2017-07-25 <<>> 1 Zülqadə, 1438

Radikalizmə və ekstremizmə qarşı mübarizədə mötədillik amili

“Birlik mərhəmət, parçalanma cəzadır” (hədis)

Terrorçuluq və şiddət psixoloji problemlərin sosiallaşmış nəticəsi, demokratiyanın tam əksi hesab oluna bilər. Cəmiyyətdə yeni olmayan bu mürəkkəb problemin mənbələri və təzahür formalarının araşdırılması haqqında mülahizələrdən asılı olmayaraq, sınanmış bir hikmət vardır: bəhərin gözəlliyi niyyətə və fəaliyyətə bağlıdır. Əslində radikalizm və şiddət, ekstremizm və terror dövlət siyasətindəki anomaliyaların eybəcər bəhrələridir.
Terrorçuluq və şiddətə qarşı mübarizə məqsədi ilə cəmiyyətdə dini maarifləndirməyə – hüquq, siyasət, fəlsəfə, psixiatriya, psixologiya, sosiologiya, və s. sahə mütəxəssislərinin fəaliyyətlərinin səfərbər edilməsinə böyük ehtiyac vardır. Dini bilmək bu mübarizənin açarı ola bilər. İslamı öyrənmək, onu dərk edərək yaşamaq radikalizmə və ekstremizmə qarşı mübarizə deməkdir. Qloballaşma və mədəniyyətlərin inteqrasiyası elə bir səviyyəyə çatmışdır ki, bəzi problemlərin həllində inzibati metodlar işə yaramır, dağıdıcı ideyalara qarşı sülh, həmrəylik və birliyi qoruyan fəaliyyət mexanizmləri düşünülməlidir. Azərbaycanın öz siyasətində milli-mənəvi, dini dəyərlərə söykənən fəaliyyəti beynəlxalq sistemdə yaxşı nümunə sayıla bilər.
Dini bilikləri mənimsəmənin iki başlıca mənbəyi vardır: nəqli (müqəddəs kitablar) və əqli-empirik (təcrübədə sınanılmış: peyğəmbərlərin və müdriklərin həyat dərsləri).
Müasir dövrün pəncərəsindən baxarkən İslamın təzahür tarixi çox uzaq görünə bilər. Lakin insanın mənəvi simasındakı əhəmiyyəti, ruhi ehtiyacları baxımından daha yaxın bir fenomen tapmaq hələ də çətindir. Bəli, dünya dəyişir, cəmiyyətin tələb və imkanları, maraqları və inkişaf sərhədləri dəyişir. Lakin daxili sabitlik, fiziki və ruhi balansın tənzimlənməsi, mənəvi rahatlıq və səadət hissi müasir tərəqqi anlayışı ilə nə dərəcədə bağlıdır? Ümumiyyətlə bağlıdırmı? Müasir tendensiyalar, düşüncə inqilabları insanı xoşbəxt edə bilirmi? Bəlkə əksinə, onu daha dərin mənəvi ehtiyac halına salır? Bu kimi suallara birmənalı cavablar vermək çətindir. Lakin bütün aspektlərdə aksiologiyanın bir sınanmış metodu vardır: nəzəri və təçrübi müqayisə. Əlbəttə, qeyri-səlis məntiq ağa da qara deməyə imkan verir. Lakin hər halda anlayışların adı bir çox mətləblərə aydınlıq gətirə, müəyyən şəraitdə, müəyyən məsələnin həllində müəyyən rolu oynaya bilər.
Hər hansı bir nəzəriyyə ilə praktika arasında ən mühüm halqa kimi insan, onun ruhi, fizioloji və intellektual imkanları durur. Əgər bu halqa zəifdirsə, praktik fayda mümkün deyildir. Digər tərəfdən unutmaq olmaz ki, nəzəriyyə də insanı gücləndirməyə və zəiflətməyə qadirdir. Bu iki seçim arasında daha perspektivlisi insana ruhi güc verən mənbələrdir. İslam dini insanı güclü, güvənli və nikbin edən bir mənbədir. Məhz bu mənbədən bəhrələnən Məhəmməd(s) peyğəmbərin həyat dərsləri bəşəriyyət üçün nümunədir. İslama aid bütün anlayışların, hadisə və proseslərin mahiyyətini dərk etmək üçün Quranı və Məhəmməd(s) peyğəmbərin həyatını öyrənmək yetər. Amma öyrənmək üçün maraq, istək və tələb olmalıdır. Cəmiyyətdə bu problemlərin həlli ilə mollalar və ziyalılar məşğul olurlar. Lakin onların təbliğatının meyarı və məqsədi nədir?
Deyilir ki, din qeybə inanmaqdır. Həqiqətən belədir. Lakin “qeybə inanmağın” nəticələri reallıqdır və bu reallıqdan hər kəs məsuldur. İnamla müşayiət olunan hadisə və prosesləri empirik metodlarla dəyərləndirmək mümkündür. Elə ona görə də adətən insanlar inancına görə deyil, əməllərinə görə təltif yaxud ittiham olunurlar. İnancının təsirini isə insan bəsirətlə dərk edir. Bəsirətin mənbəyi isə birdir: Allahın buyurduğu yolla – orta yolla getmək.
Mövzu ilə əlaqədar müraciət olunmuş elmi-fəlsəfi və dini ədəbiyyatların icmalı, təhlillər göstərir ki, «mötədillik» islam dini kateqoriyası əsasən «orta yol» prinsipi kimi xarakterizə olunur. İslamaqədərki dini və dünyəvi düşüncə sistemlərində «qızıl hədd» (1, 356), İslam dinində «vasatiyyə» («mötədillik») (5, 2/143) kəlməsi ilə ifadə olunan bu qaydanın təhlili, cəmiyyət həyatında, müasir qloballaşma və mədəniyyətlərin inteqrasiyası şəraitində onun sosial, fəlsəfi, etik aspektlərdən araşdırılması elmi-nəzəri və praktiki əhəmiyyət daşıyır.
Mötədillik yalnız fərdi etik keyfiyyət deyildir, ictimai dəyərə, sosial mahiyyətə malikdir. Məhz bu cəhətdən hələ İslamdan xeyli əvvəl, b.e.ə. IV əsrdə yaşamış Aristotelin şərhində mötədillik eyni zamanda ictimai fəzilət hesab olunurdu. O, qeyd edirdi ki, şüur, ağıl və müdriklik ölçünü bilməkdən irəli gəlir (1, 357). Mötədil insanların çoxluq təşkil etdiyi cəmiyyət stabil və dayanıqlı olub, bəşəri dəyərləri ehtiva edir. İnsanın fəaliyyətinin tənzimlənməsində mühüm amil olan mötədillik ifrat hədlərdən imtina etmək və orta vəziyyət seçməkdir. Orta vəziyyət insanı hər cür ifratçılıqdan, son həddən qoruyur.
İnsan həyatının stimullarından biri səadət düşüncəsidir. Bu düşüncənin işığında məqsəd və amallar, ömür yolu formalaşır. Öz meyl və arzularında çox da irəlini görməyə qabil olmayan insanda sabah bu gündən daha cəlbedici görünür. Real həyatda isə bunun əksi də ola bilir. Şüur və həyat təcrübəsi insanın həyata daha real münasibətini formalaşdırır. O artıq özü üçün yaxın və uzaq perspektivlər nəzərdə tutur. Yetkin insan yalnız bu dünyadakı həyatı ilə maraqlanmır. Onu ölüm və ölümdən sonrakı həyatı da düşündürür.
Monoteist dinlərin və ilahi risalələrin sonuncusu olan İslam dini qarşılıqlı münasibət və ictimai ələqələr sahəsində Qiyamət gününədək bütün zaman və məkanlar üçün özünün əbədi və yararlı qayda-qanunları, ilahi ehkamları və təsisatları ilə, daim mötədilliyə, barışa, razılığa meyilliyi, anarxiya və çəitnlikləri sadə üsullarla aradan qaldırmaq kimi xüsusiyyətləri ilə seçilmişdir (2, 7). İslam fenomeni ilə əlaqədar mülahizələrdə İslamın mahiyyətini dərk etmək bir problemdirsə, ona münasibət (qərəzli, yaxud mötədil) məsələsi tamam başqa problemdir.
İslam dininə bir elmi-fəlsəfi tədqiqat sahəsi kimi yanaşdıqda istər dünya həyatı, istərsə də axirətlə bağlı bir sıra anlayışları qeyd etmək olar ki, bunlar insanın inamı, əqidəsi ilə bağlı kateqoriyalardır. Məsələn: iman, ibadət, mömin, münafiq, müşriq, kafir, cahil və s. Qəzəb, şəhvət, ağıl, iradə, elm, bəsirət, kəlam və s. isə fitrətlə əlaqədar anlayışlardır. İslam dini kateqoriyaları arasında elələri də vardır ki, sosial mühit, insanın təlim-tərbiyəsi, təhsili və əxlaqi kamilləşmə cəhdləri ilə, yəni dünyəvi, qazanılma keyfiyyətləri ilə bağlıdır (3, 101-112, 115-123). Bu kateqoriyalardan biri mötədillikdir.
«Mötədil» kəlməsi ərəb dilindən azərbaycancaya tərcümədə 1) orta, mülayim; 2) azla kifayətlənən, aza qane olan; 3) mütənasib, simmetrik mənalarını ifadə edir (4, 394). «Mötədillik» ərəb dilində «vasatiyyə» kimi işlənən «vasat» kökündən olub «orta» mənasını ifadə edir. İslam dininin müqəddəs kitabı Qurani–Kərimdə insanlara müraciətlə deyilir: «Beləliklə də sizi orta ümmət etdik ki, insanların əməllərinə şahid olasınız. Peyğəmbər də sizə şahid olsun… Bu sənə ağır görunsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə mehriban və mərhəmətlidir» (5, 2:143). Mükəmməl inkişaf və yetkinlik də ölçünü müəyyənləşdirmək, orta həddi düzgün seçə bilmək qabiliyyətindən asılıdır. Bəzən emosional aktivlik və ifrat təəssübkeşlik zəminində mötədillik aradan qalxır.
XX yüzilliyin ilahiyyatçı alimlərindən olan Axund Hacı Mirzə Əbu Turab Axundzadə «İslamın təfriqəsi səbəbləri» əsərində İslam dini ətrafında baş verən ixtilafların mahiyyətini araşdırarkən, müsəlman həmrəyliyinə mane olan doqquz səbəbi göstərmiş, bu ixtilafların cəmiyyətə vurduğu zərərləri qeyd etmişdir.
Onun nəzərində bunlardan biri Mehdi haqqındakı rəvayətlərdir. O yazır: «O həzrət özü məmur idi, kitabu-allahi-təaliyə tabe və amil olmağa. Belə ki, buyurub: «Tabe ol o kitaba ki, sənə vəhy olunur. Bəs həqiqəti-vaqiədə məhək və mizan və mərkəz Kitabi-Allahi-Kərim, yəni Qurani-Şərifdir» (6, 19). Əbu Turab Axundzadə dəyər etalonuna münasibət bildirərək izah edir ki, indiyədək heç bir müqəddəs vücud, yəni insan heç bir zaman mərkəz və mizan (ölçü və meyar – İ.Z) olmayıb və ola bilməz. Onun fikrincə, bütün zamanlarda mərkəz və mizan ilahi fərman – Allahın kitabı Qurani-Kərim olmuşdur. O aydınlaşdırmışdır ki, dinin izahında yol verilən hər xırda təhrif müsəlmanlar arasına ayrılıq salır ki, bu da İslamın mötədillik və ümmət birliyi məramına ziddir. Xalqın mötədil və həmrəy olması Quranın buyruqlarına sadiqliyi və cəhalətdən elm yolu ilə sıyrılması sayəsində mümkündür.
Müəllif əsərində bütün müsəlman firqələrinin amalının sözdə birlik olmasına işarə edərək bu birliyin nəyə görə əlçatmaz arzuya çevrilməsini, onu xəyala çevirən səbəblərin mahiyyətini dərk etməyə, kökünü araşdırmağa cəhd edir.
O yazır: «Rəsuli-əkrəm vədə buyurduğu Mehdi olmayıb, zurən və iftira özlərinə bağlayıblar. Amma Rəsuli-əkrəm vədə buyurduğu Mehdi o kimsədir ki, Məşariq və Məğarib ərzə malik dini İslami və cəmiyi-ədyana qalib və cəmiyi-məzahibi-müxtəlifəni yer üzündən rəf (dəf) edəcəkdir» (6, 28). Müəllif qeyd edir ki, Peyğəmbərin (s) vəd etdiyi Mehdi o kəs olmalıdır ki, müsəlmanlar arasındakı məzhəb fərqlərini dəf edərək bütün Şərqi və Qərbi tutan vahid İslam birliyinin qələbəsinə nail olacaqdır. Hazırda millət, məzhəb, irq, dil, sinif, qrup və s. fərqlər məhz İslam fenomeninə xas mötədillik prinsipi sayəsində ziddiyyət deyil, plüralizm kimi, müxtəlifliyin, rəngarəngliyin vəhdəti kimi dərk edilir.
Əqidə birliyi sərhəd tanımır, həmrəyliyi «salam» kəlməsi qədər səmimi ifadə edən ikinci kəlmə çətin tapılar. Bəşərin bütün əzab-əziyyəti niyyətin səhvliyi, iman zəifliyi, dünyəvi maraqların dini hissləri üstələməsi, insandakı maddi-mənəvi balansın pozulması, əməlin, rasionallığın qeyri-mötədilliyi ilə bağlıdır.
Hacı Mirzə Axundzadə yazır: «Quranda hər bir məsələdən artıq ittifaq məsələsinə diqqət olunub. O məsələ xüsusunda mütəəddid ayələr vardır, lakin biz müsəlmanlar bu ayələrə əməl etmirik. Əksinə xırda təfərrüatlara aludə olub nifaq, ayrılıq salırıq» (6, 28). O, Peyğəmbərə (s) istinad edilən hər bir hədisin Qurani-Kərim ayələrinə uyğunluğu müəyyənləşdirildikdən sonra təbliğ olunmasını xüsusilə vurğulayır. Çünki Qurani-Kərim İslam ümmətinin yeganə, mötəbər mənbəyidir. Axundzadə bütün müsəlmanları onun ətrafında birləşməyə, düşüncədə, sözdə və əməldə onun ehkamlarına uymağa çağırır (6, 20-21).
Əbu Turab Qurani-Kərimin təfsirini normal hesab etsə də, təvil (yozum) məsələsində ehtiyatlı olmağı məqbul sayırdı (6, 25). Müəllifin mövqeyinə görə İslamda yaranan ixtilafların mənbəyi insanların Qurandan uzaqlaşaraq yozumlara maraq salmalarından irəli gəlir.
Axundzadə hülul – yəni ilahi sifətlərin bəşərdə təcəssüm etməsi ideyasını qeyri-mümkün, tənasüxü (metempsixoz) isə batil hesab edirdi. Deməli bu düşüncələr də mötədillikdən uzaq, qeyri-real təsəvvürləri əks etdirir. Əbu Turab təqlidə mənfi münasibət bəsləyir, təhqiq yolunu bəyənirdi (6, 37). O, Quran ayələrini öz istəklərinə uyğun yozanların müsəlman həmrəyliyinə vurduğu böyük zərərdən bəhs edirdi.
1905-1908-ci illər Azərbaycan mətbuatında, xüsusilə «Həyat» qəzetində dərc etdirdiyi məqalələrində o, soydaşlarını elmə, maarifə və birliyə səsləmişdir. Həyatı boyu mövhümatın, dini fanatizmin əleyhinə olmuş, dindaşlarını İslamın yuksək mənəviyyatına zidd olan əməllərdən uzaq olmağa çağırmışdır. Onun təşəbbüsü ilə Əmircan kəndində birinci qızlar mollaxanası açılmış, başqalarına nümunə olsun deyə qızlarını H.Z. Tağıyevin qız məktəbinə oxumağa qoymuşdur.
Əbu Turab Əmircanda ilk rus-tatar məktəbinin təşkilində yaxından iştirak etmiş, özü də həmin məktəbdə şəriət, hesab, təbiət, coğrafiya və tarixdən dərs demişdir (6, 6). O daim fəqir-füqaraya əl tutmuş, öz mötədil mövqeyi ilə məhəllə və tayfa davalarının qarşısının alınmasında böyük rol oynamışdır.
Axundzadə insanların bir-birinə dəyər verməsinə (subyektiv rəyə) etiraz edərək bu ölçünün yeganə meyarının Qurani-Kərim olduğunu vurğrulayırdı (6, 32). Yalnız nəqli dəyərlər, əsrlərin sınağından keçən ehkamlar müqabilində aparılan dəyərləndirmə həqiqətə yaxın ola bilər. Əks halda insanın sayı qədər zövq və münasibət, müxtəlif yanaşma və nəzərlər içərisində azmaq mümkündür. Mötədillik cəmiyyəti sui-zənn və hüsnü-zənn kimi qərarlar arasında doğru seçim etməyə istiqamətləndirir.
Dövrümüzün problemlərindən biri mədəni universalilərin məzmunu, cəmiyyətdə yeri və təsirinin öyrənilməsidr. Zövqlər və tələblər müxtəlifdir. Dünya alimləri bunların sayı barəsində bir qərara gələ bilmirlər. Keyfiyyət məsələsinə gəldikdə isə müəyyən mövqeləri aydınlaşdırmaq mümkündür. Məsələn, dəyər oriyentləri haqqında yazan f.e.d., prof. İ.Məmmədzadə bildirir ki, «Orta təbəqənin mənəvi oriyentləri dialoqa yol açır. Tolerantlıq bu qrupun əsas dəyər və prioritetini təşkil edir» (7, 138).
Elmi tədqiqatlarda, xüsusilə də kulturoloji, fəlsəfi-etik araşdırmalarda müəyyən dəyər və dəyərlər sisteminə müxtəlif yanaşma meyllərinin şahidi olmaq mümkündür. Digər tərəfdən unutmaq olmaz ki, hər bir mədəniyyətin daşıyıcısı müəyyən zaman və müəyyən dəyər hüdudları çərçivəsində yaşayır.
Allah-Təala insanları azad yaratmışdır (5, 2 : 256). Qəbahəti özünə həyat idealı seçmiş fərd və cəmiyyətlərə fəziləti izah etmək çox çətindir. Əksinə, dinin fəzilətini dərk etməyənlər və anlamaq istəməyənlər də dini əqidə mənsublarını qəbul etmirlər. Məhz bu münasibətlərdə də mötədilliyə riayət olunması cəmiyyətin, bütövlükdə sosial-siyasi mühitin xarakterini müəyyən edir. Mötədil, orta mövqeni tutmaq üçün mühitin dəyərləndirilməsi və ölçünün müəyyənləşdirilməsi vacibdir.
Modern dunyanın heç bir hüquqi, siyasi və etik dəyərlər sistemi fərdin başqasına təcavüzünü dəstəkləmir. Dünya həyatında və cəmiyyət içərisində mövcud olan ikili standartlar mövcud dəyərlər sisteminin tənzimlənməməsi və yaxud idarəçilikdəki naqisliklərlə əlaqədardır. Tarixi təcrübə göstərir ki, fəzilət və qələbə heç də həmişə bir-birini şərtləndirən istilahlar deyildir. Ərəb-müsəlmən mədəniyyətinin əsas xüsusiyyətlərindən bəhs edən Q.E.Fon Qryunebaum yazırdı ki, «Fatehlər özləri ilə daha yüksək məddi mədəniyyət, yaxud istehsal mədəniyyəti gətirməmişdilər» (8, 55).
Makedoniyalı İsgəndər, Çingiz xan, Teymurləng və bir çox ölkələr zəbt etmiş sonrakı ordu bəşçıları tarixdə öz uğurlu yürüşləri ilə məşhur olsalar da, onların futuhatları yalnız hərbi futuhatlar sayılmışdır. Onlar öz fəthlərinin bəhrəsini görməmişlər. İslam fütuhatları isə çoxlu sünbül yetirən elə bir toxum olmuşdur ki, sünbüllərinin hər biri yüzlərlə, minlərlə dən vermişdir. Bu fəthlər bütün dünya qarşısında elmdə və sənətdə yeni üfüqlər açmış, müsəlmanlar hər yerdə yeni mədəniyyət quruculuğunun öndərləri olmuş, elm və mənəviyyat nuru yaymışlar.
Aydın məsələdir ki, İslam yayıldığı sahələrə yeni bir şey gətirmirdi. Bu yenilik mövcud aləmə, köhnə dünyaya sadəcə yeni baxış, yeni yanaşma idi. Məşhur alim Əbu Hamid əl-Qəzali (1058-1112) də əsərlərində insanları əmin etməyə çalışırdı ki, insan var olandan mükəmməlini yaratmağa qadir deyildir. İnsan var olanı ağılla istifadə edərək mədəniyyət v ə sivilizasiyalar yaradır. Əsil elm Allahın yaratdıqlarını öyrənmək və Onun aləmlərə münasibətini dərk etmək, tədqiqatı və araşdırmanı təbiətə zərər vurmadan mötədil aparmaqdır.
İslam dini insanlarin düşüncəsində islahat apardı. Bu islahat nəticəsində insanların təbiətə, cəmiyyətə və idraka münasibəti dəyişdi. İslamın müqqədəs kitabı Qurani-Kərim bəşəriyyətə yeni idrak metodu – mötədil yanaşma aşıladı.
«Əlif, Ləm, Ra (Ey Muhamməd!) Bu Quran elə bir kitabdır ki, onu sənə insanları onların Rəbbinin izni ilə zülmətlərdən nura, həm də yenilməz qüvvət sahibi, hər cür tərifə, şükrə layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik» (5, İbrahim:1).
Sosial-siyasi, iqtisadi, etik sahələrdə mötədilliyə riayət olunması xalqların parçalanmasına yönəlmiş cəhdlərin qarşısının alınması, eləcə də dünya müsəlmanları arasında ixtilafların aradan qaldırılması istiqamətində real nəticələrə gətirib çıxara bilər. İslam dini təcrübəsinin əsas xəttini təşkil edən mötədillik prinsipi cəmiyyət daxilində tolerantlıq, müxtəlif sosial və dini qruplar arasında anlaşma, sivilizasiyalar arası dialoq istiqamətlərində əməli addımların atılmasına səbəb olur. Mötədilliyin sosial mahiyyətinin dərki cəmiyyətdə birlik və həmrəyliyi təmin edən aşağıdakı amillərlə təzahür edir: milli, etnik və dini problemlərin həllində mötədillik; başqa inanc və əqidə sahibləri ilə münasibətlərdə dözümlülük; başqa qurum və təşkilatlarla ortaq əməkdaşlıq; ailə və cəmiyyət problemlərinin (ailə zorakılığı, alkoqolizm, AIDS böhranı və s.) həllində mötədillik; radikalizm, ateizm, dini şüurun təhrifləri və s. problemlərdə mötədillik; syasətdə mötədillik;
Əbu Hamid Qəzali yazmışdır ki, İslamı qorumaq ona əməl etməkdir (9). Din bir sistemdir. Onun ehkamlarından bəzilərini seçərək əməl etmək, digərlərinə laqeydlik göstərmək dəyərlər mənbəyinə hörmətsizlikdən çox, insanların öz-özlərinə zülmüdür. Dinə münasibət birtərəfli olmamalı, kompleks xarakter daşımalıdır, Müqəddəs mənbələr, xüsusilə də Qurani-Kərim o qədər mükəmməldir ki, hər hansı bir ayəyə qarşı diqqətsizlik, yaxud səhlənkarlıq nəinki insanların həyatında, hətta cəmiyyətdə dərin əyinti və böhranlara səbəb olur. Orqanizmdəki çatışmazlıqlar nəsildə anomaliyalara səbəb olduğu kimi, ibadətdəki (sözün geniş mənasında) qüsur və xətalar da dünyəvi fəsadlara, şərə, rəzalətə və sairəyə zəmin yaradır.
Hazırda qloballaşmanın nəticələri barədə əsasən iki konsepsiya mövcuddur. Bunlardan biri mədəniyyətlərin inteqrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, millətlərin və xalqların qovuşaraq «superetnos» yaradacağı barədə olan konsepsiyadırsa, digəri sivilizasiyaların toqquşması, Şərq və Qərb mədəniyyətlərinin dialoqunun qeyri-mümkünlüyü, hətta üçüncü dünya müharibəsinin dini zəmində baş verəcəyi haqqında olan konsepsiyadır.
«Qloballaşma dövründə dinlərarası dialoq və dini dözümlülük» adlı tezisində bu konsepsiyalarda ifratçılığa meylin güclü olduğunu vurğulayan şərqşünas alim G.B. Baxşəliyeva onlardan heç biri ilə razılaşmadığını əsaslandırır (10, 7). Gələcəkdə bu konsepsiyalardan hansının reallaşacağı barədə ehtimal irəli sürmədən belə, İslam dini norma və ideallarının sivilizasiyalar arasında dialoqun gerçəkləşməsi üçün daha əlverişli olduğuna ümid etmək olar. Çünki bəşər tarixi indiyədək mövcud olan bir sıra antiislam proqnoz və ehtimalları, məsələn: Hegelin «İslamın dünya səhnəsindən silinməsi», «Şərqin ətalət və durğunluğa düçar olması» (11, 339) boşa çıxardı. Əksinə, «İslam təkcə dini etiqadlar məcmusu olmadı, o, siyasi təlim, hüquq və əxlaq normaları kimi tanındı» (12, 30).
İslamı dərindən dərk edən insan bu dinin hədəfində geopolitik birliyi deyil, ümumdünya evini, bəşəri həmrəyliyi, müqəddəs kitablarda «Allahın ipi» (5, 2:256) adlandırılan birliyi – müsəlmanlığı görür. Bu siyasi, geopolitik birlikdən daha qlobal məzmun daşıyır.
Müasir dövrün başlıca problemləri bir tərəfdən fərqliliyin, bənzərsizliyin qorunması və uyğunlaşmadırsa, digər tərəfdən təkmilləşmə və tərəqqidir. Dövrümüz ağıl və əxlaqı itirmədən, orijinallıq və inkişafa meyl edərək müasirliyə uyğunlaşmağı tələb edir. İnsanların dini və elmi şüurunun paralel yüksəlməsi nəticəsində təriqət və məzhəb ayrılığı kimi müsəlman birliyinə nifaq toxumu səpilməsinin qarşısı alınır. İnsanların müqəddəs kitabları orijinaldan mütaliə etməsi, ilahi mətnləri elmi, fəlsəfi təhlil etməsi onları bir məntiqə yaxınlaşdırır. Dini islam olanın bir təriqəti vardır – müsəlmanlıq, Qurani-Kərimdə açıq aydın bildirilmişdir.
«Kreativ» şüur yeni dəyərlərlə yanaşı, yeni davranış yaradır. Müasir Azərbaycanda həm patriarxal, həm ənənəvi, həm də liberal əxlaq sisitemi mövcuddur. Gəlirlərin əhəmiyyətini istisna etmədən orta təbəqənin mənəvi, estetik və sosial dəyər olduğunu deməliyik. Zənnimizcə, orta təbəqəni tədqiq edən alimlərimiz onun fərdi əxlaqdan istifadədə məlum mötədillik, azadlıq və qayda-qanunun dəyərlərindən başlanılmasına lazimi qiymət vermirlər (7, 144-148).
Bütün bunlar həm ayrı-ayrı fərdlərin, həm də cəmiyyətin mənafeyinə uyğun prinsiplərdir. Bu prinsiplərdə fəaliyyətin doğru bir səmtə yönəlməsi isə tarazlıq və mötədilliyin gözlənilməsinə bağlıdır. İşdə və münasibətlərdə tarazlığın qorunması insanın imkan və qabiliyyətlərinin, bacarığının nəzərə alınması ilə həyata keçir. Hürriyyət və uğurlu bir fəaliyyət içərisində olan insanlar ancaq mötədilliyi gözləməklə həqiqi xoşbəxtliyə qovuşa bilərlər. Mötədilliyə əsaslanan cəmiyyətdə iqtisadiyyat dirçəlir, sabitlik və mehribanlıq hökm sürür, həm toplum, həm də fərd inkişaf və müvəffəqiyyət yoluna üz tutur, sərvət bolluğu yaranır.
Mötədillik haqq yoludur. O, xeyir, ədalət deməkdir. O, əsil şəriət məsələsi, yüksək mədəniyyət amilidir. Mötədillik fəaliyyətdə harmoniyanı və qarşılıqlı inkişafı və əməkdaşlığı təmin edir. Mötədillik insanların bir-birinə zülm etməsinə, ədavət aparmasına, şərəf və namusuna yaraşmayan çağırışlara qatılmasına, həyat tərzində, ictimai münasibətlərdə kəskin ziddiyyətlər yaratmasına, neqativ hallara düşməsinə imkan yaratmır. İnsanların, təbiətin, cəmiyyətin həyatını alt-üst edən çaxnaşmalar, terror və müharibələr isə ifratçılıq və ekstremizmdən doğur və nəticə etibarilə insanın, dövlətin, sivilizasiyanın sonu labüdləşir.
Əminamanlıq dolu bir həyat yalnız fəaliyyətdə mötədilliyi gözləməklə mümkündür. Bu yol dinin tələblərini dünyəvi tələblərlə uyğunlaşdırmaqdan keçir. Eləcə də cəmiyyətdə fərdi mənafelərin ümumi maraqlar ilə uyğunluğu mötədil siyasət amilinə imkan yaradır.
Müqəddəs Qurani-Kərim bəşəriyyəti təbii, siyasi, iqtisadi, sosial hadisələr barədə, insanların bacarıq, vicdan və etiqad məsələlərində, əzmkarlıqda, haqq işdən yapışmaqda, sivil cəmiyyətə xas olan saleh əməllərdə həmişə bir tarazlığı, müvazinəti gözləməyə çağırmışdır. Bu Qurani-Kərimin “Əsr” surəsində qısaca belə ifadə edilmişdir:
«And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)» (5, 103 : 1, 2, 3).
Səbr etmək qəlbi zorlamaq deyildir. Ətrafdakı hadisə və proseslərə təmkinin hikmətində, imanın nurunda, ağlın süzgəcindən nəzər salmaq, «saçı yatan tərəfə daramaqdır». Səbr qəzavü-qədərin mütləqliyini sınaq və imtahan hesab etməkdir. «Bu qüvvə qəlbin rəvanlığını və sakitliyini mühafizə edir, qoruyur, çılğınlıq, ehtiras, nifrət kimi dağıdıcı enerjinin qarşısını alır. Daxili tarazlıq yarandıqca, beyin rahatladıqca onun yaradıcılıq qüvvəsi daha da artır» (13, 25).
Həqiqətən «Rəhmanın bəndələri o kəslərdir ki, onlar Yer üzərində təmkinlə, təvazökarlıqla gəzər. Cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar» (5, əl-Furqan : 63)
Quranın «girişində» deyildiyi kimi, bizim vəzifəmiz doğru yola yönəlməkdir – «…Allahın nemət verdiyi kəslərin yoluna. Qəzəbə düçar olanların və (haqqdan) azanların yoluna yox!» (5, 1 : 5-6).
İstifadə edilmiş ədəbiyyat
Göyüşov Ziyəddin. Fəzilət və qəbahət. Bakı: «Azərnəşr», 1972, 470 s.
Qloballaşma və İslam (Elmi konfransın materialları) / Bakı: «Nafta-Press», 2004, 46 s.
Zərqanayeva İradə. Qəzalinin fəlsəfi-etik görüşləri. «Təknur», Bakı, 2007, 141 s.
Ərəb və fars sözləri lüğəti. Bakı: Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1966, 1036 s.
Qurani-kərim. Tərc. Ziya Bünyadov və Vasim Məmmədəliyev. Azərnəşr. Bakı, 1992.
Axundzadə əbu Turab axund Hacı Mirzə. peta dunia . İslamın təfriqəsi səbəbləri. Bakı: Azərnəşr, 1993, 103 s.
Fəlsəfə: ensiklopedik lüğət. Bakı: «Azərbaycan ensiklopediyası» nəşriyyat poliqrafiya birliyi, 1997, 520 s.
Грюнебаум Г.Е. Фон. Основные черты арабо-мусульманской культуры. Статья разных лет. Москва: «Наука», 1981.
İmam Gazali. İhyau Ulumid-din. 4 cilddə. 2-ci cild, İstanbul: Bedir yayınevi, 1974-75.
Baxşəliyeva G.B. Qloballaşma dövründə dinlərarası dialoq və dini dözümlülük // İslamda dözümlülük., Bakı: «Nafta-Press», 2006, s. 6-9.
Гегель. Сочинения. Т. VIII, М-Л, 1935.
Козин Н. Вызов или ответ ислама, // Свободная мысль, № 1, 2007.
Lətif qızı Gülşən. Üçüncü yol yoxdur. Bakı: «Ziya-Nurlan», 2006, 196 s.
Конрад Н.И. Запад и Восток. Москва: 1983.
Кулизаде Зумруд. Концептуальные проблемы исследования социокультурного развития (конец ХХ – начало ХХ1 вв). Ч. 1. Баку: «Текнур», 2009, 396 с.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqan
Email: iradazargan@gmail.com

Şərh yaz

*

captcha *