2017-09-20 <<>> 28 Zülhiccə, 1438

Ailədə qadına münasibət: dini, etik aspektlər

Ailə kiçik dövlətdir. Dövlət qanunlarla idarə olunur. Bəs ailə necə? Əlbəttə ailə dəyərləri də qanunlarla qorunur, lakin yazılmamış qanunlarla idarə olunur. Ailənin formalaşması və qorunmasında dini-etik faktorlar heç də az rol oynamır. Ailəyə adət-ənənə, dini dəyərlər və müasir zaman prizmasından baxdıqda qadına münasibətin obyektiv və subyektiv səbəbləri meydana çıxır. Obyektiv səbəblər qadının yaşadığı zaman, qadınlıq funksiyasının ictimai məzmunu ilə bağlıdırsa, subyektiv səbəblər onun ruhi-intellektual fəaliyyəti, davranışı sayəsində yaranan münasibətlərlə bağlıdır.

Obyektin dərk olunması subyektin fəaliyyətinə təsir edir və ona qarşı münasibəti müəyyənləşdirir. Başqalarının çox adi baxdığı hadisə və proseslər qədirbilən tərəfmüqabildə həyat və sevgi motivinə çevrilir. Xalq şairi Xəlil Rzanın öz həyat yoldaşı Firəngiz xanıma həsr etdiyi Gözəlsən şeirindəki kimi:

- Gözəlsən! deyirəm. Maraqlanırsan:

- Söylə axı mənim nəyim gözəldir?

Gözəldir ismətin, utanmağın da.

Əllərin qoynunda dayanmağın da

Gözəldir butalı ağ kəlağayın.

Evində iş lampan, ondördlük ayın,

Zəhmətdən yaranmış səadət payın.

Gözəldir ah çəkib köks ötürməyin.

Mənə öz əlinlə çay gətirməyin.

Qapını üzümə açmazdan öncə

Özünə bir azca sığal verməyin.

Sənlə Mən, bir də ki, dəniz sevgimiz

Dünyada bəlkə də dünyadan gözəl!

Türkan, 3 yanvar 1982 (4, 115-116).

Şeirdə diqqətəlayiq cəhətlərdən biri müəllifin sevimli xanımının yalnız fərdi xüsusiyyətlərinə deyil, həm də ictimai mövqeyinə və şəxsiyyətinə hörmət bəsləməsidir.

Məhəbbət etirafları adətən isti münasibətlərin, xoş təəssuratların, qeyri-adi anların nəticəsi kimi təzahür edir. Lakin tərəflər arasında anlaşılmazlıqlar, ziddiyyətlər yaranarkən belə, rəğbət hissinin azalmaması məhəbbətin bütövlüyündən, qəlbin genişliyindən xəbər verir. Hətta ən gərgin anda belə bu məhəbbət öləzimir. Şair yazır:

Üzümü danlama, mələyim mənim,

Ovcumda açılan çiçəyim mənim.

Başqa bir cismdə, başqa köksdə

Çarpan, çabalayan ürəyim mənim.

Üzümü danlama, üzüm sənindir.

Kəsmə gəl sözümü, sözüm sənindir.

Deyirsən: – Çıxırsan cızığından a!

Çılğınlıq mənimdir, dözüm sənindir.

Danlama bu dünya ölüm, itimdir.

Səndən ayrı düşmək, inan, çətindir.

Bütün suçlarımın, günahlarımın

Bircə səbəbkarı məhəbbətimdir.

Türkan, 3 yanvar 1982 (4, 118).

Deməli mədəniyyət və məhəbbət insanlar arasında ünsiyyətin başlıca amilləridir.

Gözəl süfrə açmaq da daxil olmaqla, D. Yumun nəzərincə hörmətə layiq hər şey bizdə məhəbbətin oyadıcısı rolunu oynayır 5, 344-345). Ən hörmətə layiq olan isə Allahın kəlamı və Peyğəmbərin (s) həyatıdır.

Müasir ailələrdə qadına münasibətdə peygəmbərlər örnəyindən tutmuş, Məcnun.., Otello.., Kərəm.., Hüseyn Cavid.., Xəlil Rza Ulutürk və s. kimi fərqli yanaşmaların şahidi olmaq mümkündür. Gündəlik həyatda və Azərbaycan ədəbiyyatının şifahi və yazılı nümunələrində geniş əks olunmuş personajları sadalamadan, qadına fərqli münasibətin tədqiqat nəticələrinə keçmək istərdim.

İnsan mədəniyyət nümunəsidir. Onda fitri amillər və qazanılmış xüsusiyyətlər sayəsində mədəniyyət formalaşır. O eyni zamanda özü də mədəniyyət yaratma prosesində iştirak edir. Bu isə ünsiyyət vasitəsilə həyata keçirilir. Ünsiyyət sevgisiz mümkün olmadığı kimi, sevgi də mərhəmət hissi ilə əlaqədardır. Qarşı tərəfə maraq və rəğbət olmadan ünsiyyət yaranmaz. Maraq və rəğbət hissi isə müəyyən ruhi və intellektual düşüncə sayəsində yaranır.

Allahın kitabı Qurani-kərimdə kişi və qadının yaradılış məqsədi, onların qarşılıqlı vəzifələri haqqındakı ayətlər üzərində düşünmək və buyrulanlara əməl etmək onlar arasında münasibətlərin yaxşılaşmasına səbəb olur. Cəmiyyətdə qadına münasibətin doğru olması üçün həm kişi, həm də qadın ilahi xilqətlərinin mahiyyətini bilməli, xeyrin ancaq yaradanın onlar haqqında buyurduqlarına əməl etməklə olduğuna inanmalı və dünyadakı vəzifələrini vicdanla icra etməlidirlər..

Platon Ziyafət dialoqunda məhəbbəti müdrikliklə fəzilətin qovuşması adlandırmışdır. Esxilə görə müdriklik çox şey bilmək deyil, lazım olanı bilməkdir (3). İnsanlara nəyin lazım, nəyin lazım olmadığını göstərən ən mükəmməl mənbə isə Quran və Peyğəmbər (s) yoludur.

Boşanma Allah tərəfindən halal buyrulsa da Məhəmməd (s) xanımlarını boşamadan da keçinə bildi. Qurani-kərimdəki qadına zərbə cəzasının Peyğəmbər (s) örnəyində bir aylıq ayrılıq şəklində icrası necə də düşündürücüdür. Nikahındakı qadınların heç birini nə yamanlamış, nə vurmuş, nə də bir şeyə məcbur etmişdi. Onun ən güclü silahı könülləri qazanmaq oldu. O, qadının əmanət, kişinin libası və haramdan qoruyanı olduğunu həyatı ilə sübut etdi. Xasiyyətsiz qadınla da davasız, boşanmadan yaşamanın mümkünlüyünü göstərdi görənlərə. Çünki onun tərbiyəçisi Quran idi.

Ailə quran tərəflərin məqsədləri dəyişməz, özləri isə dəyişilməyə hazır olmalıdırlar. Bu nə deməkdir? Yəni onlar artıq seçim ediblərsə, ən azından öz seçimlərinə hörmət xatirinə səbrli olmalı, qarşı tərəfin dəyişməyinə imkan verməlidirlər. Əslində ilahi dəyərlər prizmasından öz davranışlarına nəzər salmalı, öz nəfslərini tərbiyə etməli və münasibətlərin axara düşməsi, isinməsi üçün dua etməlidirlər. Quranda buyrulur ki, siz dəyişmək istəmədikcə durumunuz dəyişməz.

Özünə münasibətin dəyişməsini istəyən qadınlar ailə həyatında müvəffəqiyyət qazanmış, yaxşı övladlar tərbiyə etmiş, gözəl münasibət və hörmət görən digər qadınlardan örnək götürməli, yaxud mütəxəssisə müraciət etməlidirlər. Çox zaman əksinə olur. Ailələrində hörmət qazanan qadınlardan nümunə götürmək, onların təcrübələrindən öyrənmək əvəzinə, ərlərinin həmin qadınların ərləri kimi olmalarını tələb edir, hətta həmin qadınlara həsəd aparırlar. Unudurlar ki, nemətləri verən Allahdır. Ər də, ailə də, övladlar da, ruzi də Allahın nemətlərindəndir (yaxud ər üçün qadın Allahın əmanətidir), istədiyinə verər və daha da artırar. Başqasına həsəd (1, 4/54), kin, paxıllıq və qəzəb bəsləmək əvəzinə öz həyatının yaxşılaşması üçün çalışmaq və münasibətlərin düzəlməsi üçün Allaha dua etmək doğru olmazmı?

Beləliklə, ailə münasibətlərində 4 məsələ olduqca vacibdir: 1) niyyət, 2) dua, 3) fəaliyyət, 4) səbr.

Niyyətin gözəl (yəni Qurani-kərimin xəbərdarlıqlarına müvafiq – Allah qatında bəyənilən) və aydın olması mühüm məsələdir. Niyyətin həyata keçməsini bol-bol Allahdan diləmək və təvəkkül etməkdə fayda vardır. Bunlarla bərabər ruhi və intellektual imkanlardan istifadə edərək tərəf müqabilinin qəlbini qazanmağa çalışmaq, maddi və mənəvi bağlarla ünsiyyəti inkişaf etdirmək olar. Istənilən problemin həlli üçün müəyyən vaxt tələb olunur. Atalar sözündə deyildiyi kimi: Səbr ilə halva bişər ey qora, səndən. Bəsləsən, atlas olar tut yarpağından.

Səbr etmək zülmə dözmək deyildir. Zülmün, yaxud hər hansı problemin dəf edilməsi müddətinə davam gətirmək, insanın istəyinin Allahın iradəsi sayəsində həyata keçməsini gözləməkdir. Peyğəmbərin (s) səhabələrindən Əbu Zər əl-Ğifari( … 652) arvadı ilə belə razılaşmışdı: Mən özümdən çıxanda sən məni razı sal, sən əsəbi olanda mən səni.

Müasir nəzəriyyələrdən fərqli olaraq, İslam tərbiyə haqqını kişiyə vermişdir. Müşahidə və tədqiqatlar göstərir ki, kişilər qadınlara nisbətən daha konkret və rasionaldırlar. Deməli situasiyanı dəyişməyə və idarəçiliyə daha çox qabildirlər. Lakin bəzən onlar öz iti məntiq və intellektlərindən daha çox fiziki üstünlüklərindən istifadə edirlər. Qadına münasibətdə zorakılığa əl atan kişilərin hərəkətlərini Qurani-kərimdəki ayət (1, 4/34) ilə əlaqələndirmək mübahisəli məsələdir. Çünki zorakılıq epistemioloji problem deyil, nəfslə əlaqəli, psixoloji problemdir. Zorakılıq psixoloji problemlərin sosial ifadəsidir. Qurani-kərimdə buyrulur: Nəfsi Qabili qardaşını öldürməyə sövq etdi, o, Habili öldürdü və bununla da zərər çəkənlərdən oldu (1, 5/30). Həqiqətən də zorakılıqda heç bir fayda yoxdur.

Halbuki Məhəmməd peyğəmbərin (s) əxlaqı gözəl, rəftarı mülayim, əsas tərbiyə metodu söhbət olmuşdur. Məhz söhbət sayəsində qəlbi əlaqə qurulur, ruhi yaxınlıq cilalanır. Məhəmməd (s) Təbəssüm sədəqədir demişdir. Cəlaləddin Rumi isə İnsanın necə güldüyündən ədəbini, nəyə güldüyündən ağlını anlaram – söyləyərkən, təbəssümün həm də sahibinin şəxsiyyət göstəricisi ola biləcəyini vurğulamışdır.

Muhamməd (s) peyğəmbərdən ən çox sevdiyi şey soruşularkən: Namaz, qadın, xoş rayihə – deyə cavab vermişdir. İslamda qadına məhəbbətin bəyan edilməsi ilə yanaşı, bu sevginin ifadə yönləri və konkret sübuti dəlilləri vardır. İslamda qadına məhəbbət yalnız gözəl sözlər, qəlbi vəcdə gətirən qısa müddətli münasibətlərdən ibarət deyildir, əsaslı, etibarlı və qadının müstəqilliyini saxlayan amillərlə qorunur. Müasir əxlaqi-etik, hüquqi normalarla yanaşı, İslama görə ailədə qadına qayğının konkret göstəriciləri vardır: 1) mehr, 2) nəfəqə, 3)əmlakın ayrı olması, 4) vərəsəlik. Əsrlər keçməsinə baxmayaraq hətta müasir ailədə bu prinsiplər nəzərə alınmırsa, artıq qadına münasibət məsələsi aydındır.

1.Mehr. Ərin evlənərkən arvadına verdiyi pul və ya mala mehr deyilir. Mehr qadının hüququ, onun üçün iqtisadi dəstəkdir. Qurani-Kərimdə buyrulur:

Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır (1, 5/5). Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!.. (1, 4/4).

Şəriətə görə mehr vacib, toy xərci, hədiyyə və zinət əşyaları isə ərin istəyi və səxavətinə müvafiq hesab olunur. Mehrin miqdarı üçün hər hansı bir məhdudiyyət yoxdur. Qadın boşanmadıqca onu (mehri) heç kəs, hətta qadının öz valideynləri belə götürüb sərf edə bilməzlər. Quran ayətində boşanma ərəfəsində olan kişilərə müraciətlə bildirilir: Onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!.. (1, 4/20)

2. Nəfəqə. Evli qadının yemək-içmək və ev xərcləri ərinə aiddir. Evin və evdəki əşyaların təmiri də kişinin öhdəliyindədir. Hətta ər və arvad boşandıqda da müəyyən istisnalar mövcuddur. Quranda belə buyrulur: Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində uşağın atasının üzərinə düşür (1, 2/233). Varlı-karlı olan öz varına görə süd haqqı versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq əta edər (1, 65/7).

Ailədə qadına məhəbbət və qayğını ifadə edən ədəblərdən biri də hər övlad doğulanda ərin öz maddi imkanı müqabilində xanımına qızıl zinət əşyası və s. bağışlamasıdır. Azərbaycanda bu mövzuda Mücrü adlı qısametrajlı film də çəkilmişdir. Həmin filmdə ər hər dəfə övladı dünyaya gələrkən xanımına bir qızıl zinət əşyası bağışlayır. İllər keçir, ikinci dünya müharibəsi başlayır, ata davaya gedir və bir daha qayıtmır. Ana yoxsulluqdan əziyyət çəkən ailəni dolandırmaq və övladlarına təhsil vermək üçün zinət əşyalarını satmalı olur, mücrü boşalır. Lakin sonradan mücrü yenidən dolur: bu dəfə övladların ali təhsil haqqında diplomlarıyla.

Filmdə qadına münasibətin sosial mahiyyəti çox gözəl açıqlanmışdır.

3.Əmlakın ayrı olması

İslama əsasən ər işləyərək özünün, arvadının və uşaqlarının dolanışığını təmin etmək məsuliyyətini daşıyır. Qadının gəliri olsa belə, o ailə xərclərini təmin etməyə məcbur deyildir. Ancaq öz istəyi ilə işləyərək və yaxud miras yolu ilə əldə etdiyi gəliri ailə məsrəflərinə sərf edərsə, sədəqə vermiş hesab olunacaqdır. Bundan başqa qadın özünə aid gəlirləri ailə xərclərinə qarışdırmayaraq xərcləmək hüququna malikdir. Özünə aid daşınan və daşınmaz əmlakı mülkiyyətində saxlaya, yaxud qərz (borc) olaraq ərinə verə bilər. Ər öldükdə və ya boşandıqda ona məxsus mal, pul və əşyalar mirasdan kənar hesablanır. Dini mənbələrdə qadının özünə aid evi birgə yaşamaqları üçün ərinə kirayə verə bilməsi də qeyd olunur (İbnül Human, Fəthül-Qədir, III, 321-339; Kasani, Bədai, IV, 14, 15), (2, 847).

4.Vərəsəlik

Hz. Peyğəmbər (s) Süraqə ibn Malikə demişdir: Sənə ən üstün sədəqə haqqında xəbər verimmi? Boşanmış, yaxud əri vəfat edərək sənə pənah gətirən və səndən başqa gedəcək kimsəsi olmayan qızına yiyə durmağındır (İbn Macə, Ədəb, 3, H. 3667).

Allahın kitabına hörmət və və buyruqlarına riayət olan ailələrdə birmənalı şəkildə əzab-əziyyətə yer yoxdur. Əbu Hamid Qəzali (1058-1112) deyirdi ki, Qadına şəhvət yox, şəfqət gözü ilə baxarlar.

Əsrlər keçməsinə baxmayaraq ailədə qadına münasibət İslam dəyərlərinə hörmətlə düz mütənasibdir. Müsəlman ailəsində tərəflər arasında məsuliyyət daha dərindən dərk olunur, halallıq qorunur, sədaqət, ən başlıcası isə münasibətlərdə səmimiyyət və dürüstlük gözlənilir. İslama iman gətirən şəxslər bir qərara gələrkən adətən nəfsinə deyil, müqəddəs kitaba (Qurana) riayət edərlər.

Hazırda ailə institutlarının sarsılma təhlükəsindən ən etibarlı çıxış yolu Quranı öyrənmək və ihya (icra etmək, həyata keçirmək, reallaşdırmaq) etməkdir. Allahın buyurduqlarına əməl etmək, qadağan etdiklərindən çəkinməklə insan özünü və ailəsini, bütövlükdə cəmiyyəti xilas edə bilər. Onun müvəffəqiyyəti, dünya və axirət səadəti Allah kəlamına sədaqəti ilə düz mütənasibdir: artdıqca artar, azaldıqca azalar.

Mətbuatda, efirlərdə yayımlanan ailə münaqişələrinin, zorakılıq və qəddarlıq faktlarının əsas səbəbi mədəniyyətsizlikdir. Mədəniyyət anlayışının əsasında mədinət ən-nəbi (peyğəmbərin şəhəri) kəlməsi durur. Muhamməd (ə) hicrət etdiyi şəhər Yəsribdə yeni dəyərlər sistemi yaratmaqla İslam mədəniyyətinin əsasını qoyduğu kimi, İslam mədəniyyəti də müsəlman şəxsiyyətində təzahür etməlidir. Müsəlman münasibətləri asanlaşdırandır – çətinləşdirən deyil, özünü cəmiyyətə sevdirəndir – nifrət etdirən deyil. İnsan həyatı çox qısa, zamanın, dünya həyatının imtahanları olduqca ağırdır. Allah hər bəndəni doğru yola yönəltsin: nemət verdiklərinin, qəzəbinə gələnlərin yox.

İstifadə olunan ədəbiyyat

Qurani-kərim. Tərc. Z. Bünyadov və V. Məmmədəliyev. Azərnəşr. Bakı, 1992.
2. Dəlilləriylə islam elmihalı. İpəkyolu nəşriyyatı, Bakı: 2010, 917 səh.

3. Göyüşov Z. Fəzilət və qəbahət. Azərbaycan dövlət nəşriyyatı, Bakı: 1972.

4. Xəlil Rza. Ömürdən uzun gecələr. Gənclik, Bakı, 1982.

5.Юм Девид. Сочинения в двух томах, т. 2-ой. Москва, 1966. .

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqan
Email: iradazargan@gmail.com

Şərh yaz

*

captcha *