizə həqiqi zahidliyin, təqva və ibadətin nə olduğunu öyrədəcəkdir. Bizneslə məşğul olanlar ticarətin qaydalarını, halal ruzinin qazanılması yollarını, borc verib-alma ədəb-ərkanını, dürüst ticarət münasibətlərini öyrənmək istəyirlərsə, Peyğəmbərin həyatını oxusunlar.
11.10.2018
Bəşəriyyətin inkişafında ayrı-ayrı şəxsiyyətlərin rolu istisna edilmir. Onlar tarixin məcrasını daima dəyişmiş, cəmiyyətdə ya müsbət, ya da mənfi təbəddülat yaratmışlar. Hər iki hal, yəni istər müsbət, istərsə də mənfi təbəddülatlar son nəticədə tərəqqiyə səbəb olmuşdur. Bununla da, bəşəriyyətin bugünü dünənindən fərqlənmiş, yeni-yeni dəyərlər meydana gəlmişdir. Ayrı-ayrı şəxsiyyətlərin müsbət nailiyyətləri dünyamıza ancaq xeyir bəxş etmişdir. Peyğəmbərlər də belə şəxsiyyətlərdəndir, bəlkə də, onların fövqündə dayanırlar. Peyğəmbərlər Səmanın elçiləridir. Onların gətirdiyi dəyərlər ülviyyətə, böyüklüyə, insanpərvərliyə xidmət edir. Onlar haqqı bərpa edib, ədaləti təmin etmək üçün göndərilmişlər. Peyğəmbərlik təlimlərində etik-didaktik, üstün mənəvi cəhətlər mövcuddur. Bu cəhətlər bizdə humanizm, əxlaq ülviyyət aşılayır və biz mənəvi təkamüldən keçirik. Maddiyyatın hakim kəsildiyi dünyada mənəviyyatı qorumaq üçün peyğəmbərlərin keçdiyi keşməkeşli, əzablı və iztirablı yoldan götürüləcək çox şey var və onların əxlaq təlimləri əvəzsizdir. Peyğəmbərlər tarixini öyrənmək, həm də keçmişə səyahətdir, özü də tərbiyə edici səyahətdir. Bu aləmə səyahət edənlər mənən zənginləşir, üstün əxlaqi keyfi yyətlər qazanırlar. Düşünürük ki, bu səbəbdən Hacı Sabir Həsənlinin “Peyğəmbərlər tarixi” kitabı oxuculara bir töhfədir, ərməğandır. Müəllif kitabda müxtəlif mənbələri araşdırmış, məlumatları saf-çürük etmiş, ayrı-ayrı peyğəmbərlər haqda zəngin bilgilər vermişdir. Onların həyatına, haqqı təbliğ fəaliyyətlərinə işıq salmışdır. Kitabda oxucuya mənəvi zövq verəcək, bilik dairəsini genişləndirəcək qiymətli məlumat toplanmışdır. 4 Ümidvarıq ki, Hacı Sabir Həsənlinin «Peyğəmbərlər tarixi» kitabı oxucuların rəğbətini qazanacaq, respublikamızda sevilə-sevilə oxunan ədəbiyyat sırasına daxil olacaqdır. «İdrak» İctimai Birliyi
11.10.2018
urani-Kərim – dünya qocaldıqca cavanlaşan əbədi salna-mə! İnsanları əsrarəngiz formada özünə çəkən, məxsusi möhtəşəmliyi, həm də cazibədarlığı ilə zehinlərə hakim kəsilən müqəddəslik! Böyüklük və sadəliyin, məsumluq və ahəng-darlığın, fövqəltəbiilik və rasionallığın real-ideal vəhdəti! Səma-nın yerə lütf ərməğanı! Quran əbəs yerə təriflənən, alqış tutulub təqdir edilən ki-tab deyildir. Məzmun və forma baxımından fövqəladəliyi, ehtiva etdiyi nəzəri və əməli prinsiplərin, sosial-siyasi qanunauyğunluq-lar və əxlaq dəyərlərinin həmişəyaşarlığı, problemlərə yanaşma metodikasının kompleksliyi, ən əsası isə İlahi Kəlam olmağı və endirildiyi gündən bu yana zamanın təshihinə, bəşərin təhrifinə meydan oxumağı Qurana ölməzlik qazandırıb. Bütün bu nəzəri tərəfləri ilə yanaşı, Quran tarixən də praktikliyini göstərmiş, özü-nü doğrultmuşdur. Onun təlimlərinə sarılan erkən dövr müsəl-manları yaşadıqları coğrafiyanın sosial-siyasi və mədəni mənzə-rəsini çox qısa zaman kəsiyində (təxminən 25 il) dəyişdirməyi ba-carmışdılar. Əslində biz bu uğurun sirrini Quranda öz əksini tap-mış bir sosial qanunauyğunluqda axtarmalıyıq. Bu, “öz”ün dəyiş-dirilməsi ilə ətraf aləmin dəyişdirilməsi qaydasıdır. Çünki intiba-hın baş verməsi ictimai-siyasi və etik-mədəni fəaliyyətin davamlı-lığı fonunda mümkündür. Emosional çılğınlıq, ekspressiv oyanış bu və ya digər dəyişikliklərə səbəb olsa da, heç vaxt köklü, inqilabi təbəddülat yaratmır. Belə bir təbəddülat əlverişli daxili mühitin formalaşmağından, özü də şüurlu və məqsədyönlü surətdə for-malaşmağından asılıdır. Bəli, Quran Cahiliyyət dövrünün barbar zehniyyətinin təshihini aparmaqla onun elmi-mədəni, əxlaqi və siyasi cəhətdən təkamülünü təmin etdi. Bununla da dünənin geri-dəqalmış, savadsız ərəbləri Orta əsrlərin elm və mədəniyyət pio-nerlərinə çevrildilər. Tarix sübut etdi ki, Quran adi nəzəri kitab deyildir, əksinə, xalqları hərəkətə keçirən, zamanın gedişini, ha-disələrin məcrasını dəyişən sosial-mədəni və siyasi dəyişikləri tə-min edən, əxlaq dəyərlərinin aşınmasını əngəlləyən praktik təli-matların məcmuyudur. Erkən dövr müsəlmanları Quranın stimulverici xüsusiyyət-lərinə yaxşı bələd olduqları üçün tərəqqi və intibah təmsilçiləri, ədalət və haqq carçıları adını qazandılar. Onlar bu müqəddəs ki-tabın nəzəri və praktik tərəflərini vəhdətdə götürməklə onu siya-sətin, mədəniyyətin, elmin, sosial və fərdi həyatın tənzimləyicisi halına gətirdilər. Odur ki, inkişaf etdilər, mədəniyyət qurdular. Həmin dövrdə Qurana bağlılıq mexaniki və formal xarakter daşı-mır, praktikliyi ilə fərqlənirdi. Ancaq sonralar vəziyyət dəyişdi: Quran müsəlmanların nəzərində fərqli status qazandı. Xalq onu təbərrük üçün oxumağa başladı. Cəmiyyət daxilində Quranın sosial mahiyyətinin üstün-dən xətt çəkildi. Alimlər: təfsirçilər, hədisçilər, fəqih və üsulşünas-lar Qurana fiqhi hökmlərin çıxarıldığı mənbə gözü ilə baxdılar. Nəticədə Quran sosial həyatdan təcrid edilib adi ibadət kitabı ha-lına gəldi. Qurandakı sosial-siyasi göstərişlər ondakı ibadət və əx-laq mövzularının fonunda “cılızlaşdırıldı”, müsəlmanların ona münasibəti formal xarakter aldı. Onlar bu müqəddəs kitabın en-dirilmə məqsədini unutdular. Ağıllarına belə gətirmədilər ki, Qu-ran onlara düşünüb-ibrət alsınlar deyə endirilib. Müsəlmanların Qurana formal münasibəti XX əsrin 70-ci illərindən etibarən İslam dünyasındakı elmi-mədəni oyanışın fo-nunda daha qabarıq surətdə özünü göstərdi. Sözügedən oyanışın ideya rəhbərləri problemin ciddiliyini baş düşdükləri üçün bu is-tiqamətdə əməli addımlar atmaq qərarına gəldilər. Onlar yaxşı başa düşürdülər ki, ümməti ümmət edən Qurana müsəlmanların sadəlövh və nadan münasibəti dəyişmədikcə mədəni-elmi intibah baş verməyəcəkdir. Problemin səbəbləri və çıxış yolları araşdı-rıldı, konfranslar keçirildi, əsərlər yazıldı. Düşünürük ki, məlum problemə həsr edilmiş ədəbiyyat arasında Şeyx Məhəmməd Qə-zalinin “Qurana münasibətimiz necə olmalıdır?” kitabı özünə-məxsus çəkiyə və elmi-praktik əhəmiyyətə malikdir. Çünki mər-hum Qəzali bu kitabda problemin səbəblərini göstərə bilmişdir. Müəllifə görə, Qurana münasibət böhranının kökündə bu mü-qəddəs kitabın həqiqi missiyasının unudulması yatır. Ustad Qə-zalini ənənə halını almış aşağıdakı təmayül narahat edirdi: “...mü-səlmanlar ilk əsrlərdən sonra əsas diqqətlərini Quranın oxunuşu qaydalarına, hərflərin dəqiq tələffüzünə, nəğməli və uzun tələffüz edilən hərflərə, bir sözlə, onun formasına yönəltmişlər. (Halbuki) Quran göndərilib ki, düşünək, başımızı işlədək, nəticə çıxaraq, dərk edək! Ancaq biz hara, düşünüb dərk etmək hara! Haradadır düşünüb ibrət almaq?! Mənaya nüfuz etməyən, məqsədi anlamayan səthi qiraətlə bu mümkündürmü? Təbii ki, yox!” Bu səbəbdən o təklif edirdi ki, Quranı ciddi şəkildə, şüurlu surətdə, kompleks formada öyrənək: “Quranı öyrənmək dedikdə: a) onu oxumaq; b) başa düşmək; v) düşünüb dərk etmək; q) ila-hi qanunauyğunluqları, mədəni öndərliyin ünsürlərini aydınlaş-dırmaq; ğ) tövsiyələrdən, hökmlərdən, həvəsləndirmə və çəkin-dirmə göstərişlərindən, mükafat və cəzadan xəbərdar olmaq başa düşülür. Bir sözlə, itirilmiş qüdrətin geri qaytarılması üçün mü-səlmanların möhtac olduqları hər bir şeyi əldə etmələri Quranı öyrənməkdən asılıdır”. Quranı Müsəlman Şərqindəki geriliyin əsas “baiskar”ı kimi təqdim edənlərə mərhum Ustadın cavabı tutarlı olmaqla yanaşı, həm də mövcud müsəlman reallığını çox gözəl əks etdirir: “Qu-ran şəxsiyyət yetişdirir, xalqları tərbiyə edir, mədəniyyət qurur, – budur onun qüdrəti, budur onun ülviyyəti! Əgər bir insan yan-maqda olan qəndilin işığını görmürsə, deməli, gözləri qapalıdır. Problem işıqdan faydalanmaq istəməyən qapalı gözlərdədir, qən-dildə deyil!” Öz kitabında Şeyx Qəzali Qurana münasibətin formallı-ğından söz açır, onun təbərrük və ibadət kitabı halına gətirilmə-sindən şikayətlənir, ondakı sosial qanunauyğunluqların öyrənil-məsini müsəlmanlardan tələb edir. Bir sözlə, müəllif müsəlman-lara bir şeyi təlqin etməyə çalışır: onlar Quranı şüurlu surətdə öy-rənib, onu qarelərin oxuduğu “musiqi” kitabından həyatın bütün sahələrinə stimul verən universal kitab halına gətirməlidirlər. Bəli, bu çox vacibdir: “Düşünmək, ibrət çıxarmaq ona görə lazımdır ki, bu ümmətə nələrin lazım olduğunu dərk edək, bəşəriyyətə yeni-dən böyüklük edib xeyrə yol açsın deyə itirilmiş əvvəlki mövqe-yini ona qaytaraq... Təəssüf ki, Quranımızı, demək olar ki, itir-mişik. Ona böyük qarelərin tilavətində musiqi kimi qulaq asırıq. Oxuyanda da mənasını başa düşmədən, kor-koranə oxuyuruq. Çünki ah-vah etməyə, gözəl tilavət dinləməyə öyrəşmişik, bunun-la da işimizi bitmiş sanırıq”. Kitabının sonunda Ustad Qəzali yazır: “Əvvəlki qüdrəti-mizi geri qaytarmaq üçün kitabımıza sahib çıxmalıyıq; ruhumuzu Quranla qidalandırıb ona bələd olduqdan sonra hərəkətə keç-məliyik”. Bəli, Quranımızı öyrənməliyik! Bu işdə bizə “Qurana mü-nasibətimiz necə olmalıdır?” kitabı kömək ola bilər. Əziz oxucu! Müqəddəs kitabımıza münasibəti dəyişdirmə-yin vaxtı çatıb. Bu kitabı oxu, onda görəcəksən ki, ilk baxışdan haqlı görünən ənənəvi baxışların ciddi redaktəyə ehtiyac vardır. Peyğəmbərimiz demişkən: “Məgər cəhalətin şəfası soruşub-öy-rənməkdə deyil?!” Elvüsal Məmmədov AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
11.10.2018
Ailə insan həyatının əsasıdır. Həyatın strukturunu əmələ gətirən də, ondakı proseslərə istiqamət verən də ailə qurumudur. Cəmiyyətin funksionallığı, bazis və üstqurumunun inkişafı, üzvləri arasında münasibətlərin yaxşılaşması məhz ailə təsisatından asılıdır. Ana ailənin əsasında duran fiqurdur. Ailəyə canlılıq qazandıran ana ailə üzvlərini bir yerə cəm edən qüvvədir; onlar həyatın “əti və ruhu”nu anaların əlindən qəbul edərlər. Həqarətlə, alçaltma ilə, əxlaqsızlıq və abırsızlıqla analıq dəyəri yox olarsa, həyatın mənası qalmaz, ləzzəti hiss olunmaz, istiliyi və salamatlığı əldən çıxar. İslam dini analıq hissinin, ailə qurumunun əhəmiyyətini yüksək qiymətləndirmiş, hüquqlarını müəyyən etmiş və qorumuşdur. Bu dinə görə, ailədaxili münasibətlər sevgi və şəfqətə, xeyirxahlıq və ülviyyətə əsaslanmalıdır. Bu tədqiqat qadının şərəf-izzəti ilə əlaqəli ailə problemlərindən biri haqqındadır. Qadının şərəf-izzəti insanlığın şərəf-izzətidir. Şəriətin məqsədləri həyata keçsin deyə, dəyişən dünyamızda ailələr möhkəmlənsin deyə, gələcək nəsillər müsəlmana layiq güc-qüvvətdən, əmin-amanlıq və şərəf-izzətdən nəsiblərini alsın deyə, dövrün problemlərinə sinə gərməklə islam missiyası tamamlansın deyə çalışmaq lazımdır. Uğur Allahdandır və O, doğru yolu göstərəndir! Əbdülhəmid əbu Süleyman 15 yanvar 2002-ci il
11.10.2018
Mərhəmətli və Rəhimli Allahın adı ilə! İslam forma və məna, mahiyyət və təzahür, ağıl və iman komponentlərinin ideal vəhdətinə əsaslanan, elmi-mədəni, sosial-siyasi, iqtisadi-məişət, hüquqi-əxlaqi və ibadət münasibətlərini tənzimləyən dindir. Bu dinin təlimlərindəki universallıq, ümumilik və həmişəyaşarlıq imkan verir ki, yeri və zamanından asılı olmayaraq, bütün mürəkkəb vəziyyət və qeyri-ənənəvi hallara münasibət bildirmək mümkün olsun. Nəzərə alsaq ki, bəşər cəmiyyəti üçün müxtəlif sahələrdə davamlı dəyişilmələr xasdır, onda bu dəyişilmələri tənzimləyən, onlardakı müsbət və mənfi tərəfləri ayırd edən, mövcud vəziyyəti insanlığın mənafeyinə istiqamətləndirən qanun və təlimlərin “hakimi-mütləq”, ya da universal olmağı lazım gəlir. Belə qanun və təlimlər tərəqqi ifadə edən təbəddülatı alqışlayır, müasirləşmə adı altında təqdim olunan mənfi təmayüllərə “yox” deyir. Təbii ki, nəyin yaxşı, nəyin də pis olmağını ayırd etmək üçün həmin təlimlər bəzən xeyri şər, şəri də xeyir olaraq göstərən insan təbiətinə bələd olmalı, şıltaqlıqlarının diktəsi ilə hərəkət etməsin deyə adəm oğlunun nəfsini saflaşdıracaq dəyərlər təqdim etməlidir. Səmanın yer üzünə son hədiyyəsi sayılan islam, yuxarıda dediyimiz kimi, bu cür təlimlərə sahib dindir. Bu dinin universallığının nəticəsidir ki, o, bəzən mühafizəkar, bəzən də yenilikçi olur; haqlı inkişafa təkan verir; bəşəriyyətin maddi və mənəvi tərəqqisinin vəhdətinə xeyir-dua oxuyur. Çünki “cavan” qalmaq şərti ilə böyümək, mənliyi və kimliyini itirmədən inkişaf etmək islamın təbiətini səciyyələndirir. Odur ki, ona uşaqlıq, cavanlıq və qocalıq mərhələləri xas deyildir. Mələklərin insan oğluna gətirdiyi ilahi ərməğan öz zərifliyini, ülvi nəfisliyini, hey alışıb-yanan parlaqlığını itirərmi?! Amma biz dəyərlərin aşınması və insanlığın itirilməsi ilə müşayiət olunan “müasir” proseslər qarşısında islamın haqlı mühafizəkarlığını da görürük. Bəli, bu cür mühafizəkarlıq lazımdır, özü də yaşadığımız dövrdə çox aktualdır. Bu din insan oğluna bioloji, intellekt, mənəvi və vicdan komponentlərindən ibarət bir bütün olaraq baxdığından onun, eləcə də cəmiyyətin inkişafını sözügedən komponentlərin vəhdəti ilə şərtləndirir. Maddi inkişafın fonunda mənəviyyatın tənəzzülü islama yad olduğu kimi, bioloji instinktləri “qidalandırıb”, mənəviyyatı “ac” saxlamaq, əqlən kamilləşib, vicdanən yoxsullaşmaq da bu dinin qəbul bilmədiyi paradoksallıqdır. İslamın böyüklüyü də məhz bundadır. Hər şeyi yerli-yerində edən, məqamına görə ya “hə”, ya da “yox” deyən ustad bir dinin böyüklüyü! İslamın universallığı və həmişəyaşarlığı onun Allahın dini olmağından irəli gəlir. Allahın elmi hər şeyi, o cümlədən yaratdığı insan oğlunu, formalaşdırdığı cəmiyyəti və sosial qanunları ehtiva etdiyindən Onun məhz bu dünya üçün, deməli real bəşəri həyat üçün göndərdiyi ilahi təlimlərdə hər bir şey nəzərə alınmışdır. Biz hər şey dedikdə inkişafda zaman və məkan amillərini, insanın təbiətindəki obyektiv və subyektiv təmayülləri... nəzərdə tuturuq. Səmada bu təlimlər işlənib-hazırlanarkən zaman və məkan fərqləri, insanların mədəni, elmi, əqli səviyyələrinin müxtəlifliyi nəzərə alınıb; bugün və sabah, ənənə və inkişaf vəhdətdə götürülüb. Amma pozitiv (insan ağlının məhsulu sayılan) qanunlara bu hal xarakterik deyil. Çünki ağlın “görmə” qabiliyyəti məhduddur; bütün dövrləri, fərqlilikləri nəzərə alacaq gücə sahib deyildir. Odur ki, vaxtaşırı olaraq pozitiv qanunları yeniləri ilə əvəzləmək zərurəti yaranır. Düşünürük ki, islamın universallığı və əbədiliyi, həm də onun hökmlərinin mahiyyətindən irəli gələn nəticədir. Bu hökmlər formal olaraq əmr və qadağa, tövsiyə və xəbərdarlıq ifadə etmir. Hər bir əmrin, qadağanın, tövsiyə və xəbərdarlığın bir məqsədi vardır. Bir sözlə, hökmün formasına deyil, məzmununa, zahirinə deyil, mahiyyətinə nəzər salmaq lazımdır. Biz bu və ya digər hökmü zəruri edən səbəbdən və ya bu hökmdəki məqsəddən danışırıq. Onu da deyək ki, bu dünya ilə əlaqəli bütün hökmlərin – istər dini, istərsə də qeyri-dini olsun fərqi yoxdur – bir hikməti, məqsədi vardır. Orta əsr müsəlman alimi İzzəddin ibn Əbdüssəlam (vəfatı –1209) deyirdi: “O davranış (hərəkətin, sözün...) ki, məqsədini bəyan edə bilmir, puçdur”. Biz bu sözü bir az redaktə etmək istəyirik. Bəli, bütün hökmlər müəyyən məqsəd daşıyır. Amma heç də bütün dini hökmlərin hikmətini, məqsədini açıqlamaq mümkün deyildir. Elə əmr və qadağalar vardır ki, onların ifadə etdiyi məqsəd (hikmət) gizlidir və yalnız Allaha məlumdur. Deməli, şəriətdə bu və ya digər hökmün mövcudluğu müəyyən məqsədə xidmət edir. Bu məqsədləri öyrənən elm “məqasid” adlanır. Bu elm öyrədir ki, islamın hökmləri bu və ya digər hikmətə (müdrikliyə) əsaslanır; bəzi şeyləri qadağan edib, bəzilərinə də icazə verməklə şəriət qanunları müəyyən müsbət nəticələr əldə etməyi məqsəd güdür. “Şəriətin məqsədləri” (məqasid) dedikdə, həm də islam hökmlərinin nə üçün çıxarılması, onlardakı məqsəd, bu hökmləri verməklə hansı mətləbin güdülməsi başa düşülür. Qeyd edək ki, “məqasid” təlimini inkişaf etdirmək müasir islam fikrinin əsas prioritetlərindən biridir. Müsəlman dünyasını gerilik girdabından çıxarmaq, saysız-hesabsız problemlərini həll etmək üçün islahatçı-novator mütəfəkkirlər bu təlimin əhəmiyyətini yaxşı başa düşürlər. Çünki dinin (şəriətin) məqsədləri problemini öyrənmək müsəlmanların geriliyinə səbəb olmuş bir sıra ənənəvi yanaşmaların doğru olmadığını isbatlayacaqdır. “Məqasid” təlimi imkan verəcəkdir ki, islamın mahiyyətini hərtərəfli başa düşək, onun əsas iki mənbəyinə: Quran və Sünnəyə doğru-düzgün münasibət bəsləyək. Axı bizdən Quran və Sünnəyə səmimiyyətlə yanaşı, həm də şüurlu şəkildə münasibət bəsləmək tələb olunur! Sağlam yanaşma hissi yanaşmanın qabaqladıqda Quran və Sünnə düzgün başa düşüləcəkdir ki, bu da müxtəlif sahələrdə özünü göstərən çatışmazlıqların müəyyənləşdirilib aradan qaldırılmasını təmin edəcəkdir. “Məqsəd”ləri öyrənməklə biz iki təhlükəli yanaşmadan uzaq durmağı bacaracağıq: ifratçılıq və laqeydlik (sərbəstlik)! Nə bəziləri kimi hər şeyə “yox” deyib “Haramdır!”, “Qadağandır!” şüarlarını daşıyacağıq, nə də hər şeyə “Halaldır!” damğasını vurub islamı nəfsin istəklərinə tabe edənlər kimi davranacağıq! “Məqasid” təlimi bizi lüzumsuz “bəli”lər və “yox”lardan xilas edəcəkdir. Şəriətin məqsədlərinə vaqif olanlar islama çağırış işində – dəvətdə də uğur qazanacaqlar. Onlar tədricilik və dözümlülük prinsipini əldə bayraq edəcək, mötədilliyə sadiq qalaraq ayrı-ayrı fərdləri və cəmiyyəti islamın qəbuluna, mənimsənilməsinə hazırlayacaqlar. “Məqasid” təlimi bizə fiqhi ixtilaflara səbəb olmuş bəzi dini mətnlərdəki (ayələr, hədislər) “məqsədlər” haqda məlumat verəcəkdir. Misirli mütəxəssis Casir Övdənin qələmə aldığı “Şəriətin məqsədləri (yeni başlayanlar üçün)” kitabı islamı araşdıran mütəxəssislər üçün qiymətli mənbədir. Kitabda aşağıdakı məsələlər öyrənilmişdir: - Şəriətin məqsədləri dedikdə nə başa düşülür; - “Məqasid” təlimi hansı tarixi inkişaf mərhələlərini keçib; - “Məqasid” təlimini araşdırmış ən görkəmli alimlər kimlərdir; - “Məqasid” təlimi islam dünyasının problemlərinin həllində hansı rolu oynaya bilər; - “Məqasid” təlimi və müasir problemlər (insan haqları, sosial ədalət, qeyri-ənənəvi məsələlərdə ictihad, məzhəblərarası yaxınlaşma...). Əziz oxucu! Sən bu kitabı mütaliə etməklə dinimiz islamı dərindən öyrənəcək, onun əngin ümmanında qərq olmadan üzəcək, doğru qənaətə gəlib, mahiyyətə varacaq, zahirə aldanıb haqdan sapmayacaqsan. Sonda, ümid edirik ki, hörmətli oxucularımız müəllifi və kitabın tərcüməsini ərsəyə gətirənləri öz dualarında unutmayacaqlar. Elvüsal Məmmədov AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
11.10.2018
Nə qədər şəkk və şübhə altına alınsa da, uzun müddətdir ki, filosof və tarixçilərin müzakirə və mübahisə obyektinə çevrilsə də, şübhəsiz ki, tarixin bütün çevrilişləri və həlledici anlarında şəxsiyyətin rolu əvəzsiz və inkaredilməzdir. Bəzən ən təbəllüdatlı dövrünü yaşayan cəmiyyət məhz hər hansı böyük şəxsiyyətlərin heyrətamiz təşkilatçılıq və düşüncə qabiliyyətləri nəticəsində xilas olmuş və ya əksinə, çiçəklənən bir cəmiyyət iradəsiz, qabiliyyətsiz rəhbərlər tərəfindən məhvə sürüklənmişdir. Bütün bəşəriyyət tarixi bu cür misallarla doludur.həmin misallardan çıxan nəticə isə budur ki, təşkilatçılıq və düşüncə qabiliyyəti yüksək olan şəxsiyyətlər tərəfindən idarə edilən cəmiyyətləri daha perspektivli və çiçəklənən gələcək gözləyir. Bu gün Azərbaycan müstəqil dövlət quruculuğu dövrünü yaşayır və bizim bütün gələcəyimiz bu dövrümüzü necə keçirəcəyimizdən, Azərbaycanın gələcəyi isə onu kimlərin ixtiyarına buraxacağında asılıdır. Odur ki, tam qətiyyətlə deyə bilərik: bizim də, Azərbaycanın da gələcəyi məhz gənclərdən, onların mənəviyyatından, peşəkarlıq, təşkilatçılıq və bilik səviyyəsindən asılıdır. Bu baxımdan, mənim fikrimcə gənclərə iş sahəsində diqqət, ilk növbədə gənclərimizin mənəvi dəyərlərinin, peşəkarlıq, təşkilatçılıq və bilik səviyyələrinin yüksəldilməsinə yönəldilmişdir. Bu sahədə bizim həm ədəbiyyata, həm də tədris sisteminə ehtiyacımız vardır. “Təşkilatçılıq və idarəetmə istedadı” adlı bu kitabı oxuduqda onun yuxarıda sadaladığımız amillər baxımından cəmiyyətimiz üçün zəruri ədəbiyyatlardan biri olduğu qənaətinə gəldim. Bu kitab ilk növbədə gənclərdə təşkilatçılıq, idarəetmə və dünyagörüşü qabiliyyətinin yüksəldilməsinə yönəldilmiş, ondan da mühümi idarəetmənin də, təşkilatçılığın da mənəvi kriteriya və dəyərlərə tam uyğunluğu baxımdan hazırlanmışdır. Bəlkə də, bu müasir dövrün ən aktual mövzularından biridir. Belə ki, mənəviyyatsız cəmiyyətin gələcəyi, mənəviyyatsız idarəetmənin xalqa xeyri ola bilməz. Kitabın digər mühüm və dəyərli tərəflərindən biri odur ki, kitab bütün gənclik dövrünü təşkilatçılıq işinə həsr etmiş və Qərb sivilizasiyasının müasir tempində də öz dəyərini təsdiq edən İslam sivilizasiyasının tarixi töhfəsi-mənəviyyatlı təşkilatçılıq prinsipləri üzrə ömür boyu qazandığı təcrübəsini kağıza köçürmüş şəxslər tərəfindən hazırlanmışdır. Bu baxımdan kitab real həyata tam uyğun və obyektiv surətdə yazılmışdır. Hesab edirəm ki, bu kitabın Azərbaycanda çap olunması, onun Azərbaycan gənclərinə çat-dırılması çox zəruri və yerinə düşən addımlardan biridir, onu öyrənmək, həyatda tətbiq etmək və başqalarına da öyrətmək isə Azərbaycanın gələcəyi üçün məsuliyyət hiss edən hər bir gəncin mənəvi vəzifəsidir. Bu kitabın tərtibi, yazılması, tərcüməsi və Azərbaycanda çap olunması üçün zəhmət çəkmiş bütün şəxslərə təşəkkür edir və Azərbaycan gəncliyi üçün mühüm olan bu addımı alqışlayıram. Ümid edirəm ki, bu iş xeyirli və əhəmiyyətli nəticələrə səbəb olacaqdır.
11.10.2018
Şübhə yox ki, müsəlman mədəniyyətinin əsasını məhz islam əmələ gətirir. İslamın əsasında isə tövhid dayanır. Tövhid Allahın yeganə mütləq yaradıcı, bütün məxluqatın (kainat, təbiət, insanlar...) rəbbi və sahibi olmağına dərin və səmimi imanı ifadə edir. Bu prinsip konkret olub, islam mədəniyyətinə mənsub, yaxud onun yaradılmasında iştirak edən kimsələrdə şəkk-şübhə oyatmamışdır. Onun haqqında şəkk-şübhəni yaxın keçmişdə xristianlaşdırma hərəkatları və şərqşünaslar yaratmışlar. Müsəlmanlara gəlincə, mədəni səviyyələri nə olursa-olsun, hamılıqda sarsılmaz inamla qəbul etmişlər ki, islam mədəniyyəti əsaslı mədəniyyətdir və bu əsası öyrənmək, təhlil və təsvir etmək mümkündür. Həmin əsas tövhiddir . İslam mədəniyyətinin başlıca prinsipi və əsası olaraq tövhidi təhlil etmək bu kitabçanın mövzusunu əmələ gətirir. Tövhid elə prinsipdir ki, islam mədəniyyətinə kimlik bəxş edir, onun bütün elementlərini vahid üzvi sistemdə birləşdirir və biz bu sistemi mədəniyyət adlandırırıq. Ayrı-ayrı elementlərin bir yerə cəm edilməsində rol oynayan mədəni əsas – bu məqamda söhbət tövhiddən gedir – həmin elementlərə özünəməxsusluq qazandırır, daha sonra onları digər elementlərlə həmahəng vəziyyətə gətirir. Bu əsas həmin elementləri mütləq şəkildə dəyişmir, əksinə, mədəniyyət yaratmaq üçün onlara forma verir, bu mədəniyyəti təşkil edən yeni xassələr qazandırır. Əsasın müxtəlif elementlərlə və funksiyaları ilə əlaqəsinin dərəcəsinə uyğun olaraq, köklü və cüzi dəyişikliklər baş verir. Vaxtı ilə bu əlaqə mədəniyyət təzahürlərini müşahidə edib izləyən müsəlmanların diqqətindən yayınmamışdı. Bu səbəbdən onlar tövhidi ən mühüm tədqiqatların ünvanı seçmiş, bütün digər mövzuları ona təhkim etmişdilər. Müsəlmanlar tövhidi digər prinsipləri özündə birləşdirən, yaxud tənzimləyən başlıca prinsip hesab edirdilər. Onların nəzərində tövhid islam mədəniyyətindəki bütün təzahürləri tənzimləyən əsas və ilk mənbə idi. Klassik tərifə görə, tövhid Allahdan başqa ilahın olmadığına etiqad bəsləmək və bunu təsdiqləməkdir. İnkar formasında işlədilən bu söz son dərəcə yığcam olub islamın ən dərin və zəngin məzmununu ifadə edir. Bir cümlədə bütöv mədəniyyət, yaxud bütöv tarix yığcam şəkildə əks olunub. Bəli, bu, bir sözdə, bir təsdiqdə müşahidə etdiyimiz şeydir. İslamdakı növbənövlük, zənginlik, tarix, mədəniyyət, hikmət – bütün bunlar yığcam və məzmunlu bir sözdə – “Allahdan başqa ilah yoxdur” sözündə cəmlənmişdir.
11.10.2018
İbtidai və səthi biliklər əsasında diqqəti cəlb edən məsələlərdən biri də çarmıxaçəkmə etiqadı ətrafında islam və xristianlıq arasında meydana çıxmış kəskin fikir ayrılığıdır. Xristianlıqda çarmıxaçəkmə sevgi və fədakarlığın rəmzi olduğu halda islam bu etiqada yox deyir, onu zəlalət və iftira hesab edir. Adi müşahidəçi bəsit və təhrif edilmiş biliklərlə baş-başa qalır, bu amansız ədavətin mənasını yəqinliklə başa düşə bilmir. Madam ki bu fikir ayrılığı islamla xristianlığın tarixi əlaqələrinin başlıca təzahürü kimi çıxış etmiş və hər iki din arasında meydana çıxmış ədavətin əsasını əmələ gətirmişdir, onda sözügedən problemə bir çoxları kimi ötəri və adi şəkildə toxunmaq düzgün olmazdı. Məsələ hərtərəfli şəkildə öyrənilməlidir. Başlanğıcda tədqiqatçı bu və ya digər tərəfi müdafiə etməyi qarşısına məqsəd qoymamalıdır. Nəzərə almaq lazımdır ki, çarmıxaçəkmə etiqadını rədd edən islam xristianlığı səmavi din olaraq təsdiqləyir, İsa Məsihi peyğəmbər qəbul edir, anası Həzrəti Məryəmə ehtiramla yanaşır. Əgər biz universal mədəni Quran dünyagörüşü əsasında bu başlıca problemə – çarmıxaçəkmə etiqadı probleminə toxunmaq istəsək, məqsədimiz islam və xristianlıq arasında konstruktiv dialoq qurmaq olmalıdır. Çünki söhbət dünyanın iki böyük dinindən, iki böyük mədəniyyətindən gedir. Elə isə məlum problemi diqqətlə təhlil etmək, ciddi şəkildə öyrənmək lazımdır. Elə etmək lazımdır ki, bu iki din arasında qurulacaq konstruktiv dialoq baxımından sözügedən problemə obyektiv münasibət bildirilsin. Qeyd edək ki, məlum dini qarşıdurmanın əsas səbəbini hər iki tərəfdən bir çoxlarının məsələnin mahiyyətini səhv başa düşmələri, qarşı tərəfin mövzu ilə əlaqədar müddəalarının məzmununa fikir verməmələri təşkil edir. Nəticədə bir-birini başa düşmək, ünsiyyət yaratmaq çətinləşir. Bununla yanaşı, Kilsə hələ də islamın “legitimliy”ini qəbul etmək istəmir. Orta əsrlərdən etibarən bu qurum islama qarşıdurma və ədavət əsaslı münasibət bəsləyir. Onu da bilməliyik ki, bu məsələdə (dialoq qurmada) əsas yük biz müsəlmanların çiyninə düşür. Bəli, sonuncu ümumdünya dininin davamçıları olan bizlərin! Çünki xristianlıqla konstruktiv dialoqa qapı açmaq və ünsiyyət yaratmaq lazımdır; həm də ona görə ki, islam lap əvvəldən çarmıxaçəkmə təlimini inkar etmişdir.
Səhifələr 1 2 3 4 5