HAQQIMIZDA

19.06.2017
“İdrak” İctimai Birliyi 29 sentyabr 2006-cı ildə yaradılmışdır. Buna səbəb Azərbaycan cəmiyyətində dinə qayıdış meyllərinin artması olmuşdur. Bu proses bu günə qədər davam edir, lakin bu yolda müəyyən problemlər də ortalığa çıxmışdır. Məsələ burasındadır ki, keçmişdə hakim olan ateizm ideologiyası insanların şüurunu və həyat dəyərlərini, o cümlədən dinə münasibətini, dəyişmişdir. Dinə qayıdış, bizim cəmiyyətdə İslam dininin dəyərləri əsasında düşünülsə də, problemlərin yaranması insanların təhsil səviyyələrinin, sosial təbəqələrinin, həyata baxışlarının müxtəlifliyi səbəbindən yaranmışdır. Buna görə insanlar ilk mərhələlərdə çaşqınlıq hissləri keçirmişdirlər. Məsələ burasındadır ki, onlar həyatlarının dini təlim əsasında necə qurulacağı sualına cavab tapa bilməmişdirlər. Dini xadimlərinin isə arasında bəzi məsələlərə dair ixtilafları baxışları məsələni daha da kəskinləşdirmişdir. Bu isə, öz növbəsində, bəzi ifratçı baxışların meydana gəlməsinə gətirmişdir və cəmiyyətdə müəyyən gərginliyin yaranması ilə nəticələnmişdir. Mötədillik prinsiplərini öz fəaliyyətində rəhbər tutan “İdrak” İctimai Birliyinin yaranmasının səbəblərindən biri də məhz bu amil olmuşdur.

Orta Yol

“İdrak” İctimai Birliyi
19.06.2017
İslamda “Orta yol” prinsiplərini rəhbər tutmağın zərurəti bir tərəfdən müasir zamanın tələblərinə cavab vermək istəyindən, digər tərəfdən isə həm dünyada, həm də müsəlman ümmətində baş verən dəyişikliklərdən yaranmışdır. Mərkəzimizin məqsədi insanları bu yola, ümmətin həqiqi durumunu əks etdirən müasir təbliğat metodlarından istifadə edərək, dəvət etməkdən ibarətdir. Bu iş ümmətin birliyinin təmin edilməsi və onun xırda təriqətlərə parçalanmasının qarşısının alinması nöqteyi-nəzərindən vacibdir. “Orta yol” xətti, mötədillik prinsipləri, İslam dininə əzəldən xass olan xüsusiyyətlərdir və bu barədə Quran ayələri açıq bəyan edir. Mərkəzimiz İslamın əsl mahiyyətinin və mötədillik prinsiplərinin nədən ibarət olması haqqında məlumatın kutlələr arasında təbliğ edilməsi işinə xidmət edir. İctimaiyyəti və elm xadimlərini tolerantlıq, müsəlmanlar arasında anlaşılma, dinlər arası dialoq istiqamlərində əməli addımların atılmasına çağırır. Bununla mərkəz ümmətin parçalanmasına yönəlmiş cəhdlərin qarşısının alınması, dünya müsəlmanları arasında ixtilafların aradan qaldırılması istiqamətində əməli addımların atılmasına çalışır. Bu gün İslam ümməti üçün dünya ilə ünsiyyət yollarının seçilməsi və gördüyü işlərə düzgün qiymətin verilməsi olduqca önəmli məsələdir. Məsələ burasındadır ki, İslam ümməti dünyada öz layiqli yerini tutmalı, nüfuz sahibi olmalı, nailiyyətlər əldə etməlidir. Lakin, bəzi hallarda, bütün bu niyyətlərin qarşısını dözümsüzluk, təəssübkeşlik, biganəlik, məsuliyyətsizlik, tənbəllik kimi mənfi və ziyan verici hallar alır. Buna görə də “Orta yol” prinsiplərinin yolu ilə getmək və onları inkişaf etdirmək bu problemlərin həlli üçün yetərli bir vasitədir. Əslində “Orta yol” – İslamın özüdür, onun mahiyyətidir. Mərkəz mötədillik və tolerantlıq prinsiplərini rəhbər tutaraq, müasir müsəlmanların düşüncə tərzini düzgün yola istiqamətləndirməyi özünün vəzifəsi hesab edərək, ifrat ideyalardan yayınmağa və dinə biganə qalmamağa çağırır. Yeni nəsil müsəlmanları bir tərafdən köklərinə bağlı olmalı, digər tərəfdən isə müasir həyatın tələblərinə uyğunlaşmalıdırlar. Və bu işdə biz öz iştirakımızı əsirgəməyəciyik.